Prezident İlham Əliyevin qızı Leyla Əliyeva və gəlini Alyona Əliyevanın Gəncəyə səfəri zamanı 37 saylı orta məktəbin açılış mərasimində şagirdlərə hədiyyə olunan velosipedlərin Alyona Əliyeva tərəfindən təqdim edildiyi bildirilsə də, velosiped və təhlükəsizlik ləvazimatlarının əslində Azərbaycan Velosiped İdman Federasiyası tərəfindən verildiyi məlum olub.
Prezident İlham Əliyevin qızı Leyla Əliyeva və gəlini Alyona Əliyeva (adı müxtəlif mənbələrdə fərqli qeyd olunur: seçki siyahısında “Alona”, şəxsi “Instagram” hesabında “Alyona”, rəsmi saytlarda isə “Alena” kimi yazılır – red.) fevralın 8-də Gəncəyə səfər ediblər. Səfər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan Gəncə şəhər 37 saylı orta məktəbin açılış mərasimində iştirak edilib. Tədbirdə məktəbdə təhsil alan şagirdlərə Azərbaycan Velosiped İdman Federasiyası İctimai Birliyinin xətti ilə velosipedlər hədiyyə olunub.
Səfərdə Əliyevaları elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin köməkçisi və eyni zamanda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov müşayiət edib. Hadisə birinci ailəyə bağlı sosial media hesabları və hökumətyönlü media orqanlarında geniş şəkildə işıqlandırılıb.
Paylaşımlarda və xəbərlərdə velosipedlərin Alyona Əliyeva tərəfindən hədiyyə edildiyi vurğulansa da, Azərbaycan Velosiped İdman Federasiyasının yaydığı rəsmi məlumatda velosiped və təhlükəsizlik ləvazimatlarının Federasiya tərəfindən təqdim edildiyi bildirilir. Qurumun açıqlamasına görə, bu sosial aksiya şəhid və qazi ailələrindən olan uşaqları əhatə edib və məqsəd regionlarda uşaqların asudə vaxtını səmərəli təşkil etmək, sağlam həyat tərzini və ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsini təşviq etməkdir.
Federasiyadan “Qəzetçi” saytına bildirilib ki, təşkilat ictimai birlik kimi ianə və sponsorluq hesabına maliyyələşir və dövlət büdcəsindən vəsait almır. Eyni zamanda qeyd olunub ki, bu cür sosial layihələr 7 il əvvəl Təhsil Nazirliyi ilə imzalanmış memorandum çərçivəsində həyata keçirilir. Oxşar əməkdaşlıqlar Gənclər və İdman Nazirliyi ilə də mövcuddur.
Velosipedlərin qiyməti ilə bağlı Federasiya rəsmi rəqəm açıqlamayıb. Qurum nümayəndələri yalnız velosipedlərin “bahalı olmadığını” bildiriblər. “Qəzetçi”nin yerli velosiped mağazalarında apardığı araşdırmaya əsasən, hədiyyə edilən markaya aid yeni velosipedlərin birinin qiyməti 300 manatdan artıq deyil. Bu halda 50 velosipedin ümumi dəyərinin təxminən 15 min manat civarında olduğu ehtimal olunur.
Bununla yanaşı, Heydər Əliyev Fondu Gəncə şəhər 37 saylı məktəbin təmirinə nə qədər vəsait xərcləndiyi barədə də məlumat açıqlamayıb. Lakin ötən il Meydan TV-nin işıqlandırdığı reportajda Gəncədə valideynlərin etirazları baş vermişdi. Onlar şəhərin 37 saylı tam orta məktəbinin aylardır təmir olunmadığını bildirir, məktəbin təmirinə ayrılan vəsaitin mənimsənildiyini iddia edirdilər.
Bundan əlavə həm Fondun, həm də Velosiped İdman Federasiyasının rəhbər şəxslərinin birinci ailəyə yaxınlığı diqqət çəkir.
Belə ki, Federasiyanın prezidenti Zaur Axundov “Silk Way Group” şirkətinin prezidenti və icraçı direktorudur. Beynəlxalq və yerli jurnalist araşdırmalarında bu şirkətin prezident İlham Əliyevin qızları ilə əlaqəli olduğu qeyd olunur. Federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov da sözügedən aviaşirkətin müşahidə şurasında müşavir kimi fəaliyyət göstərir. Digər vitse-prezident Robert Eyyubov “Silk Way” prezidentinin müşaviridir və Prezidentin mühafizə xidmətinin keçmiş rəisi Bəylər Əyyubovun qardaşı oğludur.
Federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərov isə iqtisadiyyat nazirinin müavini olmaqla yanaşı, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun atasıdır.
Azərbaycan Velosiped İdman Federasiyasının saytında maliyyə hesabatları ilə bağlı məlumat yerləşdirilməyib. 2004-cü ildə yaradılan Heydər Əliyev Fondu da bu günə kimi ictimaiyyətə açıq maliyyə hesabatı dərc etməyib.
Mənbə: Qəzetçi