Vətəndaş deyir ki, əlində bələdiyyənin saxta çıxardığı alqı-satqı sənədi də var
Astara sakini Famil Zahidağa oğlu Bağırov deyir ki, illərdir, haqsızlıqla üzləşir.
“Astara bələdiyyəsi bizə aid torpağı və mülkü saxtalaşdıraraq, başqa adamın adına keçirib. Yeddi il ərzində 1500 ərizə şikayətləri yazmışam, baxan yoxdur”, – şikayətçi Meydan TV-yə danışır.
Famil Bağırovun sözlərinə görə, yerli icra orqanı tərəfindən onlara məxsus daşınmaz əmlak atasının ölümündən sonra saxtalaşdırılaraq, əmisi oğlunun adına keçirilib:
“Ev Astaranın Səməd Vurğun küçəsi 111 ünvanında yerləşir. 1980-ci ildə atam Zahidağa Bağırov Astarada 6 sot torpağı məişət tullantılarından təmizləyərək, istifadə etməyə başlayıb. 1995-ci ildə, Xalq Deputatları Sovetinin (XDS) vaxtında rayon məmurları torpağa mülkiyyət hüququnun verilməsi məqsdilə əraziyə baxış keçiriblər. Sonra XDS işçiləri, yerli icra hakimiyyəti, torpaq şöbəsinin rəisi və şəhər sovetinin sədrinin qərarı ilə torpağın atamın istifadəsinə verilməsinə dair rəsmi sənəd təqdim ediblər”.
Vətəndaş deyir ki, atası 1998-ci ildə orada ümumi sahəsi 30 kvadrat metr olan ev tikib:
“İki otaq və eyvandan ibarət ev idi. 2012-ci ildə əmim Elman Bağırov atamın evdə olmamasından istifadə edərək bizi aldadıb. O vaxt rayonda yalançı bir MMC şirkəti vardı. Həmin MMC-nin işçilərindən biri ilə sövdələşib. Evimizə qeyri-qanuni qiymətləndirmə sənədi çıxararaq, əmim oğlu Rəşad Bağırova təqdim edib”.
“Atam avtomobil qəzasında həyatını itirəndən sonra Astara rayon bələdiyyəsi ilə alqı-satqı ediblər. Sayğacın kodunu dəyişəndən sonra Astara rayon Bələdiyyəsinə 3700 manat ödəniş edərək, torpağı alıb, öz mülkiyyətlərinə çeviriblər. Halbuki, atamın varisi bizik. Atamın “Azərenerji”yə (indiki “Azərişıq) olan illik dövriyyə sənədləri də əlimdədir. Astara Rayon Bələdiyyəsinin saxta çıxardığı alqı-satqı sənədi də məndədir. Məsələ ilə əlaqədar dəfələrlə icra hakimiyyətinə müraciət etmişik, baxılmır. Ümidim yalnız ölkə başçısınadır. Bəlkə o, evimizi geri alar. Hazırda fəhlə işləyirəm, ailəmizi zorla dolandırıram”.
Meydan TV Elman Bağırovla əlaqə saxlaya bilməyib.
Astara Rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti göndərilən sorğu cavablandırılmayıb.
İcra hakimiyyətinə edilən təkrar zəng zamanı bildirilib ki, məsələ rayon bələdiyyəsinə aiddir, onlar da cavablandırmalıdırlar.
Rayon bələdiyyəsindən isə zənglərə cavab verilməyib.