”Arxamda qohumum yox, dövlətim durmalıdır”

Dializ xəstələri dövlət xəstəxanasında onlardan pul tələb edildiyini söyləyirlər

Source:


Dializ xəstələri dövlət xəstəxanasında onlardan pul tələb edildiyini söyləyirlər

“Bizim müalicəmizin pulsuz olması sadəcə sözdədir. Xəstəxanada bizdən hər xırda şeyə görə pul istəyirlər. Qəpik-qəpik soyuluruq”.

Kürdəmirin Dəyirmanlı kəndinin sakini Elşən Seyidov belə deyir. O, illərdir dializ xəstəsi olduğunu söyləyir. Deyir, həftədə azı 3 dəfə böyrəklərinin yuyulması üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gedir:

“Oradakı aparatlardan istifadə edirəm. Guya dializ xəstələri üçün hər şey pulsuzdur, ancaq elə deyil. Deyirlər də, nə olsun. Hər dəfə xeyli xərcimiz çıxır”.

Getməsəm, zəhərlənmədən ölə bilərəm

Kürdəmirin Şilyan kəndinin sakini Aynur Məlikova da eyni problemdən əziyyət çəkir. O da həftədə 3 dəfə dializə getdiyini söyləyir.

“Getməsəm, zəhərlənmədən ölə bilərəm. Ancaq son vaxtlar gedə bilmirəm. Çünki hər dəfə gedəndə məndən pul tələb edirlər. Pulum yoxdur. Nə qədər etiraz etmək, dalaşmaq olar? İnanın mən bezirəm. Həyatda qalmaq istəyirəm, əvəzində nə qədər əsəb, stress keçirirəm. Əslində ölkədə dializ xəstələrinin müalicəsi pulsuzdur. İnanın, Azərbaycanın qanunları Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında işləmir. Hər dəfə dərmanların alnmasına pul tələb edirlər”.

Aynur Məlikova deyir ki, bu problem aradan qaldırılmasa, pulu olmadığı üçün dializi dayandırmağa məcbur olacaq:

“Bu da mənim 42 yaşımda həyatı tərk etməmlə nəticələnəcək. Qohum-tanış məni xilas etmək üçün əllərindən gələni edirlər. Bir-iki deyil e, həftədə 3 dəfə xəstəxanaya gedirəm. Nə qədər başqaları mənə kömək edəcək? Mənim arxamda qohumum yox, dövlətim durmalıdır. Xəstəyəm, pulum yoxdur. Fakt pulsuz olan bir şeyə görə bizdən pul tələb edirlər. Bu, haqsızlıq, qanunsuzluqdur”.

Həm yollara pulumuz çıxır, həm də xəstəxanaya

“Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında rəhbərlik işdən kənarlaşsa da, dializ xəstələrinin hüquqları pozulmaqda davam edir”, – Kürəmirin Ərəbqubalı kəndinin sakini Mələk Əsgərova belə deyir.

Mələk Əsgərovanın həyat yoldaşı İkram Əsgərov da hər dəfə dializə xeyli xərclərinin çıxdığını söyləyir:

İkram Əsgərov
İkram Əsgərov

“Kürdəmirin ən ucqar kəndlərindən birindən gəlirik. Şəhərdən 45 kilometr məsafədədir. Həm yollara pulumuz çıxır, həm də xəstəxanaya. Üstəlik, əsəblərimiz də qalmayıb artıq. Hər dəfə nə qədər höcətləşmək, mübahisə etmək olar?! Haqqımızı da dava-dalaşla alırıq. Amma yenə də, hər dəfə nə qədərsə ödəməli oluruq, bezmişik”.

Hər dəfə cihazların təmiri və dərmanlar üçün pul tələb edirlər

Mələk Əsgərovanın 1-ci qrup əlilliyi var. Buna görə ayda dövlət ona 155 manat pensiya verir. Bir tərəfdən də böyrək çatışmazlığından əziyyət çəkir:

“Həftədə 3 dəfə xəstəxanaya getməli oluruq. Hər dəfəsində də bir ətək pulumuz çıxır. Baxmayaraq ki, dializ xəstələrinin müalicəsi üçün dövlət proqramı var. Hər şey pulsuz olmalıdır. Ancaq hər dəfəsində məndən cihazların təmiri və dərmanlar üçün pul tələb edirlər. Nə qədər çalışıram verməyim, bir yerdə əsəblərimin pozulmaması üçün təslim oluram. Görün, mən neçə xəstəlikdən əziyyət çəkirəm. Üstünə də stress, əsəb, baş ağrısı, betər günə qalıram”.

Dializ xəstələri üçün olan qanunlar Kürdəmirdə işləmir

1978-ci il doğumlu Nail Azayev də böyrək çatışmazlığından əziyyət çəkir. Kürdəmirin Şilyan kəndinin sakinidir. Deyir, o da digərləri kimi həftədə 3 dəfə xəstəxanaya getməli olur:

“Həftədə 3 dəfə böyrəklərim yuyulur. Xəstəxanada məndən dərmanların alınması və cihazların təmiri üçün hər ay pul istəyirlər. Dializ xəstəsindən pul almağın qanunsuzluq olduğunu desəm də, təsir etmir. Bir sözlə, dövlətin dializ xəstələri üçün olan qanunları Kürdəmirdə işləmir”.

Hər ay dərmanlara və aparatların təmirinə xeyli pul xərcləyirəm

Kürdəmirin Şahbəyli kəndinin sakini Qalib Babaşovun da problemi digərləri ilə eynidir. O da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xidmətindən narazıdır:

“Mən də digər yoldaşlar kimi həftənin 3 günü dializ alıram. İşləmirəm, üstəlik, II qrup əliləm. Hər gedəndə xəstəxanada məndən pul istəyirlər. Verməyəndə üzümə baxmırlar. Dövlət dializ xəstələrini pulsuz müalicə etdiyini deyir. Bu, yalnız kağız üzərindədir. Hər ay dərmanlara və aparatların təmirinə xeyli pul xərcləyirəm. Dializ həkimi Səadət Şirəliyeva xəstələrə laqeyd münasibət göstərir. Günlərlə bizim səhhətimizlə maraqlanmır”.

Xəstələr nə deyir, bilmirəm, qoy onlar deyən olsun

Meydan TV məsələyə münasibət öyrənmək üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Novruzovla əlaqə saxlayıb. Baş həkim əvvəlcə cavab vermək üçün jurnalistləri xəstəxanaya dəvət edib. Sonra isə cəmi 20 gündür baş həkim vəzifəsində olduğunu, dializ şöbəsində olanlarla bağlı heç nə bilmədiyini söyləyib:

Baş həkim Eynulla Novruzov
Baş həkim Eynulla Novruzov

“Əlaqə nömrəsi də yoxdur. Ancaq gəlib yerində aydınlaşdıra bilərsiniz. Mən dializ şöbəsinin həkimi deyiləm. Düzdür, baş həkiməm, ancaq mən o xəstələri görmürəm. Dializ şöbəsindən də heç kimi tanımıram. Xəstələr nə deyir, bilmirəm, qoy onlar deyən olsun”.

Vətəndaş narazıdırsa, müraciət etsin, həll edək

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə bildirib ki, dializ xəstələri dövlətin nəzarətindədir. Dövlət tibb müəssisələrində heç bir həkim dializ xəstəsindən bir qəpik tələb edə bilməz:

“Əgər hər hansı bir vətəndaşdan pul tələb ediblərsə, o, Səhiyyə Nazirliyinin “qaynar xətt”inə müraciət etsin, araşdıraq. Çox maraqlıdır ki, bizi tanıdıqları halda, niyə müraciət etməyiblər. Şikayətçilər hər biri bizə müraciət etsinlər, araşdıraq, həll edək”.

Səfayə Əhmədova əlavə edib ki, başqa problemlərlə bağlı desələr, inanmaq olar, ancaq sırf dializlə bağlı xəstələrdən pul tələb olunmasına inanmır:

“Vətəndaş narazıdırsa, müraciət etsin, həll edək. “Qaynar xətt” də var. Ora da müraciət edə bilərlər, mütləq araşdırılacaq”.

Onlar 13 adda dərman preparatları ilə dövlət hesabına tam təmin olunurlar

“Azərbaycanın bir çox regionunda hemodializ şöbələri açılıb, xəstələrin istifadəsinə verilib. Hazırda Azərbaycanda 38 hemodializ mərkəzində 600 hemodializ aparatı 3312 xəstəyə xidmət edir. Bunlardan 1329 nəfər Bakıda, 1983 nəfər regionlarda tam dövlət hesablı hemodializlə təmin olunublar”.


Səhiyyə Nazirliyi

nin yaydığı məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramına uyğun olaraq 2016-cı ildə Ağsu, Göygöl, Biləsuvar və Qusar rayonlarında hemodializ şöbələri istifadəyə verilib:

“Azərbaycanda hemodializlə müalicə alanlar 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyi tərəfindən tam təmin olunurlar. “Xroniki Böyrək Çatışmazlığı” proramı üzrə 719 nəfərə böyrək köçürülüb. 2017-ci ildə isə daha 54 nəfərə böyrəkköçürmə əməliyyatı aparılıb. Onlar 13 adda dərman preparatları ilə dövlət hesabına tam təmin olunurlar”.

Ana səhifəBölgə”Arxamda qohumum yox, dövlətim durmalıdır”