Serj Tankiyan Qarabağdakı ermənilərin hüquqlarının pozulmasını əsas gətirərək belə bir addım atdığını deyir
“System of a Down” erməni-amerikan alternativ metal qrupunun erməni əsilli solisti Serj Tankiyan Amerikanın “Imagine dragons” qrupunun sentyabrın 2-də Bakıda keçiriləcək konsertinin ləğv edilməsi üçün petisiya hazırlayıb.
Serj Tankiyan bu haqda “İnstagram”ında məlumat verib.
Müğənni bildirib ki, konsertin ləğv edilməsi məqsədilə “Imagine dragons” qrupunun nümayəndələrinə məktub yazsa da, qarşı tərəfədən cavab almayıb:
“Əmin idim ki, onlar Azərbaycanın neft-oliqarx diktaturasının Dağlıq Qarabağda 120 min insanı acından öldürməsindən və Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun baş verənləri soyqırım adlandırmasından xəbərsiz idilər”, – musiqiçi qeyd edib.
Bildirib ki, qrup üzvlərini inandırmaq üçün hətta Beynəlxalq insan hüquqları təşkilatı olan “Amnesty International”da müxtəlif dövrlərdə dərc olunan məqalələri də məktuba əlavə edib:
“Onlardan Azərbaycanda konsert vermək istəklərini yenidən nəzərdən keçirməyi xahiş etdim. Çünki Azərbaycanda konsert vermək ölkədəki diktatura rejiminin imicini təmizə çıxarmağa kömək etmək demək idi. Lakin onlardan cavab gəlmədi. Ola bilsin ki, onlar şouda iştirak edəcəkləri üçün hüquqi məsuliyyət daşıyırlar. Bəlkə də baş verənlər onları qətiyyən narahat etmir”.
Məktubuna cavab almayan Serj Tankiyan məsələni ictimailəşdirmək və bununla əlaqədar petisiya yaratmaq qərarına gəlib:
“Dağlıq Qarabağda humanitar böhran kəskinləşdiyi üçün və aclıq faktının qeydə alındığına görə mən bu məktubu və onların bu humanitar fəlakətə etinasızlıqlarını ictimailəşdirməyə məcburam. Ömrüm boyu soyqırımın tanınmasının tərəfdarı olmuşam. Həmişə demişəm ki, soyqırım rejimlərinin inkarçıları mütləq dərslərini almalıdırlar. Daha bir soyqırım Azərbaycan tərəfindən törədilir və eyni zamanda onlar Las-Veqasdan olan qrupdan həzz alırlar. Bu, düzgün deyil.
Avqustun 13-də paylaşılan petisiya “Imagine Dragons” qrupundan Azərbaycandakı konserti ləğv etməyi tələb edir.
25 min imza hədəfi olan çağırışı 16.024 nəfər imzalayıb.
“Imagine Dragons” qrupunun Azərbaycanda konserti sentyabrın 2-də “Baku Crystal Hall”da olacaq.
Biletlərin qiyməti 50 manatdan 1100 manata qədərdir.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.
44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.
10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okampo 2023-cü il 7 avqust tarixli hesabatında (“Moreno Okampo rəyi”) Azərbaycanın Qarabağ bölgəsində “soyqırımı”nın baş verdiyini iddia edib.