Biz Rusiyanın ən soyuq vilayətlərindən birində, Amurda yaşayırdıq. Bu vilayətdə qışda stəkandan tökülən su yerə buz şəklində çatırdı. Açıq havada qalan burun və qulaqlar şaxta vurduğundan, kəsilməli olurdu. Belə havada, səhər saat beşdə anam artıq sırıqlısını geyinib, valenkalarını ayağına keçirərək, şalına bürünmüş olurdu. Birazdan onu fermaya aparacaq sarı avtobusun səsi gələrdi. Biz yuxulu-yuxulu anlardıq ki, anamız axşama qədər işləməyə gedir. Gündüzlər ağır işdə işləyib, axşamlar paltarımızı yuyan, yemək bişirən, çirkli qab-qacığ yuyan, evə gələcək qonaqlara yemək hazırlayan bu qadının o vaxtlar cəmi 25 yaşı vardı. İyirmi beş yaşında ağır zəhmətdən onun əlləri, üzü, dodaqları, ən pisi isə ürəyi kobudlaşmışdı. O həm pul qazanan, həm qab yuyan, yemək bişirən, paltar yuyan bir maşına çevrilmişdi. Onun hamımıza göstərdiyi diqqət də mexaniki idi – yeməyimizi hazır eləmək, paltarımızı yumaq və həddimizi aşanda şillələmək.
1990-cı ildə Qarabağa qayıtdıq. Ailə gələcəyini burada görürdü. Ev tikməyə başladıq. Anam indi də ev tikmək maşınına çevrildi. İndi onun işi qum ələmək, sement qarışdırmaq, tikinti üçün gələn kərpicləri daşımaq, boş vaxt tapıb, ustalara yemək hazırlamaq idi. O illərdə özünə baxmağa vaxt tapmayan qadının bizə baxmağa heç vaxtı olmurdu. Oxuduğumuz məktəbdə biz bəlkə də ən səliqəsiz uşaqlar idik. Əslində o biri uşaqlar da bizdən çox seçilmirdi, çünki mənim yaşadığım əyalətdə bütün uşaqların anaları eyni həyatı yaşayırdılar.
Sonra biz köçkün düşdük. Yerləşdiyimiz çadır şəhərciyində anamızın gündə 24 saat qayğısı bizi doyuzdura bilmək idi. O yazda, yayda alağa gedir, payızda pambıq yığırdı. Qazandığı qəpik-quruşu aldığımız cüzi yardımlara düyüb, bizi birtəhər dolandırmağa çalışırdı. Kasıblıq, aclıq, köçkün həyatı, səfalət…94-98-ci illər Azərbaycan köçkünlərinin çadır həyatı ayrı bir mənzərə idi. Çadırlar bir-birinin qarnında qurulmuşdu. Normal evlərin mətbəxindən balaca çadırların hər birinə bütöv bir külfət sığışmalı idi. Hamı bu balaca yerdə yemək hazırlamalı, yeməli, əşyalarını yerləşdirməli, yatmalı, çimməli, paltarını yumalı idi. Bütün şəhərciklərdə antisanitariya baş alıb gedirdi. Doğulan körpələrin çoxu qışda soyuğa, yayda istiyə davam gətirə bilməyib ölürdü. Epidemiyalar başlamışdı. Ən pisi isə insanların mənən alçalması idi. Bir neçə il əvvəl bir-birilərinə qoyun kəsən, sovqat aparan, bağçalarının barını satmağı özlərinə yaraşdırmayan adamlar indi bir dənə artıq çörək almaq üçün yardım maşınını yanında bir-birilərini qoca-qadın-uşaq demədən tapdayıb keçirdilər…
Anam, cəmi 28 yaşı olan anam, bizi bu vəşhiliyin, kasıblığın, səfalətin içində böyüdürdü. 28 yaşlı anamın dırnaqlarında lak, üzündə boya, əynində təzə paltar görməzdim. Ömründə əlinə kitab aldığını görməzdim. Xoş, mehriban danışdığını eşitməzdim. Həyat onu ildən ilə qocaldır və kobudlaşdırırdı.
Mən heç vaxt onun taleyindən şikayətləndiyini eşitmədim. O elə bir yerdə, elə bir ailədə doğulmuşdu ki, nə ailəsindən, nə ərindən, nə də həyatdan heç bir gözləntiləri ola bilməzdi. O payına düşən qisməti ağlamadan, şikayətlənmədən yaşayırdı. Onun hər günki ağır və üzücü zəhməti, kasıblığı, həyatının çətinliyi barədə yüksək qəanətləri yox idi. Anam üçün bu nə qəhrəmanlıq, nə fədakarlıq idi – bu, sadə həyat, onun yaşamalı olduğu həyat idi.
O məni ilk dəfə 18 yaşım olanda, universitetə qəbul olunduğum gün öpüb. 18 yaşıma qədər mən ondan bir tikə nəvaziş görməmişəm. O heç vaxt saçlarımı sığallamayıb. Daramayıb. Hörməyib. Süfrə hazırlayıb, məni əzizləyə-əzizləyə masaya çağırmayıb. Əynimi daha isti geyinim deyə, təkid eləməyib.
Bütün bunları o mən böyüyəndən, işləyəndən sonra eləməyə başladı. Yox, onun qəlbi incəlməmişdi. Mən onun sadə, kəndli, amma təpədən-dırnağa qədər həyat müdrikliyini ancaq bu həyatın bütün çətinliklərini özüm görüb, özüm yaşayandan sonra anladım.
Anam mənə çörəyə ehtiyacım olanda çörək, sığala ehtiyacım olanda sığal vermişdi.
Mənsə oxuduğum bütün kitablara, həyata elədiyim bütün etirazlara rəğmən ona heç nə verə bilməmişəm.
Ünvanına səsləndirilən söyüşlərdən, lənətlərdən, qarğışlardan başqa…