İddiaya “Amerika Hökumət İşçiləri Federasiyası (AFGE), Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) və daha 3 qurum qoşulub
“Amerikanın Səsi”nin (VOA) altı jurnalistinin Tramp administrasiyası və ABŞ-nin Qlobal Media Agentliyini (USAGM) məhkəməyə verdiyi bildirilir.
Bu barədə “Washington Post” qəzeti yazır.
Nəşrin məlumatına görə, jurnalistlər Nyu-Yorkun Cənub dairəsində məhkəməyə müraciət edərək, Trampın sərəncamının “Amerikanın səsi”nin əməkdaşları üçün inzibati məzuniyyətlə bağlı müddəalarının ləğvini tələb ediblər. İddiaya “VOA”nın altı jurnalistindən savayı Amerika Hökumət İşçiləri Federasiyası (AFGE), Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) və daha 3 qurum da qoşulub.
İddiada USAGM-in direktoru vəzifəsini icra edən Viktor Morales və xüsusi müşavir Keri Leykin adları çəkilir. Qeyd olunur ki, Tramp administrasiyasının USAGM-i qapatmaq yönündə addımları “VOA” işçilərinin Birinci Düzəlişlə bağlı hüquqlarının pozulmasıdır.
İddiada məhkəmədən xahiş olunur ki, USAGM vasitəsilə maliyyələşən xəbər qurumlarının fəaliyyəti bərpa olunsun.
2025-ci il martın 14-də Prezident Donald Tramp imzaladığı sərəncamla ABŞ hüdudlarından kənarda auditoriyaya yayımlanan yüzlərlə media əməkdaşını ödənişsiz məzuniyyətə göndərib. Bu, ilk növbədə, “Amerikanın Səsi” və “Azadlıq” radiosu” kimi media qurumlarının əməkdaşlarına təsir edib.
“Azad Avropa/Azadlıq Radio”ları (RFE/RL) martın 18-də ABŞ Qlobal Media Agentliyini (USAGM), eləcə də bu qurumun rəsmiləri Keri Leyk və Viktor Moralesi məhkəməyə verib.
“Azad Avropa/Azadlıq” Radiolarının (RFERL) ABŞ Qlobal Media Agentliyinə qarşı qaldırdığı iddiaya bu gün baxılacaq. İddia USAGM-ın “Azadlıq” radiosuna Konqresdən təsdiqlənmiş qrantın verilməsini dayandırması səbəbindən yayımçının “bərpaolunmaz zərər” görməsinin qarşısını almaq məqsədi daşıyır.
ABŞ Kolumbiya Dairə Məhkəməsi yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 22:00-da) iş üzrə hər iki tərəfin arqumentlərini dinləyəcək.
“Azadlıq” radiosu USAGM-dən martın 1-dən martın 15-dək olan dövrü əhatə edən 7.5 milyon dolların ödənilməsini tələb edir.