Anar Məmmədli: Bitərəf namizədlərin çoxu texniki xarakterli namizədlərdir

“Bu partiya ölkədə çoxpartiyalı siyasi sistemin olduğunu göstərmək üçün bir fasaddır”.

Source:


Məhərrəm Zülfüqarlı: “Bəzi namizədlər gözlədikləri dəstəyi ala bilmədiyinə görə, seçkidən geri çəkilir”

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin bir özəlliyi deputatlığa namizədlər arasında bitərəflərin çoxluq təşkil etməsidir. Bütün seçki dairələrində bitərəf namizədlərin sayı partiya, seçki bloklarını təmsil edən namizədlərin sayını üstələyir. Bakıda 16 saylı Yasamal II seçki dairəsində 23 namizəddən 21 nəfəri, 15 saylı Yasamal I seçki dairəsində 23 namizəddən 18 nəfəri, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində 16 namizəddən 14 nəfəri bitərəfdir. Oxşar vəziyyət bölgələrdə də yaşanır. 56 saylı Xaçmaz kənd seçki dairəsində 12 namizəddən 10-u, 74 saylı Lənkəran kənd seçki dairəsində 11 namizəddən 10-u, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində 16 namizəddən 13-ü, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində 14 nəfərdən 11-i bitərəfdir.

Maraqlı məqam son 10 gündə bitərəflərin seçkidən geri çəkilmələrinin müşahidə olunmasıdır. Konkret olaraq, 48 saylı Yevlax seçki dairəsindən bir gündə 14 nəfər seçki yarışını dayandırıb.

Meydan TV-yə danışan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli bu durumu majoritar seçki sisteminin xarakteri ilə izah edib və qeyd edib ki, belə seçki sistemində bitərəf və müstəqil namizədlərin sayı çox olur. Ancaq Anar Məmmədli bitərəf namizədlərin həqiqətən bitərəf olmasına şübhəylə yanaşır:

“2005 və 2010-cu il seçkiləri göstərdi ki, bitərəf kimi seçkilərə qatılan şəxslərə hakimiyyət tərəfindən ciddi dəstək olur və onlar seçki kampaniyası zamanı inzibati resurslardan istifadə edirlər. Son parlamentin tərkibində bitərəflər çoxluq təşkil edirdi, amma onlar da hakimiyyətin mövqeyindən çıxış edirdilər. Ümumiyyətlə, Azərbaycanda bitərəf məsələsi ilə çox manipulyasiya olunur. Əgər bir şəxs deputat seçilmək istəyirsə, hakimiyyətə münasibətdə ya müxalif, ya da iqtidaryönlü olmalıdır. Nəticədə bitərəf məsələsində manipulyasiya olunur və belə adamlar parlamentə düşəndə hakimiyyətyönlü mövqe sərgiləyirlər”.

Anar Məmmədli bitərəflər namizədlərin bir çoxunun seçki yarışını dayandırmasının səbəblərinə toxunaraq, deyib ki, Azərbaycanda seçkilərdə namizədlərin sayının süni artırılması səciyyəvi haldır.

“Şərti olaraq belə namizədlərə texniki namizədlər də demək olar. Məqsəd seçkilərdə süni olaraq namizədlərin sayının çox olması görüntüsünü yaratmaqdır. Əksər dairələrdə texniki namizədlər çoxluq təşkil edir. Təbliğat-təşviqat kampaniyası zamanı belələrinin fəaliyyətini izlədikcə, onların heç bir fəallığının olmadığı görünür. Geniş ictimaiyyətə bəlli mövqeyi olmayan şəxsin namizəd kimi ortaya çıxması kifayət qədər suallar doğurur. Yerlərdən aldığımız məlumatlara görə namizəd olan bir sıra orta məktəb müəllimləri, xəstəxanalarda, yaxud dövlət strukturlarında çalışanlar icra hakimiyyətinə çağrılır və onlara namizəd olması barədə göstəriş verilir. Bir neçə günün içində icra hakimiyyətinə tabe strukturlar texniki namizədlərin imza vərəqələrini hazırlayırlar. Məqsəd prosesdə alternativlik və rəqabət mühiti yaratmaqdır. Halbuki, seçki prosesinə qoşulan həmin şəxslərin heç bir iddiaları və ümumiyyətlə, ictimai dəstəkləri də yoxdur. Amma zaman keçdikcə, gerçək siyasi iddiası olan adamlar ortaya çıxanda texniki namizədlərin sayı azalır”.

