AP-da müzakirə: “Azərbaycanda media və intellektual azadlığa təzyiqlər var”

Avropa Parlamenti. Foto: shutterstockHadrian

Komitənin iclasında həbs olunan vətəndaş cəmiyyəti təmsilçilərinin vəziyyəti müzakirə olunub

Dekabrın 5-də Avropa Parlamentinin İnsan Hüquqları Alt Komitəsi cümə axşamı genişləndirilmiş iclasında “Azərbaycanda müstəqil mediaya və vətəndaş cəmiyyətinə basqılar” mövzusunda müzakirə keçirib.

“Turan”ın yazdığına görə, iclasda iqtisadçı Qubad İbadoğlunun nümayəndəsi, hüquqşünas Jalə Bayramova, jurnalist Arzu Qeybullayeva və Avropa Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun təmsilçisi Aleksandros Sabou çıxış ediblər.

Onlar Azərbaycanda siyasi təqiblərin, qanunsuz həbslərin və insan haqlarının pozulması ilə bağlı narahatlıqlarını ifadə ediblər və deputatların suallarını cavablandırıblar:

“Jalə Bayramova siyasi həbslərin intensivləşdiyini vurğulayaraq, öz ailəsinin həm ölkə daxilində, həm də transmilli səviyyədə baş verən qanunsuzluqların qurbanı olduğunu bildirib. O, Qubad İbadoğlunun sağlamlıq vəziyyətinin kritik olduğunu və təcili ürək cərrahiyyəsinə ehtiyac duyduğunu qeyd edib. Bayramova Azərbaycan hökumətini İbadoğlunun və atasının ölkədən çıxışına qoyulan qadağanı ləğv etməyə çağırıb”.

Bildirilir ki, İnsan Hüquqları Alt Komitəsinin sədri Mounir Satouri Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramova rəsmi məktub göndərdiyini açıqlayıb:

Məktubda Qubad İbadoğlunun Saxarov mükafatının təqdimetmə mərasimində iştirakını təmin etmək üçün onun səyahət qadağasının ləğv edilməsinin vacibliyi vurğulanıb. Satouri həmçinin Azərbaycan rəsmiləri ilə dialoqa hazır olduqlarını bildirib. Avropa Parlamentinin üzvü Bernard Getta da çıxış edərək İbadoğlunun mərasimdə iştirakını təmin etmək məqsədilə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenə müraciət etdiyini açıqlayıb”.

Jurnalist Arzu Qeybullayeva Azərbaycanda müstəqil medianın qarşılaşdığı çətinliklərdən, Aleksandros Sabou isə vətəndaş cəmiyyətinin və intellektual azadlığın daraldığını vurğulayıb.

Hər iki çıxışçı siyasi məhbusların, o cümlədən Bəhruz Səmədov, Rüfət Səfərov, Anar Məmmədli və Qubad İbadoğlunun azad olunmasını tələb ediblər.

Toplantı Avropa Parlamentinin Azərbaycanda insan haqları ilə bağlı artan narahatlığını və islahatların təmin edilməsi üçün beynəlxalq təzyiqin artırılmasının vacibliyini ortaya qoyub.

“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb.

Növbəti gün, dekabrın 4-də Bakının Binəqədi Rayon Məhkəməsi hakim Aytəkin İbrahimovanın sədrliyi ilə Rüfət Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Səfərov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.

Vəkil Elçin Sadıqov bildirib ki, Rüfət Səfərovun cinayət törətməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməyib.

Rüfət Səfərov isə sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.

Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb.

O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib.

2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib.

O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı təsis edilib.

Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.

Ana səhifəSiyasətAP-da müzakirə: “Azərbaycanda media və intellektual azadlığa təzyiqlər var”