Alla Puqaçovanının qızına Rusiyada qadağa

Kristina Orbakayte. Foto: Facebook

Merin tələbindən sonra Orbakaytenin növbəti konserti ləğv edilib

Rusiyanın Əməkdar artisti, estrada müğənnisi Kristina Orbakaytenin yaradıcılıq fəaliyyətinə maneələrin davam etdiyi bildirilir.

Müğənninin martın 19-da Vladivostokda planlaşdırılan konserti şəhərin meri Konstantin Şestakovun tələbi ilə ləğv edilib.

Bildirilir ki, fevralın 7-də mer konsert təşkilatçılarına Orbakaytenin çıxışının ləğv edilməsi ilə əlaqədar məktub göndərib.

Vladivostok administrasiyası bildirib ki, hakimiyyətin qərarına “Rusiya Mədəniyyət Cəbhəsi” ictimai hərəkatının müraciəti təsir edib.

İctimai təşkilatlar Orbakaytenin digər çıxışlarını – Blaqoveşenskdə martın 15-i və 16-na planlaşdırılan konsertlərini də ləğv etməyə çalışırlar.

Müğənninin daha öncə Bratsk, Krasnoyarsk və İrkutskda keçirilməsi planlaşdırılan konsertləri də ləğv edilib.

Kristina Orbakayte ərinin ABŞ-da biznesi olduğu üçün, həm Rusiyada, həm də Amerikada yaşayır.

2022-ci ilin oktyabrında yerli tabloidlər Orbakaytenin ölkəsini tərk edərək Amerikaya köçdüyünü yazandan sonra müğənni sosial şəbəkədə Rusiyada olduğunu göstərən fotolar paylaşmışdı.

Orbakaytenin Rusiyanın şəhərlərindəki konsertlərinin ləğvi kampaniyası 2023-cü ilin dekabrında mediada müğənninin ABŞ-dan qayıdıb, “İlin mahnısı”nda çıxış etməsi barədə xəbərlərdən sonra başlayıb.

Kristina Orbakayte Rusiyanın Xalq artisti, estrada müğənnisi Alla Puqaçovanın qızıdır.

Alla Puqaçova Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ölkəsini tərk edib.

Puqaçovanın əri, müharibəyə qarşı çıxan aktyor Maksim Qalkin Rusiyada “xarici agent” elan edilib.

Ardınca Alla Puqaçova Rusiya Ədliyyə Nazirliyinə onu da “xarici agent” kimi tanımağa çağırıb.

“Məni sevimli ölkəmin xarici agentləri sırasına yazmağınızı xahiş edirəm, çünki həyat yoldaşımla həmrəyəm. Çünki o, vicdanlı, ləyaqətli və səmimi insandır, vətənə firavanlıq, dinc həyat, söz azadlığı arzulayan və ölkəmizi gözdən salan və xəyali məqsədlər üçün övladlarımızın ölümünə son qoyulmasını arzulayan Rusiyanın əsl vətənpərvəridir”, – Alla Puqaçova bildirib.

Fəallar Puqaçovadan Rusiya Baş Prokurorluğuna şikayət etsələr də, sənətçiyə qarşı heç bir iş açılmayıb.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayandan sonra bir çox rus sənətçiləri-müğənni, aktyor və digərləri buna etirazlarını bildiriblər. Hətta müharibənin əleyhdarlarının əksəriyyəti Rusiyanı tərk edib.

Ukraynanın maraqlarından çıxış etməkdə ittiham edilən bəzi tanınmışlar isə “xarici agentlər” siyahısına salınıblar.

Ana səhifəDünyaAlla Puqaçovanının qızına Rusiyada qadağa