36042829_1572920592834854_2424081934159183872_n.jpg
Anar Məmmədli

Mərkəz rəhbərinin qənaətincə, hakimiyyət birmənalı şəkildə çalışır ki, seçki yarışı qarşıduran tərəflərin mübarizəsindən daha çox yerli səviyyədə nüfuz sahibi olan şəxslər arasında getsin. Yəni proses milli səviyyəli siyasi rəqabətdən çox yerli səviyyəli ictimai rəqabətə transfer edilir və hakimiyyət buna nail olub:

“Fakt budur ki, 9 fevral növbədənkənar parlament seçkilərində hətta YAP belə monolit siyasi qüvvə kimi çıxış etmir. Milli siyasi yarışı yerli səviyyəli yarışa çevirdiklərindən 10 gün sonra keçiriləcək seçkinin monolit siyasi qüvvəsi yoxdur və çox rüsvayçı mənzərə yaranıb. Debatlar üçün efir vaxtı yoxdur. Qanun 60-dan çox namizədi olan seçki bloklarına həftədə 3 saat pulsuz efir vaxtı almağa imkan verirdi. Yalnız YAP bu imkanı əldə etdi, digər partiyalar obyektiv və subyektiv səbəblərdən bu imkandan məhrum oldular. Təəssüf ki, siyasi qüvvələr buna cəhd də etmədilər. Onlar monolit siyasi qüvvə kimi YAP-ın qarşısına çıxmadılar, hakim partiya da özünü monolit siyasi qüvvə kimi göstərməyə ehtiyac duymadı. Məsələ ondadır ki, YAP hakimiyyətin idarə olunmasında süni şəkildə iştirak edir. Bu partiya ölkədə çoxpartiyalı siyasi sistemin olduğunu göstərmək üçün bir fasaddır. Halbuki, bu partiyanın cəmiyyətdə idarəçilik əmsalı yoxdur. Sadəcə, ölkə oliqarxik rejim tərəfindən idarə olunur. Belə mühitdə hakim elita fərqli siyasi qüvvələr arasında seçki rəqabətinin olmasını istəmir”.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı məsələyə fərqli yanaşır və bitərəf namizədlərin çoxluq təşkil etməsinin müxtəlif səbəbləri olduğunu düşünür.

414695213.jpg
Məhərrəm Zülfüqarlı

Onun fikrincə, seçkidə iştirak edən partiyalar namizədlərini müəyyənləşdirdikdən sonra bir sıra siyasi mənsubiyyəti olan şəxslər müstəqil şəkildə seçkiyə qatıldıqlarından onlar partiyalarından xaric olunublar. Ona görə belə namizədlər avtomatik şəkildə bitərəf namizəd oldular. Çoxlu sayda QHT nümayəndəsi, hüquqşünas, vəkil var ki, onların siyasi mənsubiyyətləri yoxdur. Belə adamların da seçkiyə fəal şəkildə qatılmaları bitərəf namizədlərin sayını artırır.

Məhərrəm Zülfüqarlı bitərəflərin namizədliklərini geri götürməsinə gəldikdə isə deyib ki, bəzi namizədlər gözlədikləri dəstəyi ala bilmədiyinən, seçkidən geri çəkiliblər.

“Yaxud bəziləri imkanları araşdırmadan, resurslarını nəzərə almadan seçkiyə qatılıblar, indi də geri çəkilirlər. Seçkiyə qatılan şəxsin maliyyə, insan resursu və vaxtı olmalıdır. Bunlardan biri olmayanda, seçki yarışı uğursuz olur və belələri yalnız imza toplaya bilirlər, sona qədər getmək imkanları olmur. Ola bilər ki, kimlərsə, onlara söz verir, amma sonra imtina edirlər. Hər bir namizədin 40-a yaxın məntəqədə müşahidəçisi qeydiyyatdan keçməlidir, onlara maddi dəstək olmalıdır, təbliğat plakatları hazırlanmalıdır. Bunlar hamısı maliyyə tələb edir. Bir çoxları bunları nəzərə almadan eyforiyaya qapılaraq namizədliklərini irəli sürür, kampaniya başlayanda güclü rəqibləri görüb geri çəkilirlər”.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Dekabrın 5-də prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Növbədənkənar parlament seçkilərində ən çox namizəd hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb, 123 nəfər. Müsavat Partiyası üzvləri 60 dairədən 64 namizədlə seçkiyə qatılıblar, onlardan 28 nəfər partiya xətti ilə, digərləri isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüblər. “ReAL Cümhuriyyətçilər İttifaqı” 31 namizədlə seçkilərə qatılır. Partiyanın sədri İlqar Məmmədov və üzvləri Rəsul Cəfərov, Zaur Qurbanlı seçkilərə buraxılmadı. “Hərəkət Seçki Bloku” 18 nəfərlə seçkilərə qatılsa da, 16 nəfərin namizədliyi qeydə alındı. 30 nəfər Demokrat Partiyasından namizədliyini irəli sürsə də, 10 nəfəri qeydə alınıb. Ana Vətən Partiyasından 62 nəfər namizəd olmaq üçün sənədlərini DSK-lara təqdim etmişdi, amma 14 nəfərin namizədliyi qeydə alındı. Ümid Partiyasından 80-dən çox şəxs namizədliyini irəli sürsə də, onlardan 21 nəfəri qeydə alındı. Müasir Müsavat Partiyasının 8 nəfər üzvündən 5-i qeydə alınıb. Azərbaycan Milli İstiqlal Partiyasının irəli sürdüyü 16 nəfərdən 9 nəfər qeydiyyata alınıb.

Ana səhifəSiyasətAnar Məmmədli: Bitərəf namizədlərin çoxu texniki xarakterli namizədlərdir