“Amnesty International” təşkilatı Nərgiz Absalamova ilə bağlı kampaniyaya başlayıb

Nərgiz Absalamova. Foto: Ülviyyə Əli

AbzasMedia-nın həbsdə olan jurnalisti Nərgiz Absalamovanın sağlamlığı barədə “Amnesty International” təşkilatı İlham Əliyevə ünvanlı məktub kampaniyası başladıb.

Bəyanatda Absalamovaya dərhal tibbi yardım göstərilməsi tələb olunub. Həmçinin AbzasMedia-nın həbsdə olan digər əməkdaşlarının dərhal həbsdən azad olunması tələb edilib.

Təşkilat bildirir ki, jurnalist və onun vəkili Bəhruz Bayramov 4 ay əvvəl MRT müayinəsi üçün cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, həmçinin Ombudsmana müraciət etsə də, nəticə ala bilməyib. Bildirilir ki, Ombudsman Aparatı müraciəti təsdiqləsə də, hər hansı geridönüş bildirməyib. 

“Amnesty International” həmçinin həbsdə olan Meydan TV, Toplum TV jurnalistlərinin də sağlamlıq problemlərinin olduğunu və onların da tibbi müayinələrdən keçirilmədiyini qeyd edib. Təşkilat bunu qeyri-insani və ləyaqəti alçaldan rəftar kimi qiymətləndirdiyini qeyd edib.

Bəyanatda həmçinin “AbzasMedia işi” üzrə həbs olunan və müəssisədə həyatını itirən informasiya təhlükəsizliyi üzrə ekspert İlqar Əliyevdən bəhs edilib. Qeyd edilib ki, Əliyevin ölüm səbəbinin araşdırılmaması cəzaçəkmə müəssisələrində tibbi xidmətin vəziyyəti ilə bağlı narahatlıq yaradır.

2023-cü ilin noyabrından etibarən AbzasMedia-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova, həmçinin Azadlıq Radiosu-nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilib.

Onlara qarşı qaçaqmalçılıq və digər ağır maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb. Jurnalistlər ittihamları qəbul etmir və cinayət təqibinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da onların azadlığa buraxılmasına çağırıblar. İbtidai və məhkəmə istintaqı birlikdə təxminən iki ilə yaxın davam edib.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Ana səhifəSiyasət“Amnesty International” təşkilatı Nərgiz Absalamova ilə bağlı kampaniyaya başlayıb