Arıçıların yeni problemi: Arı ailələrinə gənə darışır

Arıçılıq. Foto: Masallı Rayon İcra Hakimiyyəti

Onlar zərərvericilərin daha geniş ərazilərə yayılmasından narahatdırlar

Bölgələrdə arıçılıqla məşğul olan təsərrüfat sahibləri ciddi problemlə üzləşiblər. Belə ki, təsərrüfatlarda “Tropilaelaps” arı gənəsi yayıldığı bildirilir.

Bir neçə təsərrüfat sahibi Meydan TV-yə bildirib ki, arı gənəsinə avqust ayından sonra rast gəliblər. Dərmanlar keyfiyyətsiz olduğundan bir çox təsərrüfatda arı ailələri məhv olub. Arıçılar deyirlər ki, xərclər hər il bir az daha artır, bu il üstəlik, hava daha çox yağışlı olduğundan məhsuldarlıq çox da yüksək olmayıb.

Quba, Qusar, Qax, İsmayıllı, Şamaxı, Yardımlı, Biləsuvar, Astara da daxil olmaqla bir neçə rayonda arı ailələrinə gənə darışması da bir tərəfdən, arçıları zərərə salıb. Onlar zərərvericilərin daha geniş ərazilərə yayılmasından narahatdırlar.

Yardımlıdan olan arıçı Eldar Bağırov deyib ki, onun təsərrüfatında 120 arı ailəsindən 30 ailə qalıb. Bağırov ziyanvericilərə qarşı dərmanların işə yaramadığından şikayətçidir.

Arı ailələrinə gənə darışdı. Hərə bir əlac dedi, internetdə müxtəlif videolar da var, amma heç biri nəticə vermədi”,- Bağırov qeyd edib.

Gənələr arı ailələrində bala qoyma ərəfəsində sürfələrin içinə daxil olur və sürfələri yeyir. Bu da arı ailələrinin həm inkişafını saxlayır, həm də məhv edir.

“Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin açıqlamasına görə, Azərbaycanda arı ailələrinin sayı 750 minə çatır.

Assosiasiyanın üzvü Elvin Bayramlı Meydan TV-yə bildirib ki, “Tropilaelaps” “Varroa” tipli gənədir:

Foto: Elvin Bayramlının şəxsi arxuvindən

““Varraoa”nu Azərbaycanda tanıyırlar, 1980-ci illərdə də ölkəmizdə yayılıb, ölkə arıçılarına böyük zərər vurub. Sonrakı illərdə qarşısı tam alınmasa da, mübarizə tədbirləri həyata keçirilib. Ziyanvericiləri nəzarətdə saxlamaq mümkündür”.

“Bəzi illər arıçılıq təsərrüfatına zərər vurur, arı ailələrini məhv edir. Amma azərbaycanlı arıçıların təxminən 70-80 faizi bu zərərvericilərlə mübarizə aparmağın yollarını bilir. Yerdə qalanlarda öyrənə bilərlər”,-E.Bayramlı bildirib.

Mütəxəssis qeyd edib ki, “Tropilaelaps” gənəsi yenidir, ilk dəfə İndoneziyada məlum olub, oradan Hindistana, Şərqi Asiya ölkələrinə, Rusiyada, İranda yayılıb:

“Azərbayanda bu il Quba, Qusar bölgəsində rast gəlinib. Qax, Balakən bölgəsində də var. Bu gənə ilə mübarizə təcrübəsi də yenidir. Parazit özü ilə bərabər başqa viruslar da daşıyır”.

Bayramlı deyib ki, arı ailələri qəfəsə salınmalıdır, ana qəfəsdə olmalıdır, eyni zamanda, turşularla müalicə edilməlidir:

“Bu gənələrlə mübarizə aparmaq olduqca çətindir”.

Bəs Kənd Təsərrüfatı Nazirliyi arıçıların üzləşdiyi bu problemdən xəbərdardırmı, onlara hər hansı dəstək nəzərdə tutulubmu?

Meydan TV qurumdan suallara cavab ala bilməyib. Nazirlikdən sorğunu cavablandırmayıblar.

Ana səhifəSosialArıçıların yeni problemi: Arı ailələrinə gənə darışır