Amnesty İnternational: COP29-a görə Azərbaycanla bağlanan Ev Sazişi insan hüquqlarına zəmanət verməlidir

“Amnesty International”. Foto: Derick P. Hudson/shutterstock

İnsan haqları təşkilatı Azərbaycanla bağlı çağırış edib

Noyabrda Azərbaycanda keçiriləcək COP29 iqlim sammitinin təşkilatçısı olan Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanla imzalanmış Ev sahibi ölkə Sazişinə (HCA) insan haqlarına təminat məsələlərini əlavə etməlidir.

“Amnesty İnternational” insan hüquqları təşkilatı belə bir çağırış edib.

Təşkilat bildirib ki, dəfələrlə edilən cəhdlərə baxmayaraq, “Amnesty International” BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) və Birləşmiş Ərəb Əmirlikləri arasında keçənilki COP üçün Ev Sazişini (HCA) yalnız bu yaxınlarda əldə edib.

“Dubaydakı tədbirin iştirakçılarının haqlarının təminatı baxımından ciddi nöqsanlar olub. Bu, Azərbaycan hökuməti ilə sazişin də COP29-da insan haqları və vətəndaş cəmiyyəti fəallığının qorunması baxımından qüsurlu olacağı, sammit öncəsi ictimaiyyətə açıqlanmayacağı sarıdan narahatlığı artırıb”, – çağırışda bildirilir.

“Amnesty International”ın İqlim Siyasəti üzrə müşaviri Ann Harrison deyib ki, Azərbaycan hakimiyyəti ilə Ev Sazişində bütün insan hüquqlarının həm tədbir məkanında, həm də tədbir məkanından kənarda qorunması və hörmət edilməsinə dair təminatlar olmalıdır.

“Bunlara ifadə azadlığı və dinc toplaşmaq hüquqları daxildir. Bu, xüsusilə vacibdir, çünki Azərbaycan hakimiyyəti tənqidi mütəmadi olaraq sərtləşdirir və son vaxtlar hüquq müdafiəçisi Anar Məmmədli və bir sıra jurnalistləri, vətəndaş cəmiyyəti fəallarını həbs etməklə fərqli fikirlərə qarşı repressiyaları gücləndirib. Biz haqsız yerə həbs edilən bütün şəxslərin azadlığa buraxılmasını tələb edirik”.

Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən törədilən kobud insan haqları pozuntularını nəzərə alaraq, UNFCCC ilə bağlanmış Ev Sazişinin imzalanmasından dərhal sonra ictimaiyyətə açıqlanması çox vacibdir.

Harrison əlavə edib ki, Azərbaycan hökumətinin törətdiyi kobud insan haqları pozuntularını nəzərə alaraq, BMT-nin Azərbaycanla HCA razılaşması imzalanandan dərhal sonra ictimaiyyətə açıqlanmalıdır. Bu COP29-da vətəndaş fəallığının necə qorunduğunu dəyərləndirmək üçün vacibdir. Harrison BMT-nin müvafiq katibliyini bütün keçmiş və gələcək HCA sənədlərini də şəffaflıq naminə öz vebsaytında yerləşdirməyə çağırır. Azərbaycanın da bu sənədi dərc etməli olduğu vurğulanır.

Təşkilat bundan öncəki COP iqlim sammitlərinin, o cümlədən Polşa, İspaniya, Böyük Britaniya, Misir və BƏƏ-də keçirilmiş tədbirlərin ifadə və sərbəst toplaşma azadlıqlarını necə məhdudlaşdırdığını sənədləşdirdiyini bildirir. Əlavə edir ki, Azərbaycanda da bu hüquqların kobud şəkildə pozulmasını qeydə alıblar və bu, COP sammiti iştirakçılarının təhlükəsizliyi sarıdan narahatlıq yaradır.

COP29 noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.

Hələlik, bu çağırışla bağlı Azərbaycan hakimiyyəti və təşkilatçı BMT hər hansı açıqlama verməyib. Lakin ölkə rəhbərliyi daim açıqlamalarında Azərbaycanda kimsənin siyasi baxışı və peşə fəaliyyətinə görə həbs edilmədiyini bildirir.

Ötən ilin noyabrından Azərbaycanda “Toplum TV”, “AbzasMedia” “Kanal13” media qurumlarının əməkdaşları olan 20-dək jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.

Ana səhifəSiyasətAmnesty İnternational: COP29-a görə Azərbaycanla bağlanan Ev Sazişi insan hüquqlarına zəmanət verməlidir