Zaur Qurbanlı: “Ümid edirik ki, ədalət 8 il sonra belə olsa, bərqərar olacaq və haqqımızda bəraət qərarı çıxarılacaq”
Noyabrın 19-da Ali Məhkəmənin Plenumunun iclası