“Amnesty İnternational” Tofiq Yaqublu ilə bağlı İlham Əliyevə müraciət edib

Tofiq Yaqublu. İllüstrasiya: Meydan TV

“Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun səhhəti ilə bağlı artan narahatlıq fonunda Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

İyunun 23-də yayımlanan məktubda Tofiq Yaqublunun səhhətinin pisləşdiyi qeyd olunur və ona təcili tibbi yardımın göstərilməsi tələb edilir.

Sənəddə qeyd olunur ki, Tofiq Yaqublu saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində dizindəki ağrı və şişkinlik səbəbindən hərəkət etməkdə çətinlik yaşayır. Ailəsinin müraciətlərindən sonra o, əvvəlcə Penitensiar Xidmətin xəstəxanasında rentgen müayinəsindən, daha sonra isə Leyla Şıxlinskaya Xəstəxanasında maqnit rezonans tomoqrafiya (MRT) müayinəsindən keçirilib.

Tofiq Yaqublunun razılığına baxmayaraq, həbsxana rəhbərliyi onun dörd həftədən çoxdur edilən MRT müayinəsinin nəticələrini ailəsinə verməkdən imtina edir.

Sənəddə həmçinin qeyd edilir ki, Yaqublunun dizindəki problem hələ Kürdəxanı istintaq təcridxanasında saxlanıldığı dövrdə müşahidə olunub. MRT müayinəsindən sonra həkimin ona dizlikdən istifadə etməyi tövsiyə etdiyi, lakin ağrıların şiddətlənməsi nəticəsində hazırda qoltuqağacına ehtiyac yarandığı vurğulanır. 

Müraciətdə ailəsinin ona qoltuqağacı çatdırmağa çalışdığı, lakin buna icazə verilmədiyi deyilir.

Müraciətdə Azərbaycan hakimiyyətinə çağırış edilərək Tofiq Yaqublunun lazımi tibbi xidmətlə təmin olunması və azadlığa buraxılması tələb edilir. 

Sənəd müəllifləri dövlətin nəzarəti altında olan şəxslərin həyat və sağlamlığına görə məsuliyyət daşıdığını xatırladırlar.

Tofiq Yaqublu Müsavat Partiyasının üzvü və Milli Şuranın funksionerlərindəndir. O, 2023-cü ilin dekabrında həbs edilib. 2025-ci ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsi onu dələduzluq və sənəd saxtakarlığı ittihamları ilə 9 il müddətinə azadlıqdan məhrum edib. Yaqublu ittihamları qəbul etmir və onların siyasi motivli olduğunu bildirir.

Ana səhifəSiyasət“Amnesty İnternational” Tofiq Yaqublu ilə bağlı İlham Əliyevə müraciət edib