“Daşla oynayan qızcığaz onun bomba qəlpəsi olmasından xəbərsiz idi”
“Lvovda olarkən mənə balaca bir qızcığazın tapdığı “xüsusi daş”ı göstərdilər. Daşla oynayan qızcığaz, əlbəttə ki, ovcundakının bomba qəlpəsi olmasından xəbərsiz idi. Yəqin ki, onun diqqətini daşın qeyri-adi görünüşü və parlaqlığı cəlb etmişdi”.
Bunu bir neçə gün öncə Ukraynaya səfər edən aktrisa, Birləşmiş Millətlər Təşkilatının (BMT) xoşməramlı səfiri Ancelina Coli sosial şəbəkədə yazıb.
Aktrisa həmçinin Ukraynadan fotolar da paylaşıb.
“Bomba və ya mərmi partlayan zaman bu metal qəlpələr yaxınlıqda olan insanların bədəninə bataraq parçalayır. Kramatorsk vağzalı bombalananda orada olan uşaqların çoxunun bədəninə bu qəlpələrdən batıb. Həmin qəlpələrin bədəndən çıxarılması ağır və ağrılı prosesdir. Hətta bəzi uşaqların həyati vacib orqanlarına yaxın olan qəlpələr ölüm təhlükəsi yaratdığına görə çıxarılmayıb”, – Coli bildirib.
Aktrisa uşaqların fiziki xəsarət alması ilə yanaşı, onların mənəvi, psixoloji vəziyyətlərinə diqqət çəkib.
Ancelina Coli aprelin 30-da BMT-dən olan həmkarları ilə Lvov şəhərinə səfər edib.
Aktrisa Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündən müharibəni pisləyib. Həmçinin müharibədən zərər çəkmiş uşaqlarla, eləcə də onkoloji xəstələrlə dəfələrlə görüşüb.
Rusiya fevralın 24-də Ukraynada hərbi müdaxiləyə başlayıb.
Hərbi münaqişə zəminində aprelin 8-də Kramatorsk dəmir yolu vağzalına raket atılıb.
Ukrayna Prezidenti Volodimir Zelenski vağzalın Toçka-U ilə vurulduğunu bildirib.
Ukrayna Baş Prokurorluğunun mayın 1-nə olan məlumatına görə, müharibə başlayandan 221 uşaq ölüb, 408-ü isə yaralanıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.