“Astara sakini Ziyafət Əsgərova şikayət etdi, həbs olundu”

“Ziyafət Əsgərovun sakinlərlə görüş zamanı Fəyaz Əsədov ona şikayət edib ki, qardaşı qızının mənzilindəki oğurluqla bağlı yerli polis məlumatlandırılıb, amma hadisə iki aydır araşdırılmır.”

Source: Foto: google.az


Fəyaz Əsədovun şikayət etdiyi adamın namizədin təşkilatçılarından olduğu bildirilir

Astara rayonunun Şahağacı kənd sakini Fəyaz Əsədovun deputatlığa namizəd Ziyafət Əsgərovla görüşdən sonra həbs edildiyi bildirilir. Bu barədə Meydan TV-yə hazırda həmin bölgədə olan jurnalist Şəmşad Ağa məlumat verib. Onun sözlərinə görə, Fəyaz Əsədov qardaşı qızının mənzilində oğurluq hadisəsindən şikayət etdiyi üçün 10 sutka inzibati cəza alıb:

“Ziyafət Əsgərovun sakinlərlə görüş zamanı Fəyaz Əsədov ona şikayət edib ki, qardaşı qızının mənzilindəki oğurluqla bağlı yerli polis məlumatlandırılıb, amma hadisə iki aydır araşdırılmır. Fəyaz Əsədov deputatlığa namizədə oğurluq edən şəxsi tanıdığını da deyib, çünki oğurluq mallar həmin adamın evindən çıxıb. Ziyafət Əsgərov elə görüşdə polisə deyib ki, adamın problemini həll edin. Bundan sonra Fəyaz Əsədova 10 sutka həbs cəzası verilib. Maraqlıdır ki, adı oğurluqda hallandırılan şəxs namizəd Əsgərovun görüşünün təşkilatçılarından biridir”.

Fəyaz Əsədovun ailəsindən deyilənləri Meydan TV-yə təsdiqləyiblər.

Astara Rayon Polis Şöbəsinin növbətçisi Toğrul Əzizli telefonla suallara cavab verə bilməyəcəyini söyləyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə Meydan TV-yə deyib ki, Fəyaz Əsədov öz qohumlarının şikayəti əsasında yanvarın 12-də saxlanılıb:

“Elə həmin gün Fəyaz Əsədov idarəyə çağrılaraq izahatı alınıb. Ardınca materiallar toplanıb və məhkəməyə göndərilib. Nəticədə məhkəmə onun barəsində xırda xuliqanlıq maddəsi ilə 10 sutka inzibati cəza qərarı çıxarıb”.

Ana səhifəSiyasət“Astara sakini Ziyafət Əsgərova şikayət etdi, həbs olundu”