Son tramvay xətləri 2004-ci ildə kəsdirilib
“Baş nazir, – o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam Baş nazir təyin edildi. Məhz onun dövründə “otkat” sözü bizim lüğətimizə daxil edildi. Gəldi ki, ölkəni talan eləsin, onun sərvətini oğurlasın, tramvay xətlərini kəsdirsin, göndərsin İrana və pul əldə etsin”.
“
AZƏRTAC
”ın məlumatına görə prezident İlham Əliyev bu sözləri noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə deyib. O,
Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətini hədəfə alıb.
“
Fakt Yoxla
” ölkə başçısının tramvay xətlərinin sökülməsi ilə bağlı dediklərini araşdırıb.
Yazıda qeyd olunur ki, AXC-nin hakimiyyəti illərində Baş nazir vəzifəsini əvvəl Əli Məsimov, sonra Pənah Hüseynov icra edib.
İlham Əliyev çıxışında haqqında danışdığı Baş nazirin adını çəkməyib. Amma “haqqin.az” saytı prezidentin Pənah Hüseyni nəzərdə tutuduğunu yazıb.
Pənah Hüseyn Milli Məclisin 1993-cu il 28 aprel tarixli qərarı ilə baş nazir vəzifəsinə təsdiq edilib. Həmin il iyunun 30-da Milli Məclis onun istefa haqqında bəyanatını nəzərə alaraq vəzifəsindən azad edib. Pənah Hüseyn ancaq 2 ay Baş nazir vəzifəsini icra edib.
Araşdırmada tramvay xətlərinin kəsilməsi iddiasına Dövlət Statistika Komitəsinin statistik məlumatları əsasında aydınlıq gətirilir. Qurumun “Əlaqə yollarının uzunluğu” adlı cədvəldəki statistik məlumatlara görə, paytaxtdakı tramvay yollarının uzunluğunda ən çox azalma 1998-ci ildə qeydə alınıb.
1992-ci ildə ölkə üzrə tramvay xətlərinin uzunluğu 46,6 km təşkil edib. Bu uzunluq qoşa xətt hesabı ilə olub.
1993-cü ilin sonuna tramvay yolunun uzunluğu 0,3 km azalıb. Ondan sonraki dövrdə, tramvay xətlərinin uzunluğu 1998-ci ilin sonuna kimi sabit qalaraq 46,3 km təşkil edib.
Xətlərdə ən böyük azalma 10,4 km olmaqla 1999-cu ildə qeydə alınıb. Tramvay xətlərinin azalması 2001-ci (3,6 km), 2002-ci (5,3 km) və 2003-cü (5 km) illərdə də qeydə alınıb.
2003-cü ilin avqustunda hazırda prezident olan İlham Əliyev baş nazir təyin olunub. Həmin ilin oktyabrında keçirilən seçkilərdən sonra o prezident elan olunur. “Kaspiy” qəzetinin yazdığına görə, son tramvay xətləri 2004-ci ildə kəsdirilib.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, İlham Əliyevin tramvay xətlərinin kəsilməsi ilə bağlı dedikləri yalandır.