“Artan minimum pensiya 2013-cü ildəkindən aşağıdır”

Qubad İbadoğlu deyir ki, əslində 200 manat özü də minimum pensiya üçün kifayət qədər aşağı məbləğdir

Foto: arxiv


Gürcüstan və Ermənistandakı pensiya məbləğləri nə qədərdir?

Oktyabrın 1-dən Azəraycanda pensiyaların minimum məbləği artır. 25 faizlik artımla minimum pensiya 160 manatdan 200 manata qalxır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, artım 660 min pensiyaçını əhatə edəcək. Buna görə 216 milyon manat, oktyabr-dekabr ayları üçünsə 62 milyon manat xərclənəcək.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, yeni artım 2013-cü illə müqayisədə 10 dollar aşağıdır. İqtisadçı təklif edir ki, 2020-ci il yavarın 1-dən pensiyaların minimum məbləği 250 manata qaldırılsın ki, yaşlı əhali heç olmazsa, 2013-cü il səviyyəsində təqaüd ala bilsin:

“2013-cü ildə Azərbaycanda minimum pensiya 100 manat idi. Çevirəndə 127 dollar edirdi. İndi minimum pensiyanı qaldırıb, 200 manat edilər. Bu məbləğ isə hazırkı kursla 117 dollar edir. Yəni 2013-cü illə müqayisədə 10 dollar azdır”.

Qubad İbadoğlu deyir ki, əslində 200 manat özü də minimum pensiya üçün kifayət qədər aşağı məbləğdir. Çünki son 5 ildə bir neçə dəfə devalvasiya olub və manat xeyli dəyər itirib:

“Nəticədə, dollara çevirəndə indiki artımlı minimum pensiya əvvəlki aşağı minimum pensiyadan az çıxır. Bu illər ərzində ərzaq, dərman, nəqliyyat və başqa sahələrdəki qiymət artımlarını nəzərə alsaq, aşağıdır”.

İqtisadçı sual edir: Azərbaycanda pensiyaçıların istifadə etdiyi məhsullar nələrdir?

Qubad İbadoğlu
Qubad İbadoğlu

“Əlbəttə meyvə və tərəvəz istisna olmaqla, onlara ən çox lazım olan dərman məhsullarıdır. Bu məhsulların da əksəriyyəti ölkəyə idxal olunur. Dolların hazırkı məzənnəsinə uyğun olaraq satışa çıxarılır. Deməli, pensiyaçıların istehlak etdiyi məhsul və xidmətlərin qiymətləri 2013-cü illə müqayisədə əhəmiyyətli dərəcədə bahalaşıb. Azərbaycanda minimum pensiyanın hazırkı alıcılıq qabiliyyəti artmayıb, əksinə, azalıb”.

Qubad İbadoğlu deyir ki, bu, gerçəklikdir. Rəsmi rəqəmlərdən irəli gələn qənaətdir:

“Məncə, 2020-ci ilin yavarın 1-dən pensiyaların minimum məbləği minimum əmək haqqı səviyyəsinə (250 manata) qaldırılsın ki, yaşlı əhali 2013-cü il səviyyəsindəki təqaüdü ala bilsin”.


Gürcüstan hökuməti

2019-cu ildə büdcə xərclərinə qənaət etmək məqsədilə, Prezident Administrasiyasında çalışan 140 nəfərin 80 nəfərini ixtisar edib. Administrasiyada bu ildən 60 nəfər çalışır. Qənaət olunmuş vəsait isə pensiya islahatları çərçivəsində yaradılan yeni struktura – “Pensiya Agentliyi” ictimai hüquqlu hüquqi şəxsə veriləcək.

Beləliklə, 2019-cu ildə Gürcüstan hökuməti də minimum pensiya məbləğini 20 lari (təxminən 7 dollar) artırıb. Artımla pensiya məbləği 200 lariyə (təminən 68 dollar) çatıb. Bu ölkənin pensiya xərcləri 2019-cu ildə 2 milyard lariyə çatıb. Bu, 2018-ci illə müqayisədə çoxdur. 2018-ci ildə pensiyalara 1,7 milyard lari xərclənib.

Digər Qafqaz ölkəsi olan

Ermənistan

da da 2019-cu ildə qocalığa görə ödənən pensiya artırılıb. İndi onlar dövlətdən əvvəlki kimi 16 min dram (33 dollar) yox, 25 min 500 dram (52,5 dollar) pensiya alacaqlar.

Artım 2019-cu il yanvarın 1-dən tətbiq edilib və 85 min nəfər Ermənistan vətəndaşını əhatə edir.

Hazırda Azərbaycandakı minimum pensiyanın məbləği 160 manatdır (94 dollar). Bu məbləğ belə qonşu Gürcüstan və Ermənistandakından çoxdur. Ancaq iqtisadçılar daim açıqlamalarında bildirirlər ki, nə Ermənistan, nə də Gürcüstan Azərbaycandan varlı ölkə deyil. Həmin ölkələrin nefti yoxdur. Neft ölkəsi olaraq Azərbaycandakı təqaüd və yaşam şərtləri aşağı səviyyədədir.

Ana səhifəİqtisadiyyat“Artan minimum pensiya 2013-cü ildəkindən aşağıdır”