Mütəllim Orucov 3 gün əvvəl, Malik Rzayev isə bu gün evindən aparılıb
Almaniyadan Azərbaycana deportasiya olunan aktivistlər Malik Rzayev və Mütəllim Orucovun polis tərəfindən saxlanıldığı bildirilir.
Mütəllim Orucov 3 gün əvvəl, Malik Rzayev isə oktyabrın 27-də evindən aparılıb.
Bu barədə Meydan TV-yə danışan Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı bildirib ki, onların hər ikisi iyun ayında Azərbaycana deportasiya olunub:
“Malik Rzayevin Bakı Şəhər Baş Polis İdarəsində saxlandığı deyilir. Mütəllim Orucov barəsində isə bu gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, külli miqdarda narkotikin satışında ittiham edilir”.
Jurnalistin deməsinə görə, Mütəllim Orucov iyunun 1-də deportasiya olunub. Elə Malik Rzayev də təxminən həmin ərəfədə Azərbaycana göndərilib. Hər ikisi Azərbaycana gələn kimi 14 gün karantində saxlanılıb:
“Həmin müddətdə onlardan izahat alıblar. Sonra buraxıblar. Mütəllim daha öncə yaşadığı Quba şəhərinə gedib. Amma sonradan onu Bakı şəhər Baş Prokurorluğuna da çağırıblar, bir dəfə də burada izahat verib. Qubada olduğu müddət isə dəfələrlə polis bölməsinə çağırılıb”.
Əfqan Muxtarlı deyir ki, Mütəllim Orucov sonuncu dəfə Quba rayon Polis İdarəsinə bu ayın 22-də dəvət edilib:
“Saat 6-da polis idarəsinə girib, gecə 11-də çıxıb. Oktyabrın 23-də isə evdə olarkən səhər saat 11-də yaşadığı ərazinin bələdiyyə sədri zəng edib. Deyib: “Çıx küçənin başına, gəlirəm”. Həmin gündən sonra ailəsi ondan xəbər ala bilməyib. Ta ki bu günədək”.
Əfqan Muxtarlı bildirir ki, deportasiya olunan hər iki aktivist Almaniyada dəfələrlə aksiyalar, tədbirlər təşkil edib, Azərbaycandakı ədalətsizliklərə, həbslərə etirazlarını bildiriblər. Jurnalistin deməsinə görə, hər iki aktivist “Facebook” sosial şəbəkəsində də tez-tez fikirlərini dilə gətirib:
“Son 5-6 ay ərzində Almaniyadan Azərbaycana xeyli insan deportasiya edilib. Təxminən 1000 nəfərə yaxın deportasiya olunan içində 3 nəfəri fəal olub. Onlardan da ikisini həbs ediblər”.
Əfqan Muxtarlı düşünür ki, Azərbaycan hakimiyəti deport olunanları həbs etməklə Avropada olanları qorxu icində saxlamaq istəyir. Siyasi fəaliyyətlə məşğul olmayan digər deport olunanlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən hazırlanmış izahatlara qol çəkdikdən sonra sərbəst buraxılır:
“Çox güman ki, həmin səmimi etiraflar əsasında yeni həbslər həyata keçiriləcək. Almaniyanın Azərbaycandakı səfirliyi məsələni diqqətdə saxlamalıdır. Deport olunub həbs edilən hər fəalla görə alman hökuməti məsuliyyət daşıyır. Düzgün araşdırma aparmadan siyasi fəalların deport edilməsinin məsuliyyəti onların üzərindədir. Siyasi fəallar deportasiya edildiyi halda, İlham Əliyevin açıq təbliğatçıları siyasi oturum alıb”.
Mütəllim Orucovun vəkili Nemət Kərimli onun həbsi ilə bağlı “Facebook” səhifəsində məlumat paylaşıb. Bildirib ki, Mütəllim Orucovu bələdiyyə sədri çağırıb. O, görüşə gedəndə cibinə 700 qram narkotik qoyub gedib? Vəkil bunu məntiqsiz adlandırıb:
“Həyat yoldaşı dediyinə görə, Mütəllim Orucova oktyabrın 22-də bələdiyyə sədri zəng edib və kəndin kənarına çağırıb. Ondan sonra ondan xəbər ala bilməyiblər. Bu gün məlum oldu ki, onun barəsində narkotik maddənin satışı ilə ittiham elan olunub və barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Şəxsi bələdiyyə sədri çağırır, o da cibinə 700 qram heroin qoyub onun yanına gedir? İlkin sənədlərə görə, ayın 23-də onun üzərində narkotika tapılıb. Bəs onda bu şəxs 1 gün harada olub? Bu barədə 102-yə də məlumat verilib”.
Məsələ ilə bağlı hələlik, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən (DİN) və Baş Prokurorluqdan məlumat almaq mümkün olmayıb.