“Tarixin bütün səhifələri xalqa göstərilməlidir”
100 il əvvəl, bu gün, aprelin 28-də bolşevik qoşunları Bakıya daxil olub və Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edilib. Qırmızı ordunun paytaxta daxil olması ilə 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayıb.
Həmin gündən bir əsr ötsə də hadisəyə birmənalı yanaşmayıb, onun işğal olmadığını deyənlər var. “Yalama” sənədli povestinin müəllifi Arif Əliyev Meydan TV-ə müsahibəsində həmin məsələlərə münasibətini bildirib:
–
Arif bəy, “Yalama” əsərin oxuyan bir sıra sol düşüncəli insanlar iddia edirlər ki, XI orduya qarşı heç bir müqavimət olmayıb. Onlar çox rahat şəkildə Bakıya gəliblər. Siz hansı dəlillərlə bolşevik ordusuna qarşı müqavimətin olduğunu əsaslandıra bilərsiniz?
– Təbii ki, yetərincə sənədlər var və bunlar əsər əsasında çəkilən filmdə öz əksini tapıb. Zirehli qatarlar qrupunun komandiri Yefremov və siyasi məsələlər üzrə müavinin xatirələri var. Xatirələrdə döyüş təsvir olunur. Əməliyyatda iştirak edən başda Mikoyan, Musabəyov olmaqla kommunistlərin xatirələri var. Bundan əlavə XI ordu və Hərbi İnqilab rəhbərliyinin, məsələn, Orconikidzenin və digərlərinin teleqramları və yazışmaları var. Hətta əməliyyat həyata keçirilən anda göndərdikləri teleqramlar qalır. Bir teleqram zirehli qatarlar qrupunun komandiri Yefremev tərəfindən XI ordunun rəhbəri Levandovskiyə göndərilib. Bundan əlavə hadisələrdən sonra müəyyən araşdırmalar da həyata keçirilib. Zirehli qatar Biləcəriyə daxil olanda qəsəbədə müəyyən həbslərə başlayıblar. Yəni ortada sənədlər kifayət qədərdir.
– Bəs XI orduya qarşı müqaviməti əks etdirən sənədlər necə, varmı?
– Ən mühüm sənəd Yefremovun aprelin 26-da Levandovskiyə vurduğu teleqramdır. O yazır ki, qarşılarını 2 taqım, 1 batareya və dəmiryolu mühafizəçiləri kəsdilər, 2 saatlıq döyüşdən sonra düşmən darmadağın oldu. Bu teleqramın nüsxəsi məndədir. “Yalama” əsərini işləyəndə tavana baxıb yazmamışam. Gürcüstanın, Rusiyanın arxivlərində işləmişəm, Ermənistanın arxivlərindən sənədlər əldə etmişəm. XI ordunun tərkibində ermənilər də az olmayıb. Türkiyənin arxivlərindən sənədlər çıxartmışam. Hər üç ölkəyə gedib arxivlərdə işləmişəm. Bu sənədlər saxlanılır. Maraqlanan varsa, Siyasi Arxivlər İdarəsində həmin sənədlərlə tanış ola bilər.
–
Müqavimət göstərən milli ordunun zabit və əsgərləri barədə məlumatlar varmı?
– Yalama qarnizonu 500 nəfərdən ibarət olub. Ora Quba alayının iki taqımı, 2 topçu batareyası, 70 nəfərlik dəmiryol idarəsinin gözətçi dəstəsi daxil olub. 150-160 nəfəri Dağıstanla sərhəddə postlarda olub, Yalama stansiyasında isə 350-yə yaxın əsgər olub. Onlar haqqında məlumat olduqca azdır. Çox kiçik qisminin adını bərpa edə bilmişik. Zabitlər və əsgərlər haqqında olan sənədlər yandırılıb, onların məzarlığı məhv edilib, şumlanıb ardınca bostana çevrilib. Xruşov hakimiyyətə gələndən sonra ictimai həyatın canlandırılması ilə bərabər elmi müzakirələrdə də bu məsələ gündəmə gəldi. Konkret olaraq, akademik Ziya Bünyadov o vaxt iddia etdi ki, Yalamada bir neçə qanlı döyüş olub, onlardan da ən böyüyü stansiyanın özündə yaşanıb. Ondan sonra dərhal bir çox sənədlər hərbi arxivlərdən çıxarılıb, əlçatan yerlərdə olanlar yandırılıb. Həmin zabit və əsgərlərin ailələrindən bir neçə şahid tapa bildik. Onlar özləri danışırdı ki, babalarımız olan şəkillərini yandırırdılar, istəmirdilər ki, yaxınlarının Yalama döyüşündə iştirakından kimsə xəbər tutsun. Çünki bilsəydilər kiminsə babası, yaxud yaxın qohumu XI orduya qarşı müqavimət göstərib onları Sibirə sürgün edirdilər. Turqanovun xatirələrində, danışırdı ki, 500 nəfər təslim olub. Başqa böyük bir qism isə onları xain kimi lənətləyərək həyatlarından siliblər. Ona görə hərbi hissənin sənədlərini bərpa etmək çətindir. Müəyyən adlar var, Yalama qarnizonu 500 nəfərdən ibarət olub, 160 nəfəri sərhədyanı postlarda keşik çəkiblər. İndi kimin harda olduğunu müəyyənləşdirmək çox çətindir, çünki sənədlər məhv edilib.
