Nüvə silahından “qorunmağın” yollarını tapanlar var
Rusiyanın nüvə silahından istifadə etməsi təhdidindən sonra Azərbaycanda yoda tələbat “artıb”. Bakının əksər aptekində yod “yoxa çıxıb”.
Metronun “Həzi Aslanov” stansiyasının yaxınlığındakı apteklərdən Meydan TV-yə biliriblər ki, ötən həftədən yod satışı artıb. Çoxu ehtiyat tədbiri kimi yod alıb saxlamağa başlayıb. Amma yodun qiyməti dəyişməyib, əvvəlki kimi 40-50 qəpik arasındadır. Aptekin satıcısı bildirib ki, alıcıların əksəriyyəti şüa xəstəliyinə qarşı xüsusi preparatların satılıb-satılmadığını soruşur.
Həkim Aydın Əliyev də öz “Facebook” hesabında bu barədə yazıb. Həkim bildirib ki, apteklərdə olan-qalan yodu alıb evlərdə saxlayırlar:
“İmkan verin acil ehtiyacı olanlar alsın yodu! Hələ nüvə silahı atılmayıb!”.
Aydın Əliyevin fikrincə, normal yodlaşdırılmış duz istifadə edilsə, artıqlaması ilə bəs edir, panikaya ehtiyac yoxdur. Eləcə də zeytun yağı, digər duru yağlar və təbii süd bəs edir.
Mütəxəssislər hesab edir ki, təmiz yod istehlakının fəsadı xeyrindən çoxdur.
Şüa təsirindən yüksək radiasiya insan qanında laxtalanmanı pozaraq, trombositlərin sayını azaldır, nəticədə qanaxma başlayır. İnsanın ağzından, burnundan qan açılır.
Yodun bu təhlükəli anı saxlamaq üçün lazım olması ilə bağlı məlumatlar dolaşır. Həkimlər isə yodun düzgün istifadə edilməyəcəyi təqdirdə fəsadlara səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.