Bu addım Donald Trampın seçilməsindən sonra Paris razılaşmasının sabitliyi ilə bağlı narahatlıqları artırır
Argentina Prezidenti Xavyer Miley (Javier Miley) hökumətini təmsil edən nümayəndə heyətinin COP29 sammitini tərk etmələri tapşırığını verib.
“The Guardian” yazır ki, bu Cənubi Amerika ölkəsindən 80-dən çox nümayəndə iki həftəlik Azərbaycana gəlib. Nəşr qeyd edir ki, Argentinanın ifrat sağçı lideri daha əvvəl iqlim böhranını “sosialist yalanı” adlandırmışdı və keçən il seçki kampaniyası zamanı o, Paris razılaşmasından çıxmaqla hədələmişdi. Lakin sonradan bu fikrindən geri çəkildi.
“Guardian”a danışan Argentinanın ətraf mühit nazirinin müavini Ana Lamas – Milei məlumatı təsdiqləyib:
“Bu, doğrudur. Xarici İşlər Nazirliyindən bizə göstəriş var ki, bir daha iştirak etməyək. Sizə deyə biləcəyim tək şey budur”.
Argentinanın Paris Sazişindən çıxıb-çıxmayacağını planlaşdırdığına gəlincə, Lamas, qərarın yalnız COP29-a aid olduğunu söyləyib.
İkinci dəfə sazişdən çıxacağına söz verən Donald Trampın ABŞ-də Prezident seçilməsindən sonra iqlim sazişinin gələcəyi ilə bağlı geniş narahatlıq var. Danışıqlar ərəfəsində BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, ABŞ-nin ikinci dəfə sazişdən gedişi istiləşməni sənayedən əvvəlki səviyyədən – 2C-dən aşağı məhdudlaşdırmaq üzrə qlobal razılaşmaya zərər verə bilər.
Argentina kimi iqlim inkarçılarının rəhbərlik etdiyi digər ölkələrin də beynəlxalq iqlim sazişlərindən çıxa biləcəyi ilə bağlı qorxular var. Miley çərşənbə axşamı Trampla danışıb. Bundan sonra sözçüsü bildirib ki, Tramp argentinalı həmkarına onun “sevimli Prezidenti” olduğunu deyib.
İqlim dəyişikliyinin idarə edilməsi üzrə mütəxəssis Karla Çavarria Argentinanın COP29 danışıqlarından çıxmaq qərarının onun gələcəyi üçün pis olacağını söyləyib.
“Argentina iqlimin maliyyələşdirilməsi danışıqlarında öz sözünü itirərək Bakıdakı COP29-dan nümayəndə heyətini geri çəkir. İqlim böhranı ilə bağlı resursları təmin etmək üçün əsas məqamda ölkə kənarda qalır, gələcəyini və uyğunlaşma qabiliyyətini zəiflədir”, o, “X”-də yazıb.
Bakıda təmsil olunan Argentina qrupuna daxil İnsan Hüquqları üzrə Vətəndaşlar Assosiasiyası bildirib:
“Biz Argentina nümayəndəsi ilə iqlim dəyişikliyi konvensiyasında gender gündəliyi üzrə danışıqlar qrupunda iştirak etdik. Argentina əvvəlki bir çox tədbirlərdə bu məsələyə rəhbərlik edib, indi onun danışıqlarda iştirak etmədiyini görmək təəssüf doğurur”.
Argentinanın Rosario Milli Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Julieta Zelikovic çərşənbə günü qərarın Aİ ilə Cənubi Amerika bloku Mercosur arasında ticarət razılaşması üçün pis əlamət olduğunu deyib.
“Ətraf mühitin mühafizəsi ilə bağlı öhdəliklər olmadan G20-də razılaşmanın elan edilməsi ehtimalı iflasa uğrayır. Hökumət ticarət sazişləri üzərində irəliləmək istəsəydi, bu, çox yanlış addım olardı”.
“Common Initiative” analitik mərkəzinin argentinalı direktoru Oskar Soria deyib:
“Argentinanın Bakı danışıqlarını tərk etmək qərarı keçmişdə Argentina diplomatlarına təzyiq göstərən Miley hökumətinin heç də təəccüblü olmayan davranışıdır, o, qeyri-mümkün mövqelər tutur. Bu, ənənəvi iqlim siyasətindən kəskin şəkildə uzaqlaşmaqdır”.
“Bu qərar sırf ideoloji xarakter daşıyır və iqtisadiyyatı iqlim böhranından ciddi şəkildə təsirlənən bir ölkənin maraqlarına ziddir”, – Oskar Soria deyib.
Onun fikrincə, bu, qlobal ifrat sağ hərəkatın zövqü üçün yüksək profilli anlardan parodiya şousu kimi istifadə edən balanssız siyasətin başqa bir əlamətidir.