“Öz vicdanlarına uyğun səs verənləri qara siyahıya salmaq əks nəticələrə gətirib çıxara bilər”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Teodor Russopulos Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatna reaksiya verib.
O, AŞPA-nın Azərbaycanın əleyhinə səs verən deputatlarının “persona non-qrata” elan edilməsini Bakının yanlış addımı kimi qiymətləndirib.
Bu barədə avqustun 27-də AŞPA-nın səhifəsində yazılıb.
AŞPA prezidenti deyib ki, Xarici İşlər Nazirliyinin bəyanatı Azərbaycanın Avropa Şurasındakı hazırkı mövqeyini çətinləşdirən və təəssüf doğuran siqnaldır:
“Üzv dövlətlər özlərini demokratiya standartlarına riayət etmək öhdəliyini götürüblər. Odur ki, öz vicdanlarına uyğun səs verənləri qara siyahıya salmaq yalnız əks nəticələrə gətirib çıxara bilər”.
Avqustun 25-də Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə demişdi ki, 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququndan məhrum edilməsinə səs verən deputatlar ölkəyə buraxılmayacaq.
Şvabe Əliyevi diktator, qadağanı şərəf sayır…
Onun ardınca AŞ PA-nın Almaniyadan olan deputatı Frank Şvabe XİN rəsmisinin açıqlamasına reaksiya verib.
Azərbaycanın dövlət başçısı İlham Əliyevi diktator adlandıran deputat daha sonra belə deyib:
“Azərbaycan hökuməti məni “persona-non qrata” elan edib. Bu, o deməkdir ki, mən “arzuolunmaz”am və artıq ölkəyə getməyə icazəm yoxdur. Əgər bir diktator onu “diktator” adlandırdığınız üçün sizə ölkəsinə girişi qadağan edirsə, bu, şərəfdir. Azərbaycanda insan haqlarını, demokratiyanı müdafiə edən, korrupsiyaya qarşı çıxan deputatların başına gələnlər belədir. Bu qadağalar mənimlə bərabər onlarla başqalarına da aid edilib. Ancaq ölkəni tərifləyən, insan haqları cinayətlərini ört-basdır edən tamamilə fərqli deputatlar bol-bol mükafatlandırılıblar. Buraya Bundestaqın deputatları da daxil idi. Korrupsiya işi hələ də davam edir. Bu baxımdan, təəssüf ki, başqa heç nə gözləmək olmazdı”.
Azərbaycanın AŞPA-da fəaliyyəti nə vaxt dondurulub?
Yanvarın 22-də Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.
Səbəb kimi ölkədə artan siyasi həbslər, AŞPA həmməruzəçilərinə qoyulan məhdudiyyətlər, onların siyasi məhbuslarla görüşünə imkan verilməməsi, Laçın dəhlizinə buraxılmaması və AŞPA-nı seçki müşahidəsinə dəvət edilməməsi göstərilir.
Təkliflə Almaniyadan olan deputat Frank Şvabe çıxış edib və qərar səs çoxluğu ilə qəbul edilib.
Bildirilir ki, bu təklifin qiymətləndirilməsilə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi məşğul olacaq. Komitənin öz rəyini təqdim etmək üçün isə 24 saat vaxtı var.
Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək, AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.
Bəyanatı səsləndirən nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, qərarı təşkilatda olan Azərbaycana qarşı ədalətsiz mövqe, islamafob, azərbaycanafob meyllərlə əlaqələndirib.
Bəs Azərbaycanın Avropa ilə əlaqələri nə vaxtdan başlayır?
Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.
Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.
1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.
1996-cı il iyulun 13-də isə Azərbaycanın Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.
1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.
2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.
Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.
Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.