–
Hətta qarnizounun komandiri barəsində də nəsə əldə etmək mümkün deyil?
– Komandirin adını bərpa etmək mümkündür. Mən tarixçi və arxivdə işləyən mütəxəssis deyiləm ki, illərimi buna həsr edim. Amma mütəxəssislər bu işin arxasınca düşsələr, mənim əlim çatmadığı arxivləri araşdırıb bərpa etsələr bəlkə daha çox adlara rast gəlmək mümkündür.
–
Arif bəy 100 il əvvəlin işğalını özündə ehtiva edən başqa hansı sübutlar var?
– Kifayət qədər teleqramlar, sənədlərlə dolu qovluqlar var. Orada əhaliyə divan tutulması, milli ordunun hərbçilərinin öldürülməsi, hakimiyyətə Moskvanın adamlarının yeridilməsi öz əksini tapıb. Hətta Nərimanovun, Şahtaxtinskinin, Xalq Təsərüfat komissarı Solovyovun məktublarını, hesabatlarını oxuduqca 28 aprelin işğal olduğunu görməmək mümkünsüzdür. Sonuncunun Moskvaya çox qiymətli bir şikayəti var. Onun şikayətindən bilmək olur ki, işğalçılar özlərini Bakıda nə dərəcədə həyasızcasına aparıblar. Həmin şikayəti hörmətli Cəmil Həsənli Moskvada surətini çıxardıb Bakıya gətirib. Amma bunlardan da daha möhtəşəmi 1920-ci ilin mayından etibarən Azərbaycanın əksər ərazilərində, Zaqatala, Lənkəran, Qarabağ, Şəmkir və Gəncəni əhatə etmiş bolşevik işğalına qarşı böyük üsyanların başlamasıdır. Həmin üsyanlarda on minlərlə insan qırılıb. Bu üsyanların təsdiqi haqqında yüzlərlə sənəd var. Elə Yefremov mayın əvvəlində “qəhrəmanlığı”na görə orden alır. Çünki bu adam Azərbaycan Xalq Cümhuriyyətinin Yalamadakı ordusuna zərbə qüvvəsinə rəhbərlik edib, ardınca Gəncə üsyanının yatırılmasında iştirakçı olub. O çox məşhur hərbçi idi, II dünya müharibəsində həlak oldu.
–
28 aprel 70 il bayram kimi qeyd olunub və yaddaşlara da o cür hopub. Siz bundan sonra həmin tarixin necə qeyd edilməsini təklif edirsiniz?
– Tarixin bütün səhifələri xalqa göstərilməli və bərpa olunmalıdır. Elə Yalama qəhrəmanları haqqında son 2-3 ildə əsər yazıldı, film çəkildi, arxivdən sənədlər toplandı. İndi həmin döyüş yerində bir büst belə yoxdur ki, 350 nəfər qəhrəmanın öldürüldüyü məlum olsun. Biz sənədli film çəkmək istəyəndə könüllü yardım etmək istəyən axtardıq, amma tapa bilmədik. Xaricdəki dostlarıma müraciət edəndə tükləri biz-biz durdu. İnanmırdılar ki, xalqın tarixində belə qəhrəmanlıq səhifəsi olsun və 100 il üstüörtülü qalsın, üzə çıxanda isə laqeydlik olsun. Hazırda həmin sənədli filmin ikinci və üçüncü hissələrini, Qarabağ və Gəncə üsyanlarını işləyirəm. Təəssüf ki, bunlar barəsində sənədlər Rusiyada daha çoxdur, nəinki bizdə. Hesab edirəm ki, dövlət və gənc alimlər bu işlərlə məşğul olmalıdırlar. Rəhmətlik Rövşən Almuradlının bir arzusu da o idi ki, Yalama qəhrəmanlığı haqqında bədii film çəksin. Vaqif Gərayzadə musiqili filmin hazırlanması üçün müraciət etmədiyi qurum qalmadı, amma reaksiya yoxdur. Millətin millət olması üçün bunlar sütunlardır. Yenidən bu məsələlər hərtərəfli işlənməlidir.