Onlar işgəncə faktlarının araşdırılmasını tələb ediblər
İşgəncə Qurbanlarına Dəstək Günü ərəfəsində Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.
1551 saylı müvafiq sənəd iyunun 25-də Avropa Şurası Parlament Assambleyasının saytında dərc edilib.
“Turan” xəbər verir ki, araşdırmanın təşəbbüskarı italiyalı senator Robert Rampidir.
Sənəd müəllifləri "Tərtər işi"ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmaıarın zəruriliyini vurğulayıblar.
Bildirilir ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib: “Bundan sonra həbsdə olan hakimiyyət tənqidçilərinə qarşı qeyri-insani rəftarın və işgəncələrin olması barədə xəbərlər yayılıb”.
"Parlament Assambleyası Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məlumatların sayının artmasından narahatdır. Məsələn, 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində on bir nəfər həlak olub.
25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti guya işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb", – sənəddə qeyd olunub.
Müəlliflər bildiriblər ki, bu məsələ həm də Azərbaycan hakimiyyəti tərəfindən təqib edilən, həbsə alınan və tez-tez işgəncələrə və alçaldıcı davranışa məruz qalan müstəqil jurnalistlərə, hüquq müdafiəçilərinə, siyasi müxalifət nümayəndələrinə və dissidentlərə aiddir: "Assambleya işgəncələrin və qeyri-insani rəftar hallarının araşdırılması üçün məruzəçi təyin etməli və Azərbaycanın 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncələrin qadağan edilməsi), 6-cı (ədalətli məhkəmə çəkişməsi hüququ) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrə riayət etməsini qiymətləndirməlidir. Assambleya Azərbaycan hakimiyyətini insan hüquqları haqqında Avropa Konvensiyasına riayət etməyə və məhbuslara qarşı bütün işgəncələrə, qeyri- insani və ləyaqəti alçaldan rəftara son qoymağa çağırmalıdır".
"İtaliyalı senator Roberto Rampinin təşəbbüsü Avropa Şurası Parlament Assamblyasının Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məruzəsinin hazırlanması prosesinin başlanğıcı ola bilər. Bundan ötrü bu təşəbbüsün bu ilin sentyabrında Prezident Komitəsinin və Avropa Şurası Parlament Assamblyası Bürosunun iclaslarında təqdir edilməsi lazımdır. Ümid edirik ki, Prezident Komitəsi və Büro, həmçinin Avropa Şurası Parlament Assamblyası üzvlərinin əksəriyyəti Azərbaycandakı vəziyyəti nəzərə alaraq senator Roberto Rampinin təşəbbüsünü dəstəkləyəcək və müvafiq hesabatın hazırlanmasına rəvac verəcək", – bunu isə Avropa Şurası Parlament Assamblyası deputatlarına işgəncə faktları barədə məlumat verən hüquq müdafiəçisi Emin Hüseynov deyib.
7 may 2017-ci il tarixində Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə bir qrup hərbçinin və mülki şəxsin saxlanıldığını bəyan ediblər.
Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Məhbuslar müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Lakin tezliklə məlum olub ki, araşdırma zamanı ən azı 8 nəfər şübhəli bilinən şəxs işgəncələr nəticəsində ölüb. Daha sonra ölənlərin dördünə bəraət verilib, onlara qarşı ittihamları saxtalaşdırmış müstəntiqlər isə 7 ilədək azadlıqdan məhrum ediliblər.