Almaniya “Russia Today”ın almanca yayımına qadağa qoydu

“Russia Today”, Foto: Sergei Elagin/shutterstock

Rusiya XİN adekvat addım atacaqlarını deyir

Fevralın 1-də Almaniyanın MAAB media tənzimləyicisinin qeydiyyat və nəzarət komissiyası Rusiyanın “Russia Today” telekanalının almanca versiyasının yayımını dayandırıb.

Qərarda telekanalın Almaniya ərazisində yayımlar üçün lisenziyasının olmadığı vurğulanıb.

“Almaniya qanunvericiliyinə görə telekanalın fəaliyyətinə başqa heç bir sənəd icazə verə bilməz”, – deyə qərarda bildirilib.

Azadlıq Radiosu “Russia Today”ın baş redaktoru Marqarita Simonyanın “Twitter” hesabına istinadən belə bir məlumat yayıb.

Məhkəməyə müraciət edəcəyini deyən baş redaktor bildirib ki, qadağa yalnız “RT DE Productions” şirkətinə aiddir və RT DE şirkəti Moskvadan yayınları davam etdirəcək.

“Kanalın Almaniyada və Avropanın daha 32 ölkəsində yayın hüququ var”, – Simonyan belə yazıb.

Marqarita Simonyan almanlara II Dünya savaşında Stalinqrad məğlubiyyətini də xatırladıb: “Almaniya tənzimləyicisinin ayrıca olaraq yadına salıram ki, bu gün Stalinqradın ildönümüdür. Yəni Stalinqrad qələbəsinin”.

Rusiyanın Xarici İşlər Nazirliyi Berlinin qərarına qarşı adekvat addım atacaqlarını deyib: “Rusiyanın narahatlıqları Almaniya tərəfindən nümayişkəranə şəkildə qulaqardına vurulub. Buna görə də Moskva Rusiyada akkreditə olunmuş Almaniya kütləvi informasiya vasitələrinə, habelə RT-nin hesablarını öz platformalarından silmiş internet vasitəçilərinə qarşı cavab tədbirlərinə başlayacaq”.

Azadlıq Radiosunun Rusiya xidməti yazır ki, yayınlara qadağan qoyulması məsələsini xarici işlər naziri Sergey Lavrov almaniyalı həmkarı Annalena Berbokla müzakirə etmişdi.

Annalena Berbok Lavrova: “Almaniyanın media tənzimləyicisi müstəqil qurumdur, qadağa da ölkə qanunvericiliyinə uyğun qoyulub”, – deyə cavab vermişdi.

“Russia Today”  2005-ci ildə təsis edilib.

Kanalın ingilis, fransız, ispan və ərəb dillərində yayınları və vebsaytları var.

Telekanal keçmiş sovet respublikaları Litva və Latviya da daxil dünyanın bir neçə ölkəsində qadağan olunub.

ABŞ “”Russia Today”ı  xarici agent kimi qeydiyyatdan keçməyə məcbur edib.

Böyük Britaniya telekanalın yayın lisenziyasını ləğv edəcəyi ilə hədələyib.

Ana səhifəDünyaAlmaniya “Russia Today”ın almanca yayımına qadağa qoydu