“Prezident uyğunsuz hesab etdiyi qanunlara veto qoya bilmir”
Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib.
Armen Sarkisyanın istefa bəyanatı dövlət başçısının saytında yayımlanıb.
Armen Sarkisyan bəyanatında 1990-cı illərin əvvəllərində ciddi geosiyasi dəyişikliklər nəticəsində xalqının müstəqil dövlətini yaratmaq üçün geniş imkanlar əldə etdiyini bildirib:
“Bizim missiyamız bir bayrağı digəri ilə əvəz etmək deyil, əsrlər sonra ermənilərin təhlükəsizliyini, tərəqqisini və firavanlığını bir daha təmin edəcək bir ölkə qurmaq idi. Bu tarixi fürsətdən ruhlanaraq mən də bir çox soydaşlarım kimi özümü bu missiyaya həsr etdim. Müxtəlif səbəblərdən müxtəlif mərhələlərdə iştirakım dəyişdi, lakin mən son ümummilli uğurumuza inanmağı dayandırmadım. Ermənistan prezidenti olmaq təklifinə razılığımın əsas səbəbi də bu idi. Bu mühüm qərarı qəbul edərək mənə verilən təklifdən çıxış etdim. Çünki yeni prezident institutunun xarici siyasətə, iqtisadi, investisiya siyasətinə, diasporla əlaqələrə təsir alətləri, imkanları olacağını düşünürdüm”.
O, daha sonra istefa qərarını daxili və xarici siyasətə təsir vasitələrinin olmaması ilə əlaqələndirib:
“Bizdə paradoksal vəziyyət yaranıb ki, prezident dövlətçiliyin qarantı olmalıdır. Lakin bu gün Ermənistanda prezident müharibə və ya sülh məsələlərinə təsir edə, uyğunsuz hesab etdiyi qanunlara veto qoya bilmir”.
A.Sarkisyan istefa qərarının emosional deyil, müəyyən məntiqdən irəli gəldiyini vurğulayıb.
“Biz formaca parlamentli respublikayıq, məzmunca yox. Mənim təklifimdə məqsəd bir idarəetmə formasından digərinə (parlamentdən yarı-prezident və ya prezidentliyə) keçmək deyil, təmkinli dövlət sistemi və tarazlıq sistemi yaratmaq idi. Əks təqdirdə, əhəmiyyətli nailiyyətlərdən danışmaq çətindir, çünki tərəqqi və uğur yalnız proqnozlaşdırıla bilən, harmonik sistemdə əldə edilə bilər. Mən şadam ki, Konstitusiyaya dəyişikliklərlə bağlı komissiya yaradılıb, buna görə hökumətə təşəkkür edirəm. İnşallah, sonda konstitusiya dəyişiklikləri ediləcək və gələcək prezident və prezident institutu daha balanslı, sistemli bir mühitdə işləyə biləcək”, – deyə o qeyd edib.
Armen Sarkisyan parlament tərəfindən seçilən ilk prezident idi.
İxtisasca fizik olan A.Sarkisyan ötən əsrin 90-cı illərində Ermənistanın Böyük Britaniyada, Avropa və Avropa İttifaqında Belçika Krallığında, Vatikanda və Lüksemburqda səfiri olub.
2018-ci ilin martın 2-dən prezident vəzifəsini daşıyırdı.
Ermənistan Konstitusiyasına görə, yeni prezident seçilənə qədər dövlət başçısının vəzifəsi parlamentin sədridir.