Anar Məmmədli ilə İmran Əliyevin həbs müddəti uzadıldı

Anar Məmmədli və İmran Əliyev. Foto: arqument.az

Müstəntiqin fikrincə, onlar azadlıqda qalsa, prosesin gedişinə mane olarlar

Həbsdə olan ictimai-siyasi fəallardan ikisi – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli və “Meclis.info” saytıın rəhbəri İmran Əliyevin istintaq dövründə həbsdə saxlanma müddəti daha 3 ay artırılıb. Avqustun 22-də Xətai Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

Anar Məmmədli və İmran Əliyevin məhkəməsi ayrı-ayrılıqda keçirilib. Hər ikisində prokuror məhkəməyə təqdimat verərək, istintaq dövrü üçün onların haqqında həbs qətimkan tədbirinin müddətinin uzadılmasını istəyib.

Məhkəmə proseslərində müstəntiq təqdimatı müdafiə edərək deyib ki, istintaq davam edir. Bir sıra qurumlara sorğular göndərilib və cavabların gəlməsini gözləyirlər. Deyib ki, istintaq davam etdiyi müddətdə İmran Əliyev və Anar Məmmədlinin azadlıqda qalması prosesin gedişinə mane ola bilər. Müstəntiqin iddiasına görə, azadlıqda qalarsa, prosesin digər iştirakçıları ilə əlaqə yaratmaq, şahidlərə təsir göstərmək ehtimalı var.

Hər iki məhkəmə prosesində təqsirləndirilən şəxslərin özləri də, vəkilləri də təqdimata etiraz edib. Onlar vurğulayıb ki, irəli sürülən qaçalmalçılıq ittihamı saxtadır, həbs olunmalarının əsl səbəbi ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində gördükləri işlərdir. Anar Məmmədli deyib ki, həbs olunmasının səbəbi həm də seçki saxtakarlığını ifşa etməsidir.

Vəkillər də onların təqsirsiz olduğunu, ictimai fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirib. Müdafiə tərəfi qeyd edib ki, Anar Məmmədli və İmran Əliyevi həbsdə saxlamadan da istintaq aparıla bilər.

Lakin hər iki məhkəmədə prokurorun təqdimatı təmin olunub və hər biri haqqında həbs qətimkan tədbirinin müddəti noyabrın sonunadək uzadılıb.

Anar Məmmədlinin rəhbərlik etdiyi təşkilat Azərbaycanda seçkilərin monitorinqi ilə məşğul olurdu. “Meclis.info” saytı da parlamentin və deputatların fəaliyyətini araşdırır, problemləri ortaya qoyurdu.

İmran Əliyev aprelin 18-də Türkiyəyə gedərkən Bakıda hava limanında saxlanılaraq, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Həmin gün gecə saatlarında onun yaşadığı evdə axtarış aparılıb. Aprelin 19-da məhkəmədə onun haqqında həbs qərarı çıxarılanda İmran Əliyev bildirib ki, polislər tərəfindən işgəncəyə məruz qalıb, bədəninə elektrik cərəyanı verilib. Məhkəməyə gətiriləndə onun üzərində xəsarət izləri aşkar görünüb.

Öncə o, “Abzas Media” ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Daha sonra onun işi “Abzas Media” ilə bağlı cinayət işindən ayrılıb. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 206.3.1 (qaçaqmalçılıq – təkrar törədildikdə) maddəsilə yeni ittiham irəli sürülüb.

Anar Məmmədli isə aprelin 29-da Bakıda saxlanılıb. Daha sonra onun özünün və atasının evində axtarış aparılıb. Ardınca ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçisi qaçaqmalçılıq ittihamını qəbul etmir. O bildirib ki, seçkilərin monitorinqi, insan hüquqlarının müdafiəsilə bağlı fəaliyyətinə görə cəzalandırılıb.

Son 9 ayda ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Onların arasında korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), “Toplum TV” internet kanalının təsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, “meclis.info” saytının rəhbəri İmran Əliyev, “III Respublika” Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və digərləri var.

Ana səhifəSiyasətAnar Məmmədli ilə İmran Əliyevin həbs müddəti uzadıldı