Buna səbəb Almaniya Prezidentinin Ermənistana səfəri çərçivəsində separatçı rejimin “bayrağını” paylaşmasıdır
Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə XİN-dən məlumat verilib.
Qeyd olunub ki, görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi “Instagram” səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin “bayrağını” paylaşmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib.
Bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi diqqətə çatdırılıb.
Almaniya Prezidentinin bu paylaşımının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyi barədə bəyanatlara və davam edən sülh prosesinə zidd olduğu vurğulanıb.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin martın 30-da Cənubi Qafqaza səfəri başlayıb. Almaniya Prezident Ofisinin verdiyi məlumata görə, aprelin 2-dək davam edəcək səfər çərçivəsində o, əvvəlcə Yerevanda görüşlər keçirəcək, daha sonra Bakıya gələcək. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılıb.
Ermənistanda səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Yerevanda erməni həmkarı ilə keçirdiyi brifinqdə deyib ki, Almaniya Cənubi Qafqazda sabitlikdə maraqlıdır.