Vəkil müalicə üçün edilən müraciətlərin nəticəsiz qaldığını deyir
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri, iki aydır ki, həbsdə olan Anar Məmmədlinin sağlıq durumunun pisləşdiyi bildirilir.
Bu barədə vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil deyir ki, Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında müvəkkili ilə görüşüb, onun sağlamlıq durumunun getdikcə pisləşdiyinin şahidi olub.
“Anar Məmmədlinin səhhəti günü-gündən pisləşir. Onun müayinə olunması, analizlər götürülməsi, vəziyyətinin hərtərəfli yoxlanılması və müalicəsi ilə bağlı etdiyimiz müraciətlərin heç bir nəticəsi yoxdur”, – Elçin Sadıqov belə deyib.
Vəkil Anar Məmmədlinin səhhətindəki problemlərlə əlaqədar onun ev dustaqlığına buraxılması üçün yaxın günlərdə məhkəməyə müraciət etmək niyyətindədir.
Hüquq müdafiəçisinin səhhətindəki problemlərlə bağlı vəkilinin dediklərinə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Bundan öncə yaxınları Meydan TV-yə bildirmişdi ki, Anar Məmmədli nəfəs çatışmazlığı və kəskin ağrılardan əziyyət çəkir.
Yaxınlarının sözlərinə görə, Anar Məmmədlinin səhhətində həbsindən əvvəl də problemlər vardı.
O, bronxit xəstəliyindən əziyyət çəkirdi, bu üzdən mütəmadi inhalyasiya olunurdu.
Həbsdə isə bu proseduru keçməməsi, üstəlik, havasız kamera şəraitində saxlanması onda nəfəs çatışmazlığı, boğulma yaradır.
Anar Məmmədli aprelin 29-da Bakıda saxlanılıb. Daha sonra onun özünün və atasının evində axtarış aparılıb.
Ardınca ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Hüquq müdafiəçisi qaçaqmalçılıq ittihamını qəbul etmir. O bildirib ki, seçkilərin monitorinqi, insan hüquqlarının müdafiəsilə bağlı fəaliyyətinə görə cəzalandırılıb.
Son 11 ayda ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub.
Onların arasında korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), “Toplum TV” internet kanalının təsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, III Respublika Platformasının spikeri Akif Qurbanov, “meclis.info” saytının rəhbəri İmran Əliyev, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və digərləri var.
Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.