“Turan”ın yazdığına görə, təklif səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.
İclasa sədrlik edən Emmanuelis Sinqeris deyib ki, bu təklifin qiymətləndirilməsilə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi məşğul olacaq.
Komitənin öz rəyini təqdim etmək üçün 24 saat vaxtı var.
Bundan sonra Avropa Şurası Parlament Assambleyası bu məsələni müzakirə edəcək və yekun qərar qəbul edəcək.
“Bizim məruzəçilərimizin Azərbaycana sərbəst çıxışı yoxdur”
Avropa Şurası Parlament Assambleyasının Prezident Komitəsi səviyyəsində Azərbaycana qarşı məhdudiyyətlərin tətbiqi ilə bağlı fundamental qərarın qəbul edildiyi bildirilir.
Bu barədə yanvarın 22-də “European Pravda” nəşri məlumat yayıb.
Məlumata görə, AŞPA ölkədə artan siyasi həbslər, AŞPA həmməruzəçilərinə qoyulan məhdudiyyətlər və AŞPA-nı seçki müşahidəsinə dəvət edilməməsi səbəbindən Azərbaycan nümayəndə heyətinin fəaliyyəti məhdudlaşdırıla bilər.
Təşəbbüslə Almaniyadan olan deputat Frank Şvabe çıxış edib.
O, “X” hesabında yaydığı bəyanatında Azərbaycanda insan hüquqlarının pozulmasının davam etdiyini, siyasi məhbusların sayının artdığını, rəsmi Bakının 7 fevral prezident seçkilərini qiymətləndirmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməkdən imtina etdiyini vurğulayıb.
“Bizim məruzəçilərimizin Azərbaycana sərbəst çıxışı yoxdur. Təkcə həbsxanalara buraxılmaqla bağlı deyil, başqa məsələlərdə də məhdudiyyət var. İndi də seçki müşahidəsinə dəvət etməyiblər. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti buna cavabdehdir”, – Frank Şvabe qeyd edib.
Deputat 2023-cü ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyası məruzəçilərini Laçın dəhlizinə buraxmaqdan imtina etdiyini də vurğulayıb.
Azərbaycanda 7 fevral növbədənkənar Prezident seçkisini ATƏT-in Müşahidə Missiyası, MDB və GUAM-ın nümayəndələri müşahidə edəcəklər.
2000-ci il iyunun 26–28-də AŞPA-nın sessiyasında Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.
Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilk dəfə tamhüquqlu üzv kimi 2001-ci il aprelin 24-27-də Avropa Şurası Parlament Assambleyasının plenar sessiyasında iştirak edib.
Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək.
İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.
Namizədliyi qeydə alnmış şəxslər – ölkə başçısı İlham Əliyev, deputatlar – Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Fuad Əliyevdir.
Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.
Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.
AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.
Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.
Həmin seçkilər də növbədənkənar olub.
İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.