Agentlik: "Dondurulmuş balıqlarda parazit aşkarlanıb"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyadan gələn dondurulmuş balıqlarda parazit (“Anizakislər”)
aşkarlayıb
.
Bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, parazit “Kompas” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Rusiyadan Azərbaycana idxal olunan dondurulmuş putassu balığından götürülən nümunələrdə tapılıb: “Qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub. Bununla bağlı istifadəyə yararsız olan 7320 kq məhsul partiyası agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib”.
AQTA bildirir ki, Azər Tofiq oğlu Məmmədli tərəfindən Rusiyadan idxal olunan dondurulmuş toyuq filesi məhsullarından götürülmüş nümunələrdə də patogenlər, o cümlədən salmonella aşkar edilib: “Odur ki, istifadəyə yararsız olan 4980 kq məhsul partiyası Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib”.
Dekabrın 10-da isə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan Rusiyaya alma və pomidor idxalını qadağan etmişdi. Səbəb kimi həmin məhsullarda zərərvericilərin aşkarlanması göstərilirdi.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti bildirir ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə dəfələrlə pozuntular haqda məlumat verilib.
Bundan əlavə, “Rosselxoznadzor” bildirir ki, oktyabrın 22-dən indiyədək 17 belə hal qeydə alınıb. Məhsullarda (alma və pomidorda) Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlanıb: “Buna görə də fitosanitar vəziyyətin qorunması, Rusiya Federasiyası ərazisinə həmin zərərvericilərin idxalının və yayılmasının qarşısının alınması məqsədi ilə “Rosselxoznadzor” 10 dekabr 2020-ci il tarixindən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və almaların gətirilməsini qadağan etməyə məcburdur”.
“Rosselxoznadzor” qadağanın müvəqqəti xarakter daşıdığı vurğulayırdı.
Daha sonra isə Azərbaycandan Rusiyaya "Agroterm" MMC (Xızı rayonu), "Geotermal Aqro" MMC (Kürdəmir rayonu), "GP Alpha Greenhouse" MMC (Salyan rayonu), "Hajigabul Greenhouse" (Hacıqabul rayonu) və Şükürov İlkin Mirzəxan oğluna məxsus (Masallı rayonu) müəssisələrdən pomidor, Şabran rayonundakı “TURAZ” MMC, “Ran Fruıt” MMC və Əsədov Vahid Əbil oğluna məxsus müəssisələrdən alma məhsulunun ixracına icazə verildi.
İqtisadçı Qubad İbadoğlu deyir ki, Rusiya bazarlarına pomidor və almanın buraxılmaması Azərbaycana qarşı təzyiq vasitəsidir: "Çünki yalnız pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir".