Anası: Əfqan sərhədi pozan olsaydı, xəstə olanda məni görməyə gələrdi

Əfqan Muxtarlının həbsindən 1 il ötür

Source:

“Ana, deyirdin, atam uzaqlara gedib. İndi biz də çox uzağa gəlmişik. Niyə onu görə bilmirik? Mən atamı istəyirəm”.

Jurnalist Əfqan Muxtarlının 4 yaşlı qızı Nurayın sözləridir. O, hazırda anası ilə birgə Almaniyadadır.

Ailə 1 il əvvələdək Gürcüstanın paytaxtı Tbilisidə yaşayırdı.

2017-ci il mayın 29-da Əfqan Muxtarlı Tbilisidə “yoxa” çıxdı və bir gün sonra Azərbaycanda peyda oldu. Həmin gün rəsmi qurumlar onun sərhədi qanunsuz keçməsi, bu zaman ona mane olan sərhəd xidməti əməkdaşına xəsarət yetirməsi ilə bağlı açıqlama yaydılar. Açıqlamada o da deyilirdi ki, Əfqan Muxtarlının üzərindən 10 min avro aşkarlanıb və faktla bağlı cinayət işi açılıb.

Ə.Muxtarlı ittihamları rədd etdi və saxta olduğunu bildirdi. Onun sözlərinə görə, ittihamda yazılanların hamısı yalandır. Jurnalist deyir ki, onu Tbilisidə yaşadığı evin yaxınlığında oğurlayıb zorla maşına mindirib, başına torba keçirərək, döyə-döyə Azərbaycana gətiriblər. 10 min avronu da onu oğurlayıb gətirən şəxslər cibinə atıblar.

Həmin vaxt Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva da onun pasportsuz, küçədən oğurlanaraq, Azərbaycan tərəfə zorla keçirildiyini demişdi.

Azərbaycan hökuməti jurnalisti Cinayət Məcəlləsinin 315.2 (vəzifə başındakı məmura zor tətbiqetmə), 318.1 (sərhədi sənədsiz keçmə və ya nəzarət-buraxılış məntəqəsindən kənarda keçmə), 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham edib. Ona 6 il cəza

kəsiblər

. Beynəlxalq hüquq-müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.


Ötən bir ildə yaşananlar

Araşdırmaçı jurnalist Əfqan Muxtarlının həbsindən 1 il ötür. Onun yazdığı araşdırmalara görə həbs olunduğu bildirilir. Elə özü də məhkəmədə son söz verilərkən bu barədə danışıb:

“…Bütün şüurlu həyatım boyunca, azadlıq və müstəqillik uğrunda hərəkatda ön sıralarda olmuşam. Xüsusən də Əliyevlərin hakimiyyəti dövründə bu ailənin sərvətləri talamasına göz yummamışam. Jurnalist olduğum müddətdə Əliyevlər tərəfindən dövlət büdcəsinin talanmasına dair bir neçə araşdırmanın müəllifiyəm”.

Onun bir neçə araşdırması Meydan TV-də

dərc olunub

.

Ötən bir il Muxtarlılar ailəsinin yadında təkcə Əfqanın həbsi ilə qalmayıb. 2017-ci ilin sonuncu günündə Əfqan Muxtarlının bacısı, bacısı qızı və qardaşı qızının cəsədi evdən tapıldı. Onların dəm qazından boğularaq öldüyü bildirilir. Əfqan Muxtarlı beynəlxalq və yerli hüquq-müdafiə təşkilatlarının təzyiqindən sonra əzizlərinin 40 mərasiminə

qatıla bildi

.

Əfqan Muxtarlının hazırda bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Elə özü də xanımı ilə telefon danışığında bu barədə

deyib

.



Əfqana atdıqları şər-böhtan işə yaramadı”

Jurnalistin qardaşı Ramazan Muxtarlı sürülən ittihamların heç birinin işə yaramadığını deyir. Əksinə, hakimiyyətin bununla özünü gülünc vəziyyətə saldığını düşünür:

“Hamı bilir ki, bu, əvvəlcədən düşünülmüş, qurama işdir. Əfqan bu kənddə böyüyüb, məktəbə gedib, gəncliyi burada keçib. Təhsilli, təhsilsiz, yaşlı, cavan kimsə ona verilən ittihamlara inanmadı. Bu həbs insanlar arasında böyük təəssüf, qəzəb və təəccüblə qarşılandı. Kənd camaatı bizi görəndə onun necə olmasını soruşurlar, hamısı da hökuməti qınayır. Əfqana atılan şər-böhtan tutmadı. Hamı xalqın sözünü deyən, günahsız birinin haqsız həbsinə görə təəssüflənir. Əfqanı yaxşı tanıyır, sevir, onunla fəxr edirlər”.

Jurnalistin qardaşı Ramazan Muxtarlı
Jurnalistin qardaşı Ramazan Muxtarlı



Hamı bildi ki, bu ölkədə azad sözə yer yoxdur”

 R.Muxtarlı bu həbsin Əfqanı susdurmadığını, əksinə, dünyaya Azərbaycanın etdiklərinin sərhəddinin olmadığını göstərdiyini söyləyir:

“Bütün beynəlxalq norma və qaydaları pozdular. Hamı bildi ki, bu ölkədə azad sözə yer yoxdur. Düzdür, bu bir ildə onun həyatında çox şey dəyişdi. Azadlığı əlindən alındı, fəaliyyəti məhdudlaşdırıldı. Özü burada həbsdə, ailəsi xaricdədir. Uşaqları ilə normal ünsiyyət qura bilmir, görmür. Bir sözlə, həyatını əlindən alıblar. Ancaq bütün bunlar onun azadlıq mübarizəsini boğa bilməz. Əminliklə deyə bilərəm ki, həbs edilmək onda qorxu yaratmadı”.

Qardaşı deyir, Əfqan Şuşada vuruşub, odun-alovun içindən sağ-salamat çıxıb, bu, nədir ki? Həbsdən sonra da qaldığı yerdən davam edəcək:

“Həbsxana ona neyləyəcək? Oğurluq, quldurluq etməyib, xalqın sözünü dediyi üçün oradadır. Əfqan döyüşçüdür, iradəsi güclüdür, əminəm, yenidən aramıza üzüağ qatılacaq”.



İzləməli insanlar qalıb kənarda, enerjilərini, vaxtlarını bizə xərcləyirlər”

R.Muxtarlı qardaşının həbsindən sonra həyatlarının xeyli dəyişdiyini deyir:

“İtkilər öz yerində, telefon zənglərimiz dinlənir, nəzarətdəyik. Harasa zəng edəndə telefonun ekranında “məcburi yönləndirmə aktivləşdirildi”, – yazılır. Əfqanın həbsdən etdiyi zəngləri də dinləyirlər. Biz sadə insanlarıq, nə edə bilərik? İzləməli insanlar qalıb kənarda, enerjilərini, vaxtlarını bizə xərcləyirlər. Özü də boş-boşuna, mənasız yerə. Biz heç yerə qaçmırıq, fikirlərimizi heç kimdən gizlətmirik, buradayıq, qorxulu heç nə yoxdur”.



Təzyiqlər bitmir ki, bitmir”

Qardaşı həbsdən sonra da Əfqan Muxtarlıya olan təzyiqlərin bitmədiyini söyləyir. Deyir, vəkili Nemət Kərimlinin fəaliyyəti dondurulub. O, bunu qardaşına qarşı təzyiq kimi qiymətləndirir:

“Sonuncu Apelyasiya Məhkəməsində Nemət Kərimlinin yeri görünürdü. Düzdür, hansı vəkil olsa da, qərarı dəyişən nəsə edə bilməz. Çünki bu cür işlərdə qərar öncədən verilir. Onda belə təzyiq vasitələrinin nə mənası var? Məhkəmələr tamaşa, qurulmuş ssenaridir. Bu mübariz insanları qorxudurmu? Əlbəttə qorxanlar, geri duranlar oldu. Xeyli insan ələndi bu yoldan. İndi qalanların hamısı əjdəhadır, onları çəkindirmək qeyri-mümkündür. Deyərdim, özlərini yormasınlar, daha da gülməli hala salmasınlar. Əl çəksinlər bu insanlardan”.



Gürcüstanda 2 ayrı cinayət işi açıblar, baxmırlar”

R.Muxtarlı deyir ki, Əfqanla bağlı açılan cinayət işləri formal xarakter daşıdığından araşdırılmır:

“Gürcüstanda Əfqana qarşı cinayət işi açılıb. Ancaq indiyə qədər bir nəfər gəlib ondan heç nə soruşmayıb, maraqlanmayıb. Bir ölkədə eyni adam üçün iki, fərqli cinayət işi açılıb. Biri insan oğurluğu, digəri sərhəd pozulmasıdır. Bunun hansı doğrudur? Görünür, üzləri yoxdur gəlib nəsə soruşmağa. Özlərini elə göstərirlər ki, guya istintaq aparırlar. Həqiqətən Əfqan günahkar olsaydı, Gürcüstan prezidenti onun ailəsini qəbul edib, vətəndaşlıq, ev təklif etməzdi. Azərbaycan Milli Məclisinin deputatı da etiraf etdi ki, Əfqanın Azərbaycana gətirilməsi Gürcüstan-Azərbaycanın birgə əməliyyatının

nəticəsidir

.

