Aqil Hümbətov: Məni şərlətdirib həbsə atdıran İlham Əliyevdir

Foto: Meydan TV

“Məhkəmə, polis, üzəduran – hamısı İlham Əliyevin sifarişinin icraçısıdır”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər rayon şöbəsinin üzvü Aqil Hümbətov Prezident İlham Əliyevin sifarişilə şərlənib həbs olunduğunu deyir.

“Bir daha deyirəm, məni şərlətdirib həbsə atan İlham Əliyevdir. Mənim üçün məhkəmə, polis, prokuror, üzəduran – hamısı birlikdə İlham Əliyevin sifarişinin icraçılarıdır. Üzümə duran Yamən Məmmədovla da işiniz olmasın. Mənə işgəncə verən polis eyni zamanda, ona da işgəncə verib”, – Aqil Hümbətov bildirib.

AXCP fəalının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə baxılır. Noyabrın 10-da keçirilən məhkəmə iclasını izləməyə gələn hüquq müdafiəçiləri, jurnalistlər, siyasi fəalların heç biri məhkəməyə buraxılmayıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, məhkəmədə Aqil Hümbətovun bıçaqladığı iddia olunan Yamən Məmmədovun anası şahid qismində dindirilib. Oğlunun Aqil tərəfindən bıçaqlandığını deyən Nərminə Məmmədovanın sözlərinə görə, təcili yardıma özü zəng edib. Hadisə yerinə polislər təxminən 30 dəqiqə sonra gəlib.

Aqil Hümbətov isə şahidin yalan ifadə verdiyini bildirib. O tələb edib ki, zərərçəkmişin anası “Şahidin andı” mətnini oxuyub and içməklə yanaşı, “Qurani Kərim”ə də əl basıb and içsin:

“Özümlə məhkəməyə “Quran” gətirmişəm. Əl basıb and içsin ki, düz danışacaq”.

Lakin hakim buna icazə verəməyib.

Aqil Hümbətov bildirib ki, Yamən Məmmədov onun şərlənməsi planının icraçısıdır. Ailə üzvləri də bu işdə onun yardımçılarıdır. AXCP fəalının sözlərinə görə, o, heç kimi bıçaqlamayıb. Məmmədovlar ailəsi hadisə günü onu zibillərini atmaq üçün telefonla çağırıblar. Onlara gedib çatandan bir neçə dəqiqə sonra Yamən Məmmədov həyətdə səs-küy salıb, daha sonra bıçaqla özünə xəsarət yetirib. Dərhal da ora polislər gəlib və onu Yamən Məmmədovu bıçaqlamaqda ittiham edərək, polis idarəsinə aparıblar. Cəbhəçi fəalın sözlərinə görə, polis idarəsində ona işgəncə verib, zorlamaqla hədələyib, öz əleyhinə olan yalan ifadəni imzalamağa məcbur ediblər.

Aqil Hümbətov Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham olunur.

Sosial şəbəkələrdə hökuməti, şəxsən prezidenti tənqid edən, uşaqpulu tələb edən Aqil Hümbətov küçədən yığdığı tullantıları çeşidləyib təhvil verməklə, yaşadığı qəsəbədə zibillərin yığışdırılması və s. işlərlə məşğul olmaqla ailəsini dolandırırdı.

Aqil Hümbətov 2020-ci martın 29-da “Facebook” hesabından tənqidi çıxışlarından birindən sonra tutulub Xəzər rayonu, 1-ci polis bölməsinə aparılıb. Daha sonra bölməyə çağrılan Təcili Tibbi Yardım maşınıyla onu Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdiriblər. Orada onu üç ay məcburi saxladıqdan sonra buraxıblar.

Aqil Hümbətova ondan əvvəl də inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır. Həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

Ana səhifəXəbərlərAqil Hümbətov: Məni şərlətdirib həbsə atdıran İlham Əliyevdir