Anar Bağırovun cəza xəbərdarlığı vəkillərin ifadə azadlığı kontekstində

İfadə Azadlığı – Shutterstock/Anton Vierietin

“Son zamanlar müşahidə edirik ki, bəzi vəkillər sosial şəbəkələrdə müəyyən məhkəmə proseslərini ictimai müzakirəyə çıxarır, bəzən isə bunu qeyri-etik formada edirlər. Birmənalı şəkildə bildirirəm ki, indiyədək biz bu hallarla bağlı xəbərdarlıqlar etmişik. Lakin bu gündən etibarən bu məsələdə daha ciddi tədbirlərin görülməsi zəruridir”.

Bunu iyulun 18-də Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov  deyib. O bildirib ki, məhkəmə proseslərini ictimai müzakirəyə çıxaran vəkillər barəsində intizam tənbehi tətbiq edilə bilər.

Azərbaycan Avropa Şurası ölkələri arasında vəkillərin cəzalandırılmasında pioner ölkə kimi çıxış edir. Bir çox beynəlxalq təşkilatlar Azərbaycanda vəkillərin qanunsuz olaraq siyasi motivlərlə cəzalandırıldığını, o cümlədən vəkil peşəsi ilə məşğul olmaq hüququndan məhrum edildiyini bildirir və bu praktikaya son qoyulmasına çağırışlar edir.

“Vəkil Ovu”

İndiyə qədər bir sıra tanınmış vəkillər, o cümlədən Xalid Bağırov, Müzəffər Baxışov, Əlayif Həsənov və Elçin Namazov məhkəmədə etdikləri çıxışlara və ya ictimai bəyanatlarına görə Vəkillər Kollegiyasından xaric ediliblər. İndiyə qədər Avropa İnsan Hüquqları Məhkəməsi onların Kollegiyadan xaric olunmasının hüquq pozuntusu olmasına dair qərarlar qəbul edib.

Meydan TV Vəkillər Kollegiyasının sədri Anar Bağırovun bəyanatının yerli qanunvericiliklə və beynəlxalq hüquqi tələblərlə uzlaşıb-uzlaşmadığını araşdırır.

İlk növbədə, Azərbaycan Respublikası Konstitusiyasının 47 və 50-ci maddələri söz və fikir azadlığını, eləcə də məlumat azadlığını təmin edir. Konstitusion hüquq normaları deyir ki, söz və fikir azadlığına məhdudiyyət o hallarda qoyula bilər ki, bu məhdudiyyət legitim məqsəd və zəruri şərtə xidmət etsin və qanunun nəzərdə tutduğu halları əhatələsin.

Vəkillik peşəsini tənzimləyən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsi vəkillərin hüquqlarını müəyyənləşdirir. Həmin maddədə birbaşa olaraq vəkillərin ifadə azadlığı göstərilməsə də, həmin normaya əsasən, vəkillər müstəqildirlər və yalnız qanunun tələblərinə tabedirlər. Bu normaya uyğun olaraq vəkillərin ifadə azadlığı hüququnun Qanunla qorunduğu qənaətinə gəlmək mümkündür.

16-cı maddə deyir ki, vəkillərin vəzifələrindən biri vəkil etikasına riayət etməkdir. Həmin qanunun 18-ci maddəsinə uyğun olaraq isə vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir.

Beləliklə, müvafiq qanunvericilik əsasında vəkillərin ifadə azadlığının sərhəddinin vəkil etikasına riayət etmək olduğu nəticəsi hasil olur. Vəkil etikasının detalları Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə tənzimlənir. Həmin əsasnamənin II bəndi vəkillərin sosial şəbəkələrdə çıxışları ilə bağlı çərçivələr müəyyənləşdirir:

“Vəkil kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və ictimai yerlərdə vəkilliyin nüfuzunu ləkələyən, Vəkillər Kollegiyasının orqanlarının qərarları barədə cəmiyyətdə yanlış təsəvvürlər yarada bilən hərəkətlərdən və ictimai çıxışlardan, təhqir və böhtan xarakterli məlumatların yayılmasından çəkinməlidir. Vəkil kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və kütləvi çıxışlarda dövlət, qeyri-dövlət və onların vəzifəli şəxsləri barəsində əsassız, böhtan xarakterli məlumatların yayılmasına yol verməməli və həmin şəxslərə qarşı qeyri-etik ifadələr işlətməməli və davranışlara yol verməməlidir.”

