AŞ Nazirlər Komitəsi Azərbaycanı ermənilərə qarşı nifrətə son qoymaq məqsədilə çağırış edib

Avropa Şurası Nazirlər Komitəsi. Mənbə: “Turan”

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı ermənilərə qarşı nifrətə son qoymaq məqsədilə qanunvericilikdə dəyişikliklər etməyə çağırıb.

Komitə bu çağırışı “Ramil Səfərov işi” çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarının icrasını nəzərdən keçirərkən irəli sürüb.

AİHM 2020-ci ilin mayın 26-da qəbul etdiyi qərarında Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi (həyat hüququ) və 14-cü maddəsi (etnik ayrı-seçkiliyin qadağan olunması) üzrə öhdəliklərini pozduğunu müəyyən etmişdi.

Ramil Səfərov 2004-cü ildə NATO-nun təlim kurslarında erməni zabit Qurqen Markaryanı qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbsə məhkum edilmişdi. Səfərov Markaryanı qətlə yetirdiyini etiraf etmiş, ermənistanlı hərbçinin ölkəsini “təhqir etdiyini” bildirmişdi. 2012-ci ildə o, Azərbaycana ekstradisiya edilərək, Prezident İlham Əliyev tərəfindən əfv olunmuşdu. AİHM-in qərarına əsasən, Azərbaycan ərizəçilərə 31 600 manat kompensasiya ödəməlidir.

Nazirlər Komitəsi isə Azərbaycan hökumətinin məhkəmənin qərarını icra etməkdə gecikdiyini vurğulayıb və Konvensiyanın tələblərinə əsasən, ölkənin öhdəliklərini yerinə yetirməli olduğunu xatırladıb.

Komitə konkret olaraq Azərbaycanı təzminatı ödəməyə, Səfərovun əfvinə dair sərəncamı Prezident Administrasiyasının saytından silməyə, ona dövlət vəzifəsi verilməməsini təmin etməyə və verilmiş digər üstünlüklərlə bağlı mövqeyini izah etməyə çağırıb.

Eyni zamanda, Komitə Azərbaycan hakimiyyətini Komitə və Katibliklə dialoqu dərhal bərpa etməyə təşviq edib.

2025-ci ilin avqustunda isə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Sazişin 8-ci maddəsində iki tərəf dözümsüzlük, irqi nifrət, ayrı-seçkilik, separatizm, zorakı ekstremizm və terrorizm kimi halları qətiyyətlə rədd etdiyini və bu hallarla mübarizə aparacağını təsdiqləyib.

Ana səhifəSiyasətAŞ Nazirlər Komitəsi Azərbaycanı ermənilərə qarşı nifrətə son qoymaq məqsədilə çağırış edib