Bundan yaxşı etiraf?”



Kaş evinə gedəcəyi günü görəydim”

Əfqan Muxtarlının anası Aşura Muxtarova son bir ili çox pis keçirdiyini deyir. Qızını, nəvələrini itirib, oğlu həbs olunub:

“Dərdlərin bəzilərinin çarəsi yoxdur. Gözümü dikmişəm Əfqana. Gözləyirəm ki, nə vaxt buraxarlar, evinə, ailəsinə qovuşar. Yenə burada olanda gedib görürdüm. İndi Bakıdadır, gedib-gələ bilmirəm. Soruşanda deyir, yaxşıyam. Mən üzülməyim deyə elə deyir, bilirəm. İçəridə nə qədər yaxşı olmaq olar? Hər şeydən təcrid edilib. Kaş evinə gedəcəyi günü görəydim”.

Əfqan Muxtarlının anası Aşura Muxtarova
Əfqan Muxtarlının anası Aşura Muxtarova

Aşura Muxtarovanın hökumətə inamı qalmayıb. Deyir, Allahın qismətidirsə, buraxacaqlar:

“Mənim balam məktəb vaxtından inqilabçıdır. Hamımız onu belə sevirik. Bütün kənd camaatı, yaxınlar hamısı onun çıxacağı günü gözləyir. Necə həbs ediblərsə, eləcə də istəsələr, buraxacaqlar. İndiyə qədər kimsəyə pislik etməyib, dalaşmayıb. Oğru deyil, quldur deyil. Sırf jurnalist fəaliyyətinə görə şərləyib, tutublar”.



Həmişə deyirdi, pasport düzəlt, gəl”

Anası deyir ki, Əfqan sərhədi pozan olsaydı, ağır xəstə olanda anasını görmək üçün gələrdi:

“Həmişə deyirdi, pasport düzəlt, gəl, çətin bir şey deyil. Mən gedənəcən onu həbs etdilər. Həbsindən sonra Tbilisiyə getdim. Dedim, bax, Tbilisi, mən gəlmişəm, amma balam burada yoxdur”.

Ailəsi Əfqanla sonuncu dəfə Bakıya köçürülməmişdən əvvəl, Şəkidə görüşüb. Onda da yalnız şüşə arxasından görüşə biliblər:

“İlk vaxtlar deyirdilər ki, istintaq gedir, məhkəmə hökmündən sonra normal görüşə izin veriləcək. Etap olunana qədər normal görüş verilmədi. Səhhətində problemlər var. Ürəyi incidirdi. Bunun üçün həkim də çağırmışdılar. Hərəkətsiz mühitdə olduğu üçün istər-istəməz problemlər çıxır. Həm də Əfqan haqsız yerə tutulduğu üçün əzab çəkir, əsəb keçirir. Bu da onun həyatına mənfi təsir edir. Ürəyinin zəifləməsi də, şəkərinin qalxması da bundan irəli gəlir”.



Bizdən sonrakılar bu mübarizəni davam etdirəcək…”

“Mən şanslıyam ki, Gürcüstandan Bakıya gətiriləndə öldürülmədim. İstintaq təcridxanasında da öldürmədilər məni. Uzağı 7 il həbs cəzası verəcəksiniz. Bu da bizi susdurmağa bəs etməyəcək. Bizi həbs etsəniz də, öldürsəniz də bizdən sonrakılar bu mübarizəni davam etdirəcək. Bizim əsas məqsədimiz İlham Əliyevi devirmək deyil, bizim ən ali məqsədimiz insanlara ümid verməkdir. Bunu isə əlimizdən heç kim ala bilməz”.

Bu sözləri isə Əfqan Muxtarlı ona oxunacaq hökmdən az əvvəl, Balakən Rayon Məhkəməsindəki son çıxışı zamanı söyləyib.

Ana səhifəBölgəAnası: Əfqan sərhədi pozan olsaydı, xəstə olanda məni görməyə gələrdi