Qeyd edilən qanunvericiliyin təhlili göstərir ki, vəkillərin kütləvi çıxışlar etməsi, o cümlədən sosial şəbəkələrdə məlumatlar paylaşması özlüyündə qadağan edilməyib. Bu cür çıxışlara münasibətdə yeganə məhdudiyyət vəkilin əsassız, böhtan xarakterli məlumatlar yaymaması və qeyri-etik ifadələrə yol verməsidir.

Nəticə etibarilə, VK-nın sədri A. Bağırovun vəkillər tərəfindən məhkəmə proseslərinin ictimai müzakirəyə çıxarmasının vəkilin vəzifələri ilə ziddiyyət təşkil etməsinə dair bəyanatı vəkillik fəaliyyətinə dair qanunvericilikdən irəli gəlmir. Qeyd etdiyimiz kimi, həmin qanunvericilik yalnız vəkilin qeyri-etik ifadələrə yol verməməsinə dair öhdəlik nəzərdə tutur. Bu baxımdan A. Bağırovun bəyanatı vəkillərin məhkəmə proseslərini ictimai müzakirəyə çıxarmasına dair hissədə əsassızdır və qanunvericilikdən irəli gəlmir (o, yalnız qeyri-etik ifadələrə dair mövqeyində haqlıdır).

Həmçinin AİHK-in 10-cu maddəsi ilə təsbit edilmiş ifadə azadlığı hüququ vəkillərə də aid hüquqdur. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında vəkillərin ifadə azadlığı hüququnu müəyyənləşdirib.

Yuxarıda da qeyd edildiyi kimi, bura Azərbaycanda vəkillərin peşədən xaric edilməsinə dair qərarları da aiddir. Məsələn, Xalid Bağırovun Azərbaycana qarşı şikayəti üzrə işdə Avropa Məhkəməsi Bağırovun İlqar Məmmədovun məhkəməsi vaxtı verdiyi bəyanatlarına görə 2015-ci ildə Kollegiyadan çıxarılmasını pozuntu kimi tanımışdı. Avropa Məhkəməsinin mövqeyinə əsasən, Bağırov sadəcə peşəkar vəkil kimi müvəkkilinin məruz qaldığı hüquq pozuntularını tənqid etmişdi.

2016-cı ildə ifadə etdiyi fikirlərə görə məhkum edilməsi əsasında Əlayif Həsənov da VK-dan xaric edilmişdi. İş üzrə Avropa Məhkəməsinin qərarına görə,  Azərbaycan hökuməti Ə. Həsənovun ifadə azadlığı hüququnun pozuntusu etiraf edib. Həmçinin, onun kolleqadan xaric edilməsi məhkəmə qərarı ilə yox, kolleqanın rəyasət heyətinin qərarı ilə olub.

Həsənovun işi üzrə Azərbaycanın pozuntunu qəbul etməyi, vasitəli şəkildə vəkillərin ifadə azadlıqlarının çərçivəsinin daha geniş olduğunu tanıması demək idi.

Avropa Məhkəməsi vəkillərin ifadə azadlığı işləri ilə bağlı bu cür nüanslı yanaşmanı digər işlərdə də nümayiş etdirib.

Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsi də vəkillərin ifadə azadlığının Konvensiyanın 10-cu maddəsi ilə qorunduğu qənaətinə gəlib və sırf məhkəmə proseslərini ictimai müzakirəyə çıxarmağa görə vəkillərin cəzalandırılmasını Konvensiyasının pozuntusu kimi qiymətləndirib.

Nəticə etibarilə, A. Bağırovun vəkillərin məhkəmə proseslərini sosial şəbəkələrdə müzakirəyə çıxarmaqla vəkil etikasını pozmalarına və buna görə intizam tənbehinə məruz qalmaq ehtimallarına dair bəyanatı Azərbaycan Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan ifadə azadlığının pozuntusudur. Eləcə də vəkillik fəaliyyətinə dair qanunvericilik məhkəmə proseslərini sosial şəbəkələrdə müzakirə etməyi qadağan etmir. Vəkillik etik kodeksi yalnız qeyri-etik ifadələrin işlənməsini vəkil etikasının pozuntusu sayır.

Ana səhifəSiyasətAnar Bağırovun cəza xəbərdarlığı vəkillərin ifadə azadlığı kontekstində