Alman aşırı sağ millət vəkili Rusiyanın təsirində ola bilər

Froynmayer dəfələrlə Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını tənqid edib və 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilən Krım torpaqlarına, o cümlədən pro-Rusiya separatçıları tərəfindən idarə edilən Şərqi Ukrayanaya səyahətlər edib

Source: google.com


Araşdırmalar zamanı sənəd ortaya çıxıb

“BBC Newsnight” tərəfindən əldə edilmiş sənədlərə görə Bundestaqdakı bir alman siyasətçi Rusiya tərəfindən "tamamilə nəzarət altında olan" millət vəkili ola bilər, – BBC xəbər verir.

Siyasətçi Markus Froynmayer (Frohnmaier) alman parlamentində aşırı sağ AfD Partiyasını təmsil edir.

Sənədlər 2017-ci ilin aprelinə aiddir və bu dönəmdə Froynmayer Bundestaqa namizəd idi. O, 2017-ci ilin sentyabrında millət vəkili seçilib.

AfD – Almaniya üçün Alternativ Partiya – hazırda alman parlamentində əsas müxalifət partiyasıdır.

Froynmayer dəfələrlə Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını tənqid edib və 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilən Krım torpaqlarına, o cümlədən pro-Rusiya separatçıları tərəfindən idarə edilən Şərqi Ukrayanaya səyahətlər edib.

Sənədlər Kremlin xaricdəki siyasətçilərə təsiretmə cəhdlərini araşdıran “Dossier Centre” adlı təşkilat tərəfindən əldə edilib.

“Dossier Centre” Rusiya Prezidenti Vladimir Putinin opponenti və təxminən 10 il həbsxana həyatı sürmüş Mixail Xodorkovski tərəfindən maliyyələşdirilir.

Bu araşdırma alman jurnalı “Der Spiegel”, alman televiziyası ZDF və italyan qəzeti “La Republica” tərəfindən aparılıb.

Sənədlər Rusiyanın Qərb siyasətinə təsirini əks etdirir. Rus dilində yazılmış əsas sənəd strateji sənəd olub, bütün Avropada Krım, Ukrayna və Rusiya əleyhinə Avropa Birliyi sanksiyaları haqda qərarvericilərə və ictimai fikrə təsir etmək planlarını əks etdirir.

Sənədin sonunda xüsusi bir qeyd var. “Bundestaqa seçkilər” başlığı altında sənəddə bir namizədin, Markus Froynmayerin adı qeyd edilir. Bildirilir ki, Froynmayerin Bundestaqa seçilmə şansı yüksəkdir və onun seçki kampanyasına dəstək tələb edilir. Daha sonra sənəddə Froynmayerin Moskva üçün önəmi vurğulanır. “Əgər o, alman parlamentinə seçilərsə biz Bundestaqda mütləq nəzarətə sahib olacağıq,” – sənəddə vurğulanır.

2017-ci ilin aprelinə aid digər sənəddə isə Froynmayerin seçki kampanyasına dəstək tələb edilir.

“Maddi dəstəkdən əlavə media dəstəyinə də ehtiyacımız var. Rusiya mediasına çıxış, intervyu , reportajlar və s. məsələsində bizə kömək edə bilər,”- sənəddə qeyd edilir.

Sənəddə söz verilir ki, Froynmayer kampaniya zamanı “Rusiya Federasiyası ilə yaxşı əlaqələr – sanksiyalar, Avropa Birliyinin Rusiyanın daxili siyasətinə müdaxiləsi” mövzularına fokuslanacaq. Seçildiyi təqdirdə isə Froynmayerin “dərhal xarici siyasət sahəsində fəaliyyət göstərəcəyi” gözlənilir.

Froynmayer BBC-ə bildirib ki, “Dossier Centre” tərəfindən əldə olunmuş və onun haqda iddialar irəli sürən bu sənəd haqda heç bir bilgisi yoxdur. O sənədi “saxta” adlandırıb və üçüncü tərəfin təsiri altında olmadığını bildirib.

Ana səhifəDünyaAlman aşırı sağ millət vəkili Rusiyanın təsirində ola bilər