Ana: Qonşu 15 yaşlı qızıma təcavüz edib, pul verib məsələni bağlamaq istəyirlər

“Mənə deyirlər, abort üçün polisdən kağız almalıyam”

Source: Specify Source


“Qızımı incitmədən hamiləliyin sonlandırılmasını istəyirəm”

15 yaşlı H.A hamilədir. Anası onun təcavüzə uğradığını deyir. Hadisə Beyləqanın kəndlərindən birində olub. Azyaşlı əslən Füzuli rayonundandır. Sentyabrın 27-də başlayan müharibədən bir neçə gün sonra anası 4 övladını da götürüb Beyləqanın kəndlərinin birində kirayə mənzilə yerləşib. Ailə evlərinə dəyən ziyan tam qarşılanana qədər, 5-6 ay burada yaşayıb…


“Adam qızıma otaqda təcavüz edəndə bacısı onun qışqırığına gəlib”

Ana iddia edir ki, qızına bu kənddəki qonşusu, 38 yaşlı F.M təcavüz edib:

“Evimizə yeni qayıtmışdıq. Bakıdan bibim gəlmişdi. Qayıdanda böyük qızım ona dedi ki, mən də səninlə getmək istəyirəm. İcazə verdim, bibim qızımı götürüb apardı. Yolda uşağın halı pisləşib, qaytarıb, ürəkbulanması olub. Evə çatanda da vəziyyəti düzəlməyib və bibim onu yaxınlıqdakı poliklinikaya aparıb. Aprelin 6-da məlum olub ki, uşaq 2 aylıq hamilədir”.

Ana yaşadıqlarını nəql edir, etdikcə də səsi titrəyir, halı pisləşir. Deyir, bu, onun yatsa yuxusuna girməyəcək bir hadisədir:

“Bibim zəng etdi ki, gəlirəm, səninlə danışacam, işim var. Artıq qızımla söhbət etmişdi. Uşaq ona kimin təcavüz etdiyini, hadisənin necə olduğunu danışıb. Sən demə, hadisə ikinci qızımın gözü önündə olub. Adam qızıma otaqda təcavüz edəndə bacısı onun qışqırığına gəlib. Qapını bağlayıb, onu içəri buraxmayıb. Uşaq qışqırıb ki, bacımı döyürsən? İçəridən cavab verib ki, yox, döymürəm. Sonra da uşaqları qorxudub, deyib: “Ananıza nəsə desəniz, sizi kəsərəm”. Onlar da susublar”.


“Özümü o qədər döydüm ki, bədənimin göyərtisi uzun müddət getmədi”

Ana həmin zamanlar böyük qızında bir qəribəliyin olduğunu sezib. Ancaq ağlına belə bir şey olacağı gəlməyib:

“Düşündüm ki, kənddən bir az gec çıxdıq. Yəqin atışma səsləri onu qorxudub. Açığı, böyük qızım bir az qapalı uşaqdır. Bir-iki dəfə nə olduğunu soruşdum, dinmədi. Mən də elə müharibənin təsiri olduğunu düşünüb, əl çəkdim. Bibim mənə qızımın 2 aylıq hamilə olduğunu deyəndə özümü o qədər döydüm ki, bədənimin göyərtisi uzun müddət getmədi. Uşağın nə günahı var? 38 yaşlı, 3 uşaq atası utanmalıdır bu hadisədən. Sonacan qızımın arxasındayam və istəyirəm ki, bunu edən ən layiqli cəzanı alsın”.

Ana hadisəyə şahid olan digər qızının da halının yaxşı olmadığını bildirir:

“Azdan-çoxdan ağılları kəsir və nə baş verdiyini anlayırlar. Onlar üçün bunu qəbul etmək çətindir”.


Azyaşlının intihara cəhdi

Ananın sözlərinə görə, hadisə kiçik qızına da psixoloji təsir edib, özünə zərər verir:

“Qolları qıpqırmızıdır. Qaşıyır, nə edir, bilmirəm. Bir dəfə də az qala intihar edəcəkdi. Bıçaqla həmin qaşıdığı yeri kəsmişdi, yaxşı ki dərin deyildi. Ekspert təyin edib ki, həmin şəxs mənim qızımla qeyri-ənənəvi yolla da münasibətə girib. Bunu eşidən hansı ana dözər? Ürəyim partlayır, yanıb-tökülürəm”.

image_from_ios (2).jpg
Ana hadisəyə şahid olan digər qızının da halının yaxşı olmadığını bildirir


Ana istintaqın gedişindən narazıdır

Meydan TV-yə danışan ana istintaqın gedişindən narazı olduğunu deyir. Bildirir ki, o, hadisəni bilən kimi 102-yə müraciət edib:

“Dedim, qoy dövlətimizin bu işdən xəbəri olsun. Tovuzda azyaşlını qurşaqdan aşağı yandırıb qanını batırdılar. Mən qızımın başına belə şeylərin gəlməsini istəmirəm. Nə qədər ki, bu insanlarla bağlı ədalətli qərar çıxarılmır, davamı gələcək”.

Ananın sözlərinə görə, zorakılıq törətməkdə şübhəli bilinən şəxsi Cinayət Məcəlləsinin 152-ci maddəsi (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə; yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə) ilə yarğılayırlar. Bunun da cəzası üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmədir. O, bununla razı deyil. Deyir, bu əməli törətmiş insanlar üçün 3 il qısa müddətdir. Sabah həbsdən çıxıb yenə eyni əməli başqasına qarşı törədə bilər və bu, cəmiyyət üçün təhlükəlidir:

“Bu adamlar azadlıqda olmamalıdır. Bir uşağın həyatını, psixologiyasını korlamağın cəzası 3 ildən sonra azadlıqla mükafatlandırılmaqdırsa, heç kim bu əməllərdən çəkinməz. Hələ həbs edilməsi də sual altındadır, bəlkə də birbaşa azadlığa buraxıldı. Dünən polis şöbəsində üzləşmə idi. Adam heç peşman deyil, əksinə, məni və qızımı ən pis söyüşlərlə təhqir etdi. Bir sözlə, qoyulan maddə məni qane etmir. Böyük qızımın başına bu iş gəlib, digər uşağımın psixologiyası pozulub, uşaqlarım məktəbə getməyə qorxur, biz qorxu içində yaşayırıq”.


“Mənə pul təklif edirlər ki…”

Ana deyir ki, 1 aydır şikayət etməsinə baxmayaraq, qızına qarşı zorakılıq törədən şəxsi bu günlərdə həbs ediblər. Bundan sonra qarşı tərəfin qohumları onlara üzrxahlığa gəliblər:

“Mənə 2 min manat təklif edirlər ki, problemləri həll et, söhbəti bağlayaq. Biz hansı zəmanədə yaşayırıq ki, ailəmin başına gələn fəlakəti pulla örtmək istəyirlər? Mən o uşaqları zülmlə, kasıblıqla, tək böyütmüşəm. İndiyədək heç kim yanımda olmayıb. Adicə sosial yardım nədir, almıram. Uşaqpulu verilmir. Ona görə bu zülmlərə dözməmişəm ki, mənim uşağımın başına belə işi gətirsinlər və sonra da ört-basdır etsinlər. Hansı insan namusunu pula satar? Yenidən Daxili İşlər Nazirliyinə məktub yazdım ki, nə haqla bu cinayəti törətmiş şəxsin əməlini pulla ört-basdır edirlər?”

Ananın bu gün 2 istəyi var. Birincisi, ədalətli istintaq araşdırması və cəza. İkincisi də, qızını incitmədən, ona zərər vermədən hamiləliyin sonlandırılmasıdır:

“Mənə deyirlər, abort üçün polisdən kağız almalıyam. Bilmirəm polisə nə deyim, nə edim. Birdən-ikiyə başıma belə iş gəlməyib. Bilmirəm hara, hansı həkimə müraciət edim. Çox çıxılmaz və çarəsiz durumdayam”.

image_from_ios (3).jpg
Bahadur Hüseynov isə bildirib ki, bu hadisədə zorlamadan söhbət gedə bilməz


Müstəntiq: “Zorlama yoxdur”

Problemlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb. Ailəyə edilən zənglər cavabsız qalıb.

Füzuli Rayon Prokurorluğunun baş təhqiqatçısı Süleyman Süleymanov Meydan TV-yə bildirib ki, iş artıq onlarda deyil:

“Prokurorluq işi istintaq idarəsinə göndərib və müstəntiq Bahadur Hüseynovun icraatındadır”.

Bahadur Hüseynov isə bildirib ki, bu hadisədə zorlamadan söhbət gedə bilməz. Hazırda onlar faktla bağlı Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə iş aparırlar:

“Zorlama yoxdur. Odur ki, Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. Çox adam çox şey deyər. İstintaq gedir. Dəqiqliyi ilə bilmək istəyirsinizsə, rəsmi müraciət edin. Telefonda hər şeyi deyə bilmirik, olmaz”.

Müstəntiq nəyə əsasən zorlama olmadığı qənaətinə gəldiyinə aydınlıq gətirməyib.

Vəkil Fariz Namazlı Meydan TV-yə deyib ki, yaşı 16-dan aşağı olan zərərçəkənin razılığı olmayıbsa, bu halda 149.2.3-cü maddə üzrə ititham elan edilməlidir:

“15 yaşlı qızın razılığının olub-olmamasını, ümumiyyətlə, bu əlaqəni dərk edib-etməməsini ekspertiza rəyi ilə müəyyən etmək olar. Əgər ekspert rəy versə ki, qız bu hadisələrin mahiyyətini başa düşməyib, onu dərk etmir, bu zorlama kimi qiymətləndirilməlidir”.

“Ola bilər, müstəntiq rəyi alıb və qızın ifadəsində də göstərilib ki, könüllü etmişəm, mahiyyətini başa düşürdüm. Anası şikayət edə bilər. Həm də qız ifadə verəndə anası ya atası (varsa) qanuni nümayəndə olur, o da dindirmədə iştirak edir. O, qızın necə ifadə verdiyini bilər. Əgər anası şikayətçidirsə, prokurorluğa şikayət yazsın, maddənin dəyişdirilməsini istəsin”, – deyə vəkil fikrini yekunlaşdırıb.

Ana səhifəBölgəAna: Qonşu 15 yaşlı qızıma təcavüz edib, pul verib məsələni bağlamaq istəyirlər