Arayış almaq istəyən əlilin bir günü

Mingəçevirdən görünən Azərbaycan


Mingəçevirdən görünən Azərbaycan

Yazdıqlarım uzun olacaq, amma qarşılaşdığım yüzlərlə səsi eşidilməyən əlilin üzləşdiyi haldır deyə düşündüm. Ona görə də başıma gələnləri yazmaq qərarına gəldim. Yəqin, bilirsiniz, əlilliyi olan şəxslərə sürücülük vəsiqəsi 2 illik verilir və vaxt bitəndə ilk dəfə vəsiqə alırmışsan kimi bütün tibbi müayinələrdən keçirsən: kardioloq, nevropotoloq, lor, göz həkimi, cərrah, travmatoloq, narkoloji, psixatriya, şəkərdən qan analizi və s. Bir sözlə, tam bir günün müayinəyə gedir (bəzən bir neçə günün). Müayinələrdən keçmək problem deyil, yetər ki, bürokratik əngəllər olmasın. Açığı, buradakı məntiqi də tuta bilmirəm, necə ola bilər ki, 10 ildən bir vəsiqə dəyişən adam heç bir sağlıq problemi yaşamırmış kimi rahat şəkildə “ASAN xidmət”ə gedir, köhnə vəsiqəsini verib yenisini alır, amma məsələn, ayağını çəkən mən (burda məni ümumi əlillərin siması kimi təqdim edirəm) ən azı 10 həkimdən keçirəm? Anlayacağınız, istənilən sürücü “ASAN xidmət”ə köhnə vəsiqəsini təqdim etməklə 20 dəqiqə içərisində yenisini alırsa, biz “ASAN xidmət” təqdim etmək üçün alacağımız arayışdan ötrü vaxtımızı, enerjimizi sərf etməliyik və böyük bir stress yaşamalıyıq. Olmazmı heç olmasa problem kimi gördükləri əlilliyimiz hansı orqanımızdandırsa, ona uyğun həkimdən rəy alaq?

Qısası, 3-cü dəfədir ki, vəsiqəm yenilənir. Əvvəllər Bakıda dəyişdiyimdən heç bir problem yaşamamışam. Həkimlər müayinə edib, rəy verib, məsələ həll olunub. İndi qeydiyyatda olduğum yer önəmli olduğundan Mingəçevirə getdim. Şişirtmədən deyirəm, o boyda şəhərin mərkəzi xəstəxanası tam bir rəzalət yuvasıdır. Ola bilsin kiminsə adamı, tanışı olar, işləri asanlıqla həll olunar, amma heç kimin yoxdursa və sən sadə vətəndaş kimi problemini həll etmək istəyirsənsə, bu xəstəxanada itib-batacaqsan.

Öncə deyim ki, dəhlizində adam əlindən dayanmağa yer olmayan xəstəxanada heç kim maskadan istifadə etmir. Hətta biz qəbul şöbəsində olarkən iki qadın kompüter arxasında oturan operatorlara yaxınlaşıb dedi ki, Sanitar-Epidemioloji Stansiyadan gəliblər, əgər bir də işçiləri maskasız görsələr, cərimə yazacaqlar. İndi niyə yazmadıqları da bəlli olmadı.

Xülasə, əlil sürücü kimi arayış almaq üçün qəbul şöbəsində 30 manat ödədim və 10-a yaxın həkimin müayinəsindən keçmək üçün qəbzlər aldım.

Əvvəlcə 120-ci otağa göndərildim. Adını unutduğum xanım çox mülayim və xoş rəftar göstərdi, işimi asanlaşdırmaq üçün bütün qəbzlərin üzərinə həkimlərin otaq nömrəsini yazdı. Şəkərə görə qan analizi verdim, kardioqrammadan tutmuş göz, qulaq müayinəsinə qədər birtəhər keçdim. Nəhayət, gəlib çatdım cərrahların otağına. İçəridə təxminən 35-40 yaşlarında 3 həkim vardı. Mənə verilmiş xəstəlik tarixçəsini öncə oturanlardan birinə uzatdım. Alıb baxdı, “Əlilsən?” – deyə sualını verdi və heç cavab gözləmədən dəftərçəni özümə qaytardı: “Məzuniyyətdəyəm”.Onunla üzbəüz oturan həkim də məzuniyyətdə olduğunu dedi. “Siz məzuniyyətinizi xəstəxanada keçirirsiz?” – deyə soruşdum. Güldülər.

Üçüncü həkimsə: “Əlilsiz, problem istəmirəm, baxa bilmərəm, gedin Tofiq həkimin yanına, belə şeylərə o yaxşıdı, mənlik deyil”, – dedi.

