Zərərçəkən ailə qərarla razılaşmır
Bu il aprelin 23-də
Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzi
ndə yerli sakin, 32 yaşlı Bəylərova Zərifə Qəribxan qızının doğuş zamanı vəfat etməsi ilə bağlı açılan cinayət işi üzrə icraata xitam verilib.
Toplanmış istintaq işinin materiallarına əsasən, Zərifə Bəylərovanın ölümü faktında, hər hansı bir şəxsin cinayət tərkibli əməlinin əlamətləri müəyyən olunmayıb.
Məhkəmə-tibbi ekspertizasının 20 iyin 2019-cu il tarixli rəyində göstərilib ki, mərhum doğuş zamanı qanaxmadan vəfat edib. Qanaxma uşaqlıq boynunun ön divarının 11 santimetr uzunluqda cırılması, həmçinin döllə, ciftin qarın boşluğuna düşməsinə görə baş verib.
Zərifə Bəylərovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xəstənin müxtəlif vaxtlarda dörd dəfə etdirdiyi abortlar zamanı uşaqlıq boynunda dərin çapıqlar yaranıb. Həmin çapıqların cırılması da onun ölümünə səbəb olub.
Bununla da, Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə açılan istintaq işi 2019-cu il iyulun 15-də yekunlaşdırılıb.
Mərhumun ailəsi qərarla razılaşmır.
Zərifə Bəylərovanın bacısı Xuraman Nurməmmədova Meydan TV-yə açıqlamasında iddia edib ki, cinayət işi qeyri-şəffaf aparılıb. Bildirib ki, bacısı və körpəsinin ölümünə ginekoloq-həkim Aynur Quliyevanın tibbi səhvi və səhlənkarlığı səbəb olub:
“Aynur bacımı öldürdü, sonra evini satıb, pul verdi, canını məhkəmələrdən qurtardı. Zərifənin də üç uşağı ortalıqda yetim qaldı. Doğuş zamanı bacımın vəziyyəti ağırlaşsa da, onu əməliyyata götürmədilər. Can verəndə, dedi ki, həkim, mən ölürəm, çarə qıl. Vaxtında əməliyyata götürülsəydi, qız sağ qalardı”.
“Zərifə gülə-gülə, danışa-danışa köçdü bu həyatdan. O, doğuşa gedəndə, heç ölənə oxşamırdı. Xəstəxananın yeməkxanasında gedib, çay içib, qızlarla söhbətləşib”, – mərhumun anası Gülarə Muxtarova Meydan TV-yə deyir:
“Düzdür, doğuş zamanı mən yanında olmamışam. Amma qızım Xuraman deyir ki, Aynur əməliyyat üçün əlində təsdiq edən sənədin olmamasını bəhanə edib. Nə olsun, əlində kağız yoxdur, sənin xəstən ölür axı. Neçə illərin həkimisən, xəstəyə baxan kimi bilməlisən ki, doğacaq, ya əməliyyatlıq olacaq. Bunlar ancaq onu bilirlər ki, xəstələrdən pul alsınlar. Bununla da işlərini bitmiş hesab edirlər. Çoxu artıq doğuş üçün Quba xəstəxanasına gedir. Çünki Aynur həkim düz 16 ana və uşaq ölümünə bais olub. Xəstəxananın qapısından içəri ayağını qoyursan, ancaq pul istəyirlər. İnsan həyatı onlar üçün heç nədir”.
Qızının ölümündən sonra 63 yaşlı Gülarə Muxtarovaya nəvələrinin uşaq evinə verilməsi tövsiyə olunub. Nənə razılaşmayıb, bundan sonra hər üç uşağın qəyyumluğu ona verilib:
“İcra Hakimiyyətində dedilər ki, sizə bu uşaqları saxlamaq çətin olar, yetimxanaya verin. Mən də dedim ki, niyə balalarımı uşaq evinə verməliyəm? Nənəsi, xalası olmasa, uşaq kimsəsiz olsa, başqa məsələ. Amma uşaqlar kimsəsiz deyil axı. Ata-ana yoxdur, nənə, xala ki var. Yeddi övlad böyütmüşəm. Mənim üçün uşaq saxlamağın heç bir çətinliyi yoxdur. Sadəcə olaraq, maddi imkansızlıqdır. Allah ömür versin, bu uşaqları sağ-salamat böyüdüm.
Nəvələrimin qəyyumuluğu mənə veriləndən sonra, dövlət tərəfindən ümumilikdə ayda iki yüz qırx manat pul ayrıldı. Bir uşağın paltar bazarlığı elə iki yüz manat tutur. Hər uşağa görə iki yüz manatı haradan alım? Vallah dolanmaq olmur. Yaşlı adamam, sabah-birigün başımı yerə qoyub ölsəm, bu üç uşağın halı necə olacaq bilmirəm. Qız altıncı, oğlan isə üçüncü sinifdə oxuyur. Balaca oğlu isə hələ körpədir. Tək istəyim odur ki, bu işə ədalətlə baxılsın, balamın qanı yerdə qalmasın”.
Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Dadaş Hümbətov Meydan TV-yə Zərifə Bəylərovanın ölüm faktı ilə bağlı gedən cinayət işindən ümumiyyətlə, xəbərsiz olduğunu bildirib:
“Səhiyyə Nazirliyi və mənim tərəfimdən öhdəmizə düşəni etmişik. Prosesin nə ilə yekunlaşdığından xəbərim yoxdur. Mən prokuror, nə də hakim deyiləm ki, kiməsə iş kəsim, cəza verim. Məhkəmədən soruşun ki, bu adamın təqsiri vardısa, niyə məsuliyyətə cəlb etmədiniz? Hazırda xəstəxanada işləyir. Əgər onun təqsiri varsa, tutsun, niyə tutmur? Mən adam tutanam? Mən baş həkiməm. Onun cəzasını verib, son xəbərdarlığımı etmişəm. Durub, işdən çıxaracağam, gedib, məni məhkəməyə verəcək. Məhkəməni uduzacağam, bu yaşımda özümü yüngül etmiş olacağam.
Hələ digər şikayətçi Siyəzən rayon sakini
Möhübbət İsrafilov
bizi məhkəməyə verib.
Onun qızı Aytən Qasımova keçən il iyunun 11-də bizim xəstəxanaya hamilə vəziyyətində daxil olub. USM müayinədən sonra həkimlər onu qeysəriyyə əməliyyatına götürüb. Əməliyyatdan 20 dəqiqə sonra isə pasiyent vəfat edib. Bu da tibb bacısının diqqətsizliyi ucbatından baş verib. Oktyabrın 6-da məhkəmədir. 100 min mənəvi, 10 min manat isə maddi ziyana görə iddia qaldırıblar. Tibb bacısına min dəfə tapşırılıb ki, bu iynəni (“Analqin”-red) vurmaq olmaz. Vurub, xəstə ölüb. Bunun ziyanını mən çəkməliyəm?”
Ginekoloq-həkim Aynur Quliyeva Meydan TV-yə bildirib ki, ekspertiza rəyinə əsasən, Zərifə Bəylərovanın uşaqlıq boynunda köhnə dərin çapıq olub:
“Bu da dörd dəfə etdirdiyi abortlarla bağlıdır. Doğuşa gələndə də, cırılma özbaşına gedib, doğuşla əlaqəli olmayıb. Bunu prokurorluq açıqladı, abort olunan illər tibbi sənədlərlə təsdiq olunub.
Tibbi ekspertizanın cavabına əsasən də qərar qəbul olundu. Ölüm faktının tibb işçilərinin günahından olmadığı üçün iş bağlandı.
Aytən Qasımova isə anaflaktik şokdan vəfat edib. Yəni bu işin mənimlə əlaqəsi yoxdur, tibb bacısının səhlənkarlığından olub. Mən əməliyyatı uğurla başa vurub, xəstəni tibb bacısına təhvil vermişəm. Tutalım, mən bir xəstəyə baxıb, keçdim. Kimsə ona bıçaq vurdu, öldürdü, burda mənim günahım yoxdur axı. Günahı olan cəzasını çəkir. Həmin tibb bacısına 2 il 6 ay müddətində icbari iş kəsilib, özü də xəstəxanadan çıxarılıb”.
İstintaq işini aparan müstəntiq Şahin Mehdiyev isə Meydan TV-nin cavablandırmaqdan imtina edib.