“Danışmağa başlasam, susmayacağam”
Xalq artisti, müğənni Alla Puqaçova müharibə əleyhinə mövqeyinə görə Rusiyada sıxışdırılan əri, yumorist Maksim Qalkini müdafiə etməyə hazır olduğunu deyib.
Bu barədə sənətçinin ailə dostu, qalereyaçı Marat Gelman “YouTube”da yayımlanan “И грянул Грэм ” layihəsində danışıb.
Gelman Puqaçova ilə İsrailin Təl-Əviv şəhərində keçirilən “SlovoNovo” forumu zamanı görüşdüyünü bildirib.
O, Ukraynada müharibə başlayandan sonra müğənnini susmaqda ittiham edənlərin yanıldığını deyib:
“Alla döyüşçü kimi təsnif edilməməlidir. O, özünü ictimai xadim hesab etmir. Baş verənləri isə dəlilik sayır”.
“Puqaçova Rusiya hakimiyyəti ilə döyüşmək cəhdindən daha çox ukraynalılara görə narahatdır. Bununla belə, o deyir ki, əgər Maksimə qarşı iş açsalar, o zaman danışmağa başlayacağam və susmayacağam”, – Gelman müsahibəsində bildirib.
Fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Maksim Qalkin və Alla Puqaçova övladları ilə birlikdə İsrailə gediblər.
Alla Puqaçova müalicə və istirahət üçün ölkəni tərk etdiyini deyib.
Maksim Qalkin isə “İnstagram” səhifəsində Rusiyanın Ukraynada başlatdığı müharibəni pisləyib.
Bundan sonra Rusiya mətbuatında Maksim Qalkinə qarşı cinayət işi açıla biləcəyi ilə bağlı məlumatlar yayılıb.