Meydan TV-nin hazırda həbsdə olan əməkdaşları Aysel Umudova və Aytac Tapdıqın ad gününü Kürdəxanı Təcridxanasında qeyd edən baş redaktor Aynur Elgünəşə təbrik məktubları:
“Sevgili müəllimim Aynur Elgünəşə,
Seçdiyimiz peşədə dörd divar arasında ad günü şamı üfləmək qaçılmaz idi. Hər birimiz nə vaxtsa azı bir doğum günümüzü burada keçirəcəyimizi bilirdik. Həbsxanada həmin şam üflənəndə tutulan arzular eynidir – azadlıq.
Mən də sizə azad, uzun və Maksla birgə xoşbəxt həyat arzu edirəm. Ən vacibi arzu edirəm ki, yatanda qapınız çöldən yox, içəridən bağlansın. Azadlıq Sizin haqqınızdır! Yaxşı ki, sizinlə yollarımız kəsişib. Harda olmağımızdan asılı olmayaraq sizinlə eyni damın altında olmaqdan qürur duyuram.
Doğum gününüz mübarək.
Sizi çox sevən “podelnikiniz”
Aysel“.
“Bu gün Bakı İstintaq Təcridxanasının “sançastında” əhval-ruhiyyə yüksəkdir. Bütün “sançast” əhlinin “müəllimə” deyə səsləndiyi Aynur Elgünəşin doğum gününü qeyd edirik. Cəmi 29 nəfər olduğumuz üçün hamıya yetəcək tort payımız var. Aynur müəlliməm, həyatımın dəyişməsində, dönüşməsində elə böyük əməyin var ki. Yaxşı ki, yollarımız kəsişib.
Səni çox sevirəm. Bizi təcridxanada sadəcə divarlar ayırır. Onları yarıb keçmək, sənə toxunmaq, qucaqlamaq istərdim. Bu doğum günündə bir masa arxasında oturmaqdan məhrumuq. Ancaq səninlə yanaşı kameralarda (burada palatada) olmaq, səninlə çiyin-çiyinə dayanmaq mənim üçün bəxtiyarlıqdır. Aynur Elgünəş Azərbaycanın ən böyük müstəqil mediasının baş redaktorudur. Ömrünü doğruları yazmağa həsr edib. Bu gün səni həbsə yollayanlar da böyüklüyünə şübhə etmir. 20 ildən artıqdır həqiqətin yanında şax dayanmaq, bu yolda azadlığından keçmək hər kəsin hünəri deyil. Yazıb yaratdıqların, yetişdirdiyin tələbələrin, media etikasına verdiyin töhfələrlə müstəqil mətbuat tarixində Aynur Elgünəş adını əbədi yaşadacaqsan. Səni susdurmaq üçün həbsə salsalar da, səsin ucalacaq və yaşayacaq. Müəllimim, həmkarım, dostum, “türmə” yoldaşım doğum günün mübarək. İşıqlı simandan təbəssüm əskik olmasın.
Meydanda da, zindanda da yan-yana!
Aytac“.