Əsəbimi birtəhər boğub otaqdan çıxdım. Üz tutdum Tofiq həkim deyilən şəxsin otağına. Həmin otaqda təxminən 7-8 nəfər vardı. 3-ü oturmuşdu, qalanları da ayaq üstəydi, hamısı da maskasız. Yeni dəftərçəni uzadıb: “Sürücülük vəsiqəmi yeniləmək üçün gəlmişəm”, – dedim. 60 yaşlarında olan bu kişi hər kəsin içində tam bir aşağılayıcı tərzdə ayağımı göstərib soruşdu:

“Sən bu ayaqla maşın sürmək istəyirsən?”

Söz mənə güllə kimi dəydi.

“Mən 4 ildir maşın sürürəm. Maşın sürmək üçün düz yeriməyə gərək yoxdur”, – deyə emossiyalarımı cilovlamağa çalışdım. Yenə eyni aşağılayıcı tonda söylədi:

“Get, bala, sən heç bir şeyə yaramırsan, mən sənə rəy verə bilmərəm. Əlil hara, maşın hara? Get, otur evində. Yox, əgər rəy istəyirsənsə, yararsız yazım?”

Ayıb bir iş üstündə yaxalanmış kimi pərt oldum. İçəridəkilərin diqqəti üzərimdə idi. Hiss etdim ki, bu dəqiqə töküləcək göz yaşlarımı saxlaya bilməyəcəyəm və bu, mənim acizliymi ələ verəcək (mən hətta indi də bu sətirləri yazanda ağlayıram). Utandığımdan yerimək istəmədim, elə bildim addım atsam, içəridəkilər qəh-qəhə çəkəcək. Beynimdə durmadan təkrarlandı: “Sən bu ayaqla maşın sürmək istəyirsən?”

Özümü bayıra atdım, bəlkə də, o an otağın aşağı mərtəbədə olması məni intihardan çəkindirdi. Mən o an nə ölkənin az-çox tanınan jurnalistiydim, nə bir media qurumunun rəhbərliyində təmsil olunan şəxs, nə də onlarla jurnalistə yazmağı öyrədən müəllim. Mən, sadəcə, əlilliyi ayıb kimi üzünə vurulmuş, əlil olduğu üçün sayılmayan vətəndaşdım. Bir tərəfə çəkilib xeyli ağladım. Qətiyyən şişirtmirəm, həmin an, doğrudan da, ayağım tutuldu və yeriyə bilmədim. Gəncliyimdən bəri kimsə məni belə sındırmamışdı. Bacıma zəng elədim, baş verənləri ona danışdım. Sonra mingəçevirli dostum gəldi, əsib-gurladı, ondan sonra həkim müayinə edib rəy yazdı: “Yararsızsan sözü təhqir deyil, təhqir söyüşdü“, – öz aləmində məni “başa salmağa” çalışdı…

Növbəti dalan travmatoloqun otağı idi. Sən demə, 100 mindən artıq əhalisi olan və ətraf rayonlardan da xəstə qəbul edən Mingəçevirdə cəmi 1 travmatoloq varmış. O da kefi istəyəndə işə gəlirmiş. Otağının qapısı ağzına yığılmış (əksəriyyəti qoltuq ağacı ilə gələn gənclər idi, soruşmadım, qaziyə bənzətdim) insanların “həkim nə vaxt gələcək” sualına gah “bu gün olmayacaq”, gah da “bilmirik, gedin, 1-ci gün gələrsiz” cavabı verildi. Artıq əsəbim dözmədi, baş həkimin əvəzləyicisi Eldar Kərimovun otağına getdim. Şikayətim olduğunu söylədim, travmatoloqun niyə işə gəlməməsi ilə maraqlandım. Baş həkim də həmkarları kimi “üstümü unlu görüb, dəyirmançı sandı“:

– Bir travmatoloqumuz var, o da gəlməyib. İnsandır, bəlkə o da xəstələnib? Ölüb, yoxdu. Sonra nə deyəcəksən?

– Yoxdursa, əvəzləyici tapın, TƏBİB-ə yazıb həkim istəyin. Bu, bir vətəndaş kimi mənim problemim deyil axı.

– Sən indi mənim nahar fasiləmi əlimdən alırsan. Belə baxanda əlilin maşın sürməsi təhlükəli haldır. Gedib kimisə vursan, sənə rəy verəni gəzəcəklər.

– Doktor, qanun əlillərə maşın sürməyə imkan verir, mən arabada oturmuram, özümü idarə edə bilirəm. Hətta arabada oturanlar üçün maşınlarda müəyyən qurğular düzəldilir. Yəni, dedikləriniz əsas deyil. Sizin həkim gəlib bir yoxlasın, o qərar versin yararlıyam, ya yox.

Seyfi açıb bir neçə qovluq çıxardı, əlində silkələyib: “Bunların hamısı qanundur, mən səndən yaxşı bilirəm nə olar, nə olmaz”,- dedi.

Mən də haqlarımı bildiyimi, hətta jurnalist olduğumu söylədim. Bu dəfə səsinin tonunu bir az da qaldırıb: “Mən burdan jurnalistləri paçka ilə yollayıram”, – söylədi, Azadə Borçalının adını çəkdi, onunla dilləşməkdənsə gedib reketlərlə mübarizə aparmağımı məsləhət gördü. Hətta dedi ki, Almaniyada işləyən həkim oğlunun qəbuluna günlərlə düşmək olmur. Mübahisəmiz bir qədər çəkdi, qırmızı diplomundan, fəaliyyətindən xeyli danışdı:

“Götürüb xəstəxanamızla bağlı ağızlarına gələni yazırlar. Könül müəllim (keçmiş baş həkim. Axtarış sistemində adını yazmaq kifayətdir ki, nə qədər tənqid olunduğu görünsün, nəticədə Bakıya, xəstəxanaların birinə baş həkim gətirildi) kristal kimi işləyirdi, amma pisləyirdilər. Rəhbərlik bilmir kim necə adamdır? Əgər pis işləsəydi, irəli çəkilməzdi. Hazırda iki şikayəti araşdırıram, deyilənlər təsdiqini tapmır. Bir əlil vardı, şikayət edirdi. Nəticəsi o oldu ki, yoxlamaya gələndə gedib oturdum komissiyada, mənfi rəy verdirdim, əlilliyi də ləğv olundu, qaldı pis vəziyyətdə. İndi gedib istədiyini söyləsin”.

Nəhayət, mənim də yanına dilənməyə gələn “jurnalist”lərdən olmadığımı anladı və travmatoloqa zəng edib nə vaxt işə gələcəyi ilə maraqlandı. Cavid adlı həmin həkim saat 3-də təcili yardımda növbədə olacağını dedi.

Bir saata qədər vaxt vardı, başqa ərazidə yerləşən Psixiatriya Mərkəzinə, Narkoloji Dispanserə getdim, hər ikisində xoş rəftarla qarşılaşdım, hətta mərkəzdə rəyə möhür vuran gənc xanım uğur da dilədi. Təkrar xəstəxanaya qayıtdım. Amma Cavid doktor işə saat 15.00-da gəlmədi. 15.20-də otağına gəldi və pasiyentlərin qəbuluna başladı. Növbə mənə çatanda rentgen olunmağımı məsləhət gördü. Dedim ki, bir neçə gün əvvəl rentgen olunmuşam, ona baxa bilər, razılaşmadı, təkrar rentgenə getməyimi istədi. İş saatı 4-də bitirdi və bunu ona xatırladıb xahiş etdim ki, bu gün rəy yazsın, dinləmədi:

– Bu, sizin probleminizdir”, – dedi.

– Siz işə vaxtında gəlsəydiz, mən də problem yaşamazdım, – cavabımdan qəzəbləndi:

– Yaxşı edirəm, sən kimsən mənə göstəriş verəsən,- deyə bağırdı. Cavabını qapını çırpmaqla verdim.

Baş verən gərginliyi yumşaltmaq üçün arayışı verəcək komissiyanın sədrini əvəz edən Aidə xanım məsələyə müdaxilə etmək məcburiyyətində qaldı və işçilərdən xahiş etdi ki, bir qədər gec getsinlər, özü məni rentgen otağına apardı, sonra cavabları travmatoloqa yönləndirdi və 8:30-dan dəhlizlərini ölçdüyüm xəstəxananı 16.35-də arayışla tərk etdim.

P.S. Baş verənlərdən sonra təkcə sürücülük vəsiqəm yenilənmədi, illərlə içimdə basdırdığım əlillik kompleksim də təkrar üzə çıxdı. Ümid edirəm ki, dost-tanış vasitəsilə problemlərini çözən həmkarlarım bu cür şikayətlərə Səhiyyə Nazirliyindən və ya TƏBİB-dən “araşdırdıq, deyilənlər həqiqəti əks etdirmir” cavabını almaqla kifayətlənməyəcəklər.

Ana səhifəXəbərlərArayış almaq istəyən əlilin bir günü