“Artsax var idi, var və olacaq”, – bu sözləri Bakı Hərbi Məhkəməsində son sözlə çıxış edən Qarabağda yaradılmış keçmiş separatçı qurumun “dövlət naziri”, hazırda Azərbaycanda həbsdə olan erməni məhbus Ruben Vardanyan deyib. O, hələ hökm oxunmamış son prosesdə yekun sözlə çıxış edib və məhkəməni “ədalətin imitasiyası” adlandırıb.
Fevralın 10-da Bakı Hərbi Məhkəməsində keçirilən açıq məhkəmə prosesi hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə baş tutub.
Təqsirləndirilən şəxs rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunsa da, o, məhkəmə boyunca özünü müdafiə etməkdən imtina edib. Ailəsinə göndərdiyi audio mesajda bildirib ki, proses ədalətli məhkəmənin əsas standartlarına cavab vermir və buna görə də bu prosesi real məhkəmə hesab etmir.
Vardanyan çıxışında “ləyaqət, məsuliyyət və sülh” mövzularından danışıb, həmçinin Azərbaycan şeirlərindən parçalar oxuyub. Dediyinə görə, oxuduğu şeirlərdən biri XVI əsr şairi Füzulinin rus dilinə tərcüməsi olub və bunu “daha çox Ermənistanla bağlı” kimi izah edib.
Vardanyan Ermənistanın Azərbaycandan yanacaq idxalına işarə edərək deyib: “Bir parça çörək üçün, hətta bir qatar benzin üçün belə, xidmətçi olmayın”.
Onun sözlərinə görə, tərəflərdən biri digərinin qarşısında alçaldılarsa, sülhdən söhbət gedə bilməz və Azərbaycanla Ermənistan yalnız bərabərhüquqlu qonşular kimi mövcud ola bilər.
Vardanyan çıxışı zamanı üç dəfə “Artsax mövcud olub, mövcuddur və mövcud olacaq” ifadəsini səsləndirməyə çalışıb.
O, “erməni xalqını burada təmsil etməkdən qürur duyduğunu” deyib və veriləcək hökmü sakit qarşılayacağını bildirib. Bununla yanaşı, Azərbaycan hakimiyyətini “həqiqətən uzunmüddətli sülh üçün əsas yarada biləcək real məhkəmə prosesi aparmaq fürsətini qaçırmaqda” ittiham edib.
Vardanyana yaxın günlərdə həbs cəzası veriləcəyi gözlənilir. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilir.
Fevralın 5-də Qarabağdakı keçmiş separatçı qurumun bir neçə təmsilçisinə hökm oxunub. “Dağlıq Qarabağ Respublikasının keçmiş prezidenti” Arayik Harutyunyan, keçmiş “müdafiə naziri” Levon Mnatsakanyan, keçmiş “parlament sədri” David İşxanyan, “müdafiə nazirinin keçmiş müavini” David Manukyan və keçmiş “xarici işlər naziri” David Babayan ömürlük həbs cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan yaşlarına görə ömürlük deyil, 20 il həbs cəzası alıblar. Madat Babayan, Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan, Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan, Erik Qazaryan 15 il azadlıqdan məhrum edilib.
Fevralın 9-dan regionda səfərdə olan ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Yerevanda və Bakıda məhbusların azad olunmasını müzakirə edib. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu yerli mediaya təsdiqləyib və bildirib ki, Vensin Yerevana səfəri zamanı Bakıda həbsxanalarda saxlanan erməni məhbusların azad olunması məsələsi müzakirə edilib.
Yanvarın 14-də Bakıda saxlanılan dörd erməni məhbus Ermənistana qaytarılıb. Ermənistan tərəfi hazırda Azərbaycanda daha 19 erməni məhbusun saxlandığını bildirir.