Sakinlər həm sevinir, həm də qayğılarını bölüşürlər
Ötən həftə havaların yağıntılı keçməsi və ölkənin, demək olar ki, bütün ərazilərinə yağan qar Aran rayonlarında suvarmadan əziyyət çəkən kəndlilərin də sevincinə səbəb olub.
Yaz-yay fəsillərində Kürdən çəkilən suvarma kanallarında suyun azalması uzun illərdir ki, kəndlilərin əsas probleminə çevrilib. Ona görə də suya həsrət qalan, ümidini az qala qara bağlayan fermer və kəndlilər qarın fəsadları ilə yanaşı, faydalarından da danışırlar.
Məsələn, Göyçayın Ləkçıplaq kənd sakini Yasin Cavadov Meydan TV-yə deyir ki, qar kəndlərdə bir sıra problemlər yaratsa da, əkinə və bağlara faydalıdır.
Onun fikrincə, havaların şaxtalı keçməsi, həmçinin qarın yağması 5 ildən artıqdır ki, ziyanvericilərlə apardıqları mübarizədə də onlara kömək edəcək:
“Neçə il idi ki, qış isti keçirdi. Müxtəlif həşaratlar, siçanlar taxıl sahələrimizə ziyan verirdi. Qarın yağması çox faydalı oldu. Çünki qar qurdları, eləcə də taxıl və digər dənli bitkilərə ziyan verən həşaratları məhv edir. Quraqlıqdan çoxlu həşaratlar əmələ gəlmişdi. Qar, şaxta insanlar üçün bir sıra problemlər yaratsa da, bitki və torpaq üçün faydalıdır”.
“Ağaclarda göbələklər yaranmışdı. Meyvələr ləkəli və qurdlu yetişirdi. Həmin ziyanvericilərin məhv etmək üçün nə qədər dərman xərcləmişdik, amma nəticə olmayıb, çünki dərmanların da keyfiyyəti yoxdur. Düşünürəm ki, az yağıb, gərək 2-3 gün də davamlı yağaydı. Düzdür, belə soyuqda istiliyə ehtiyac olur, nəqliyyatı tapmaq çətindir, amma əkinə faydasına görə dözmək olar”, – deyə o bildirib.
“Ümidimi üzmüşdüm ki, məhsuldarlıq yaxşı olmayacaq”
Rayonun Yeniarx kənd sakini Əbülfət Xəlilov isə deyir ki, yağışlı, qarlı günlərdə kəndlərarası və məhlədaxili yollar keçilməz olur. Ancaq indi əkinin və bağların dinclik dövrü olduğundan yağan qar torpağın məhsuldarlığına təsir edəcək.
Onun sözlərinə görə, qar həm də müxtəlif yoluxucu xəstəlikərin mənbəyi olan havanın arınmasında təbii filtr rolunu oynayır:
“Su ilə bağlı çox ciddi problemlərimiz var. Özümün 10 hektar taxıl sahəm var, amma suvara bilməmişdim. Ümidimi üzmüşdüm ki, məhsuldarlıq yaxşı olmayacaq. Bu yağıntı yaxşı oldu. Hektara 20-25 sentner məhsul fikirləşirdim, ancaq yağıntı yenə olarsa, 40-50 sentner gözləmək olar. İnanın ki, ötən il taxılı ot üçün biçdik. 2-3 sentner məhsul götürə bilmədik”.
“Ərik, gilas kimi ağaclarda yapışqan xəstəliyi var ki, ona da xeyirdir. 5 hektar xurma bağım var. Fəhləyə, dərmana pul ver, tap gətir, xərc qoy, adam yorulur. Yağıntı olsa, kəndlilər bu qədər zəhmətlə üz-üzə qalmazlar. Arıçılığa da müsbət təsir göstərir. Qış girəndən 30 təhnə arı ailəsindən artıq beşi məhv olmuşdu. İndi qardan sonra calaq etmək, ağac əkini, yer bellələmək kimi işlərlə məşğul olacağıq”, – deyir Əbülfət Xəlilov.
Məktəblərdə vəziyyət: istilik sistemi və davamiyyət…
Qarlı, soyuq havalarda kənd məktəblərində, adətən, davamiyyət zəif olur. Səbəb uşaqların qarlı, palçıqlı yollarda uzun məsafə qət etməsi və odunla isidilən otaqların soyuq olmasıdır.
Məktəbli Anar Əliyev də bu fikirdədir. Deyir ki, soyuq hava şəraiti məktəbliləri çox vaxt məktəbdən soyudur:
“6-cı sinifdə oxuyuram. Səhər durdum gördüm qar yağır, hər yer ağdır. Evimiz məktəbə çox uzaqdır. Yol, demək olar ki, bir saat çəkir. Piyada getmək belə havada, özü də məhlədaxili palçıqlı yollarda çətindir. Üst-başım batacaq deyə dərsə getmədim. Yağış yağanda da bəzən getmirəm. Otaqlar da soyuq olur. Gedəndə də uşaqlarla qartopu oynayırıq, çünki onsuz da şagird az gəlir”.
“5-6 dəfə normal yağıntı olsun ki, faydasını geniş miqyasda görək”
Heyvandarlıqla məşğul olan Məlikənd sakini Sərkər Süleymanov da yağıntının faydaları və yaratdığı problemlərə toxundu. O deyir ki, qardan sonrakı şaxta torpağın üst qatını münbitləşdirir. Ancaq bir dəfə yağmaqla münbitlik alınmaz, gərək qış mövsümündə 5-6 belə normal yağıntı olsun:
“Yağıntı əvvəlcə çox hiss olundu, amma getdikcə əridi. Gərək qar 5-6 sm otursun. Belə qısamüddətli qar suya torpağa qarışıb palçıq yaradır, hərəkəti də iflic edir. Belə hava şəraitində təsərrüfatda, bağda çalışmaq olmur. Amma mən calaqçılıqla məşğul olduğumdan 15 calaq çıxarıb satdım”.
Problemlərə gəlincə, digər sakinlər kimi Sərkər Süleymanovun da qayğıları az deyil:
“Heyvanlarımla məşğul oluram, heyvanlara, xüsusilə qaramala soyuqdur. Soyuq suyu içmək heyvanları xəstələndirə bilir”.
“Əsl kətə havasıdır”
Şaxtalı və qarlı havalar göyçaylıların məişətinə də rəng qatır. Məsələn, ən çox göyçaylıların hazırladığı narlı və balqabaqlı kətə (bu zonada qutab belə adlanır) belə havalarda diqqət çəkir. Demək olar ki, bu fəsildə bütün kənd evlərində sobalar tüstülənir və hər bir evdə kətəyə rast gəlmək olur. Hətta kətə hazırlayıb satanlar da az deyil…
“Əsl kətə havasıdır” deyən Ceyran İsmayılova Göyçayın Mırtı kəndinə gəlin köçüb. Deyir ki, qışda tez-tez kətə hazırlayır, amma əməyi ağır və vaxt aparandır. O, ancaq evdə yemək üçün kətə bişirir və bunu anasından, nənəsindən öyrəndiyini deyir:
“Uşaqlıqdan nənələrim, anam tez-tez bişirərdi. Elə olurdu iki, üç qonşu birləşib bişirər, sonra bölərdik. Xoşbəxt günlər idi. İndi də edirik, ancaq hər kəs öz evində. O doğmalıq, o mehribanlıq da qalmayıb”.
Buz bağlamış və palçıqlı yollar…
Digər rayonlar kimi Göyçayın da əsas problemlərindən biri yollarla bağlıdır. Sakinlər deyirlər ki, qardan sonra yolların buz bağlaması nə qədər problem yaratsa da, kənd yollarında palçıq hərəkəti iflic edir.
Hələ də bir çox kəndlərdə yolların asfaltlanmayıb, məhləarası yolları isə belə havalarda bataqlığı xatırladır.