Anar Məmmədli: “Siyasi məhbuslara münasibətdə ayrı-seçkilik var”
Ötən ilin noyabrın 5-də imzalanan Amnistiya Aktı nəticəsində azad olunanlardan 49-u əcnəbi vətəndaşdır.
Bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.
O, amnistiya tətbiq edilən şəxslərdən 505-nin qadın, 20-sinin yetkinlik yaşına çatmayanlar olduğunu söyləyib: “Bundan əlavə, amnistiya aktı tətbiq edilənlərdən 363-ü 60 yaşdan yuxarı olanlar, 6-sı isə Vətən müharibəsi iştirakçılarıdır”.
“Amnistiya Aktı siyasi məhbuslardan 2 nəfərə şamil olunub”
İnsan Haqları Klubunun direktoru Rəsul Cəfərov Meydan TV-yə Amnistiya Aktının icrasının martın 5-də qədər davam edəcəyini söyləyib.
Onun sözlərinə görə, “Zəfər Günü” ilə bağlı imzalanan Amnistiya Aktı siyasi məhbuslardan 2 nəfərə şamil olunub: “Biri “Gəncə işi”ndə həbs edilən Ülvi Həsənliydi. O, azad edildi. İkinci də AXCP üzvü Əlizamin Salayevdir ki, onun cəzasından 6 ay çıxılacaq və vəkilləri bununla bağlı məhkəməyə ərizə veriblər. Amma yekun qərar qəbul edilmədiyindən hələ siyasi məhbuslardan bir nəfər buraxılıb”.
Rəsul Cəfərov hesab edir ki, Amnistiya Aktı siyasi məhbuslardan az adama tətbiq edilib: “Bizim gözlənti və çağırışımız o idi ki, daha geniş akt olsun. İstəyirdik ki, bu aktdan daha çox məhbus ailəsi bəhrələnsin. Gərək “Zəfər Günü” ilə bağlı akt əvvəlkilərdən fərqlənəydi. Amma aşağı-yuxarı eyni oldu. Məsələn, 2013 və sonrakı illərdəki aktlarla əhatə dairəsi baxımından fərqlənmədi. Bəli, özü-özlüyündə əfv fərmanları və Amnistiya Aktlarının imzalanması müsbətdir, çünki hansısa məhbuslar bundan bəhrələnirsə, buna necə neqativ yanaşmaq olar?! Ancaq az sayda siyasi motivli işləri əhatə etməsi narahatlıq doğurur”.
“Hakimiyyətin siyasi məhbus problemini həll etməklə bağlı niyyəti yoxdur”
İnsan hüquqlarının müdafiəçisi Anar Məmmədli Azərbaycanda əfv sərəncamları və amnistiya aktlarının siyasi məhbus problemini həll etmədiyi qənaətindədir.
Onun fikrincə, siyasi məhbuslara münasibətdə ayrı-seçkilik var: “Hakimiyyətin siyasi fəalları həbs etməsi elə siyasi ayrı-seçkiliyin nümunəsidir. Eyni xətti də amnistiya aktı, yaxud əfv sərəncamları qəbul edəndə aparırlar, yəni çox az sayda siyasi motivlə həbs edilən adamların adlarını daxil edirlər. Bu, düşünülmüş siyasətdir və niyyət siyasi repressiyanı davam etdirməkdir. Məsələ ondadır ki, hakimiyyətin siyasi məhbus problemini həll etməklə bağlı niyyəti və siyasi iradəsi yoxdur. Niyyət olmadığına görə bu cür sənədlər qəbul olunanda siyasi məhbuslar da bundan faydalana bilmirlər”.
Milli Məclis 2021-ci il noyabrın 5-də “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edib.
Bu təşəbbüs Prezident İlham Əliyev tərəfindən irəli sürülmüşdü.
Bugünkü məlumata əsasən, indiyə qədər Amnistiya Aktı 9263 nəfərə tətbiq edilib.
Bildirilir ki, onlardan 4022-si Penitensiar, 5235-i Probasiya xidmətləri tərəfindən tətbiq edilib. Amnistiyanın tətbiqi nəticəsində 7529 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 1728 nəfərin isə cəzası azaldılıb.