Arif Əliyev: Nazirlər Kabinetinin qərarı qeyri-qanunidir və media azadlığına məhdudiyyətdir

“Amma elə etməliydilər ki, “nə şiş yansın nə kabab”. Amma bu qərar kababı da yandırır”.

Foto: Nazirlər Kabineti


Ələsgər Məmmədli: “Ancaq əmək müqaviləsi qeydə alınanlar kənara çıxa bilər” ifadəsinin heç bir hüquqi dayanıqlığı yoxdur”

Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimi ilə bağlı xəbərdarlıq edib.

Bildirilib ki, vətəndaş elektron sistemdə əmək müqaviləsinin olmadığı təqdirdə, yanlış məlumatı icaze.gov.az portalına daxil edən və ya saxta sənədi verən qurum və ondan istifadə edənlər barədə qanunvericiliyə uyğun olaraq ölçü götürüləcək.

Səbəb kimi fəaliyyətinə icazə verilən bəzi hüquqi və fiziki şəxslərin karantin rejimi pozduqları göstərilib:

“Onlar kənar vətəndaşların adlarını icaze.gov.az portalına daxil etməklə, həmçinin bir sıra kütləvi informasiya vasitələri əməkdaşları olmayan ayrı-ayrı şəxslərə saxta vəsiqələr verməklə onların maneəsiz hərəkətinə şərait yaradır və xüsusi karantin rejiminin tələblərini kobud şəkildə pozurlar. Xüsusi karantin rejiminin tətbiqinə nəzarət edən aidiyyəti qurumlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” elektron sisteminə müraciət etməklə istənilən şəxsin əmək fəaliyyəti barədə müvafiq məlumat əldə etmək imkanına malikdirlər”.

Hüquqşünas Ələsgər Məmmədli açıqlamada ciddi yanlışlıq olduğunu düşünür.

Ələsgər Məmmədli Meydan TV-yə bildirib ki, jurnalistlərin hökmən əmək müqaviləsi ilə fəaliyyət göstərmələrinə dair hər hansı qanun yoxdur. O qeyd edib ki, jurnalistlər müxtəlif mətbuat orqanlarında könüllü, xüsusi müqavilə ilə və yaxud özəl şəxs kimi də qeydiyyatdan keçmədən məhsullarını yaya da bilir.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Yəni hüquqi baxımdan bunların heç birinə məhdudiyyət yoxdur. Hüquqi baxımdan məhdudiyyət olmayan formanı Nazirlər Kabinetinin qeyri-hüquqi, qanuna istinad etmədən qərar şəklində tətbiq etməsi media azadlığı üçün yolverilməzdir”, – hüquqşünas deyib.

O, hökumətin indiki vəziyyətdə tətbiq etdiyi “Yoluxucu xəstəliklər və salamatlıq haqqında” qanununu xatırladaraq bildirib ki, sənəddə xüsusi müddəa var ki, jurnalistlərin fəaliyyətinə tam şərait yaradılmalıdır və onların informasiya toplamasına tam dəstək verilməlidir.

“Belə olanda halda “ancaq əmək müqaviləsi qeydə alınanlar kənara çıxa bilər” ifadəsinin heç bir hüquqi dayanıqlığı yoxdur. Çünki jurnalistlər yalnız müqavilə ilə işləmirlər. Onlar “frilans”, bloger kimi hansısa məhsulunu harasa göndərə də bilirlər. Həm də ölkədə çoxlu elektron media da var, onların bir çoxunda qeydiyyat şərti yoxdur və domen almaqla fəaliyyət göstərmək olur. O da ayrı məsələdir ki, şəxsin domeni var, onunla informasiya yayır və çox geniş oxucu kütləsi var. Belə olanda əmək müqaviləsinə ehtiyac da yoxdur, çünki domeni könüllü olaraq saxlayır, fəaliyyət göstərir. Yəni jurnalistika fəaliyyəti könüllü və peşəkar fəaliyyət kimi də ola bilər. Blogerlər isə könüllü jurnalistika ilə məşğuldurlar, onlara buna görə kimsə pul vermir, amma ictimai əhəmiyyətli hadisələri çəkib yayırlar. Ölkədə bunu məhdudlaşdıran hüquqi norma da yoxdur. Belə olan halda informasiya toplamaq məqsədi ilə hərəkət edənlərə hər hansı məhddiyyətin qoyulması yolverilməzdir”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, “Pressklub” saytının rəhbəri Arif Əliyev deyib ki, hökumətin narahatlığını qəbul edir, amma Nazirlər Kabinetinin bu formada qərarı media azadlığına məhdudiyyətdir və qeyri-qanunidir:

“Xüsusi ilə Azərbaycanda blogerlər, bir sıra xarici ölkələrin nümayəndələri və “frilans” jurnalistlər var ki, onları ancaq əmək müqaviləsi ilə məhdudlaşdırmaq düzgün deyil. Əslində, hökumətin bu qərarı problemin qarşısını almayacaq”.

Arif Əliyev
Arif Əliyev

Arif Əliyev qeyd edib ki, bir sıra redaksiyalar sənəd satdıqlarından hökumət bu qərarı verib:

“Amma elə etməliydilər ki, “nə şiş yansın nə kabab”. Amma bu qərar kababı da yandırır. Bilirsiniz, indiki vəziyyətdə belə redaksiyaların nə qədər olduğunu bilmirik, bu məsələ müzakirədən keçməlidir. Məsələn, əgər yüz minlərlə insan SMS-lə çıxmaq üçün müraciət edirsə, burda da maksimum 2-3 min jurnalist üçün müraciət edilə bilər. Onsuz da Azərbaycanda peşəkar jurnalist çox deyil. Bu, çox həssas məsələdir. Çünki qeydiyyatdan keçmək “frilanslara” və xarici KİV-lərdə işləyənərə problem yaradacaq. Ona görə məsələnin bu tərəfini də düşünmək lazımdır”.

Ana səhifəSiyasətArif Əliyev: Nazirlər Kabinetinin qərarı qeyri-qanunidir və media azadlığına məhdudiyyətdir