“Amnesty International” Əli Kərimli və Ələsgər Məmmədlinin səhhətindən narahatdır

Foto: By Casimiro PT/Shutterstock

“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və media hüquqşünası, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədlinin səhhətinin pisləşməsindən narahat olduğunu bildirib. Təşkilat həmçinin Əli Kərimlinin keçmiş mühafizəçisi, siyasi fəal Bəhruz Həsənlinin Ukraynadan Azərbaycana ekstradisiya olunması halında işgəncə və digər qəddar rəftar riski ilə üzləşə biləcəyini qeyd edib.

“Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters Azərbaycan hakimiyyətini Əli Kərimli, Ələsgər Məmmədli və digər məhbusların zəruri tibbi yardım almasını təmin etməyə çağırıb.

“Yaxınlarının və vəkillərinin sözlərinə görə, Əli Kərimli və Ələsgər Məmmədlinin səhhəti qeyri-adekvat həbsxana şəraiti və zəruri tibbi xidmətin olmaması səbəbindən ciddi şəkildə pisləşib. Əli Kərimlinin təmiz içməli suya və havalandırmaya çıxışının məhdudlaşdırılması işgəncə və ya digər qəddar rəftar hesab oluna bilər”, – Mari Struters deyib.

Struters bildirib ki, Ələsgər Məmmədlinin vəkilləri onun səhhətindəki problemlərin həbsdə olduğu müddətdə ağırlaşdığını əsas gətirərək dəfələrlə ev dustaqlığına keçirilməsini istəyiblər.

Onun sözlərinə görə, Əli Kərimli və Ələsgər Məmmədli Azərbaycanda jurnalistləri, fəalları, hökuməti açıq şəkildə tənqid edən şəxsləri və müxalifət siyasətçilərini hədəf alan siyasi repressiyaların qurbanları arasındadır.

“Azərbaycan hakimiyyəti Əli Kərimlinin, Ələsgər Məmmədlinin və bütün digər məhbusların dərhal kifayət qədər içməli suya, havalandırmaya və bütün zəruri tibbi yardıma çıxışını təmin etməlidir. Ukrayna isə insan hüquqları üzrə öhdəliklərini yerinə yetirməli və Bəhruz Həsənlini Azərbaycana ekstradisiya etməməlidir”, – Mari Struters vurğulayıb.

Əli Kərimlinin ailəsinin məlumatına görə, o, avqustun 6-da ev dustaqlığına keçirilməsi ilə bağlı apellyasiya şikayətinə baxılan məhkəmə iclası zamanı ağır susuzlaşma səbəbindən huşunu itirib.

Ailənin bildirdiyinə görə, Kərimlinin saxlanıldığı kameraya içməli suyun verilməsi və elektrik enerjisi avqustun 5-dən dayandırılıb. Elektrik enerjisinin olmaması səbəbindən ventilyatorların da işləmədiyi qeyd olunur.

Əli Kərimli 2025-ci il noyabrın 29-da “hakimiyyəti zorla ələ keçirmə” və “konstitusiya quruluşunu zorla dəyişdirmə” ittihamları ilə saxlanılıb.

Media hüquqşünası və Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli iyulun 27-də 14 il müddətinə azadlıqdan məhrum edilib.

“Amnesty International” Məmmədli, digər media əməkdaşları və vətəndaş cəmiyyəti fəallarına qarşı irəli sürülən ittihamları “saxta” və “uydurma” hesab edir.

Təşkilatın məlumatına görə, Məmmədlinin səhhəti həbsdə olduğu müddətdə ciddi şəkildə pisləşib. Onun vəkilləri səhhətindəki problemləri əsas gətirərək ev dustaqlığına keçirilməsini dəfələrlə tələb ediblər.

Əli Kərimlinin keçmiş mühafizəçisi, siyasi fəal Bəhruz Həsənli təxminən beş ildir ailəsi ilə birlikdə Ukraynada yaşayır.

O, iyulun 27-də Azərbaycanın Baş Prokurorluğunun müraciəti əsasında Kiyevdəki iş yerində saxlanılıb. Müraciətin Əli Kərimlinin işi ilə əlaqəli olduğu və Həsənliyə Cinayət Məcəlləsinin dələduzluqla bağlı maddələri üzrə ittihamların irəli sürüldüyü bildirilir.

Həsənli ittihamları rədd edir və onları əsassız, “saxta” və siyasi fəaliyyəti ilə əlaqəli hesab edir.

Xarkovun Şevçenkivski Rayon Məhkəməsi iyulun 30-da onun azadlığa buraxılmasına qərar verib. Lakin apellyasiya şikayətindən sonra Həsənli avqustun 7-də ekstradisiya proseduru çərçivəsində yenidən saxlanılıb.

“Amnesty International” Həsənlinin Azərbaycana ekstradisiya edilməməsini tələb edir. Təşkilat onun ölkəyə qaytarılacağı halda işgəncə və digər qəddar rəftarla üzləşə biləcəyini bildirir.

Azərbaycanın aidiyyəti dövlət qurumları “Amnesty International”ın açıqlaması ilə bağlı hələlik münasibət bildirməyib.

Ana səhifəSiyasət“Amnesty International” Əli Kərimli və Ələsgər Məmmədlinin səhhətindən narahatdır