Artan pensiya nəyə yetəcək?

Foto: By Matej Kastelic/Shutterstock

“Pensiyaçıların gəlirini dayanıqlı artırmaq üçün pensiya məbləğinin özü yüksək olmalıdır”

Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilərək artırılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 2023-cü il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq bütün növ əmək pensiyaları artırılıb. Bu göstəriciyə uyğun olaraq 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların artırılması həyata keçiriləcək.

Pensiya kapitalı isə 2023-cü il üçün inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq pensiyalar 11,2 faiz indeksləşdirilməklə bu il yanvarın 1-dən artırılıb.

Pensiyalar nə qədər artacaq?

İqtisadi paylaşımlar edən “Çəpəki” “Telegram” kanalı yazır ki, mövcud qaydalara görə, Azərbaycanda hər il pensiyalar biröncəki il ölkədə orta aylıq əmək haqqı neçə faiz artıbsa, o qədər indeksləşdirilir. Yəni, artırılır:

“Bu gün açıqlandı ki, 2023-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı 11.2 faiz artıb. Deməli, 2024-cü ildə pensiyalar da eyni qədər artacaq. Məsələn, hazırda 300 manat pensiya alan şəxsin pensiyası 333 manat 60 qəpik olacaq”.

İnflyasiya, Horst-Koenemund/shutterstock

Bu artım pensiyaçıların sosial rifahını yaxşılaşdırmaq üçün yetərlidirmi?

Rəsmi rəqəmlərə görə, 2023-cü ildə Azərbaycanda inflyasiya 8.8 faiz olub. “Çəpəki” yazır ki, ilk baxışdan indeksasiya rəqəminin inflyasiyadan çox olduğu görünür, lakin elə deyil:

“Nəzərə almaq lazımdır ki, 8.8 faiz inflyasiya orta rəqəmdir. DSK-nın digər hesabatlarından görürük ki, aztəminatlı əhalinin istehlakında qida xərcləri daha çox yer tutur. Rəsmi rəqəmlər isə göstərir ki, qida inflyasiyası (9.8%) ümumi inflyasiyadan (8.8%) daha yüksəkdir. Bu baxımdan, pensiyaçıların hiss etdiyi inflyasiya ölkə ortalamasından daha yüksəkdir, çünki onların əksəriyyətinin gəliri bir o qədər də yüksək deyil”.

Bir müddət öncə rəsmi olaraq ölkədə median pensiyanın 360 manat olduğu açıqlandı. Bu, o deməkdir ki, pensiyaçıların yarısı 280-360 manat arasında pensiya alır.

“Bu baxımdan, 11.2 faizlik artım ən yaxşı halda inflyasiyaya bərabər artım ola bilər. Pensiyaçıların gəlirini dayanıqlı artırmaq üçün pensiya məbləğinin özü yüksək olmalıdır. Əgər məbləğ özü yüksək olsa, inflyasiya qədər artımı qənaətbəxş hesab etmək olar. Bunun üçün isə ən vacib məqamlardan biri 144 ay məsələsidir. Yəni, hazırki qaydalara görə, pensiya məbləği şəxsin topladığı pensiya kapitalının 144-ə bölünməsi ilə hesablanır”, – “Çəpəki” yazır.

Həmçinin qeyd edilir ki, sırf 65 yaşında pensiyaya çıxanların pensiya müddəti hesablansa, bu müddət daha aşağı olacaq:

“Məsələn, əgər sizin hazırda pensiya kapitalınız 50 min manatdırsa, hökumət bu məbləği 144-ə bölür və 347 manat pensiya almış olursunuz. Ancaq həmin məbləğ məsələn 96-ya bölünsəydi, pensiya məbləğiniz 520 manat olacaqdı. Bu baxımdan, vətəndaşların real orta pensiya alma müddətinin nə qədər olduğunun dəqiq hesablanması yüksək pensiya üçüb çox vacibdir”.

Yanvar ayının artımları nə zaman ödəniləcək?

Vüqar Bayramov
Vüqar Bayramov. Foto: arxiv

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.

“İndeksləşdirmə, artımlar bütün növ əmək pensiyalarına şamil olunur.
“Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq”
.

Ana səhifəİqtisadiyyatArtan pensiya nəyə yetəcək?