“Bu, yüksək səviyyəli cinayətdir və biz hökuməti dinləyəcəyik, nə edəcəklər”
AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak jurnalist Aytən Məmmədovaya qarşı hücumun araşdırılmasını təqib edəcək.
Bunu “Turan”a Stefan Şennak özü deyib.
“Bu xəbəri eşidəndə şok oldum. Biz AŞPA-nın məruzəçisi olaraq bu məsələni araşdıracağıq”, – Şennak belə deyib. Onun sözlərinə görə, tezliklə AŞPA-ya Azərbaycanla bağlı hesabat yazmalıdırlar:
“Bu, yüksək səviyyəli cinayətdir və biz hökuməti dinləyəcəyik, nə edəcəklər. Biz aydın fəaliyyət və addımlar görmək istəyirik. Dövlət jurnalistləri və azad mətbuatı qorumalıdır. Bu, bir ölkədə demokratiyanın səviyyəsi haqqında sizə məlumat verəcəkdir”.
Bu gün ABŞ səfirliyi də jurnalistə hücumu pisləyib
Səfirlik bildirib ki, jurnalistə hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib:
“Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”.
Günün ikinci yarısında bir qrup jurnalist və redaktor Aytən Məmmədova ilə bağlı Prezident İlham Əliyevə və güc strukturlarının rəhbərlərinə müraciət edib.
Müraciətdə qeyd olunub ki, jurnalistə hücum, söz və mətbuat azadlığına edilən hücumdur:
“Onun boğazına dirənən bıçaq bütün jurnalistlərin boğazına dirənən bıçaqdır”.
Müraciətdə hər bir vətəndaşın təhlükəsizliyini təmin etməli olan ölkə başçısından, eləcə də hüquq-mühafizə orqanlarından tələb olunur ki, Aytən Məmmədovaya qarşı törədilən cinayət əməli düzgün araşdırılsın və işin arxasında dayanmış şəxslər tapılıb cəzalandırılsın.
Jurnalistlər Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlar və beynəlxalq hüquq qarşısındakı öhdəliklərini xatırladaraq əlavə ediblər ki, insan hüquqları və ifadə azadlığı ilə bağlı təzyiqlər bu öhdəlikləri kobud surətdə pozur:
“Halbuki, hüquq tələb edir ki, heç bir jurnalist peşə fəaliyyətinə görə təzyiq və təhdidə məruz qalmamalıdır”.
“Aytən Məmmədova son aylar əsasən “Nərmin işi” kimi tanınan, azyaşlının ölümü ilə bağlı keçirilən bu iş üzrə təqsirləndirilən İlkin Süleymanovun məhkəmə proseslərini obyektiv şəkildə işıqlandırır. Güman edirik ki, o, məhz bu işə görə təhdidlərlə üzləşib. Prezident İlham Əliyev Nərmin Quliyevanın ölümü ilə bağlı işi nəzarətə götürdüyünü söyləmişdi. Hesab edirik ki, prezidentin nəzarətində olan bu məsələnin detallarında jurnalistə təzyiqin motivlərini tapmaq mümkündür”, -deyə müraciətdə qeyd olunub.
Müraciəti jurnalistlər Şəmşad Ağa, Kamran Mahmudov, Aynur Elgünəş, Mehman Əliyev, fəallar Rüfət Səfərov, Zaur Əkbər, Bəxtiyar Hacıyev, Zəfər Əhmədov və digərləri imzalayıblar.
Mayın 8-də gecə saatlarında jurnalist Aytən Məmmədova naməlum şəxsin hücumuna məruz qalıb.
Jurnalistin sözlərinə görə, yaşadığı binanın blokuna girərkən bir nəfər arxasınca gəlib və liftdə bıçağı onun boğazına dirəyib:
“Mənə dedi ki, məhkəmə işi barədə yazmayım. Qızımla hədələdi, amma hansı iş barədə hədələdiyini demədi”.
Jurnalist mayın 9-da Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib.
Bu gün Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb.
Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı gedən məhkəmə işidir.
Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edirdi.