Təşkilat “AbzasMedia”nın həbsdə olan əməkdaşı Nərgiz Absalamovanın kampaniyası çərçivəsində bəyanat yayıb
“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda fəaliyyət göstərən bütün səfirlikləri “AbzasMedia”nın mayın 13-də keçiriləcək növbəti məhkəmə prosesində iştiraka çağırıb.
Təşkilat “AbzasMedia”nın həbsdə olan əməkdaşı Nərgiz Absalamovanın kampaniyası çərçivəsində bəyanat yayıb.
“Nərgiz Absalamova və onun “AbzasMedia”dakı həmkarları 2023-cü ilin noyabrından etibarən həbsdədirlər. Biz hakimiyyəti onlara və digər jurnalistlərə qarşı irəli sürülmüş bütün ittihamları ləğv etməyə, eləcə də səfirlikləri 13 mayda keçiriləcək növbəti məhkəmə iclasında iştirak etməyə çağırırıq”, – bəyanatda qeyd olunub.
“Amnesty International” təşkilatı 2024-cü ilin noyabrından etibarən həbsdə olan jurnalist Nərgiz Absalamova ilə bağlı kampaniya aparır və onun azad edilməsinə çağırış edir.
2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “AbzasMedia” nəşrinin 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, ötən ilin mayında isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə “AbzasMedia işi” çərçivəsində həbs edilib.
Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar.
2024-cü ilin avqustunda isə “AbzasMedia işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb.
İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq, jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların ləğv olunmasına dair çağırış edirlər.