Rusiya və Almaniyadan olan siyasətçilərin Bakıda məxfi görüşü keçirilib

Foto: metamorworks\shutterstock

Almaniya deputatları həmin görüşdə iştirak edən həmkarlarından izahat tələb edirlər

Rusiya Federasiyası və Almaniya siyasətçiləri Azərbaycanın paytaxtı Bakıda gizli görüşüblər.

Bu barədə “Reuters” xəbər verir.

Bildirilir ki, bu, tərəflər arasında ilk belə görüş deyil. Görüşdə Ukraynada hərbi əməliyyatlar başlanandan sonra fəaliyyətini rəsmən dayandırmış “Peterburq dialoqu” forumunun gələcəyinin müzakirə edildiyi deyilir.

Görüşdə Almaniya tərəfindən Sosial Demokrat Partiyasından parlamentin məxfi xidmətlərə nəzarət üzrə komitəsinin üzvü Ralf Şteqner, Angela Merkelin keçmiş administrasiya rəhbəri Ronald Pofala və Almaniya əyalətlərinin iki keçmiş naziri iştirak edib.

Rusiyadan isə Bakıya Rusiyanın keçmiş baş naziri, “Qazprom”un Müşahidə Şurasının sədri Viktor Zubkov və Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının (İHŞ) rəhbəri Valeri Fadeyev gəlib.

Almaniyadan gələnlər “Reuters”ə Bakıda Rusiya nümayəndələri ilə görüşdüklərini təsdiqləyərək bildiriblər ki, “gərginliyin artdığı çətin vaxtlarda belə dialoq doğru xarici siyasətin əsas prinsipidir”. Eyni zamanda onlar görüşün rəsmi xarakter daşımadığını qeyd ediblər.

Almaniya Xarici İşlər Nazirliyi də “görüşlərin federal hökumət adından keçirilmədiyini və ya planlaşdırılmadığını” bildirib.

Onlar bildiriblər ki, Şteqner Bundestaqın kəşfiyyat komitəsinin üzvü kimi Rusiya və müharibə haqqında kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan qurumların fəaliyyəti ilə bağlı məxfi məlumatlara çıxış imkanına malikdir.

Azad Demokratlar Partiyasından olan deputat Mari-Agnes Strack-Zimmermann hətta sosial demokratı yeni müddət üçün komitəyə təyin etməməyə çağırıb.

Buna cavab olaraq, Şteqner bildirib ki, o, Bundestaq rəhbərliyinə planları barədə məlumat verməyib, səyahəti şəxsi məqsəd daşıyıb və bütün xərcləri öz cibindən ödəyib. O, həm özünün, həm də dövlətin təhlükəsizliyi üçün danışıqlar zamanı mobil telefonunu söndürdüyünü də deyib.

Bakıda görüşün kimlər tərəfindən və hansı ünvanda təşkil olunması barədə heç bir məlumat verilmir.

Ana səhifəSiyasətRusiya və Almaniyadan olan siyasətçilərin Bakıda məxfi görüşü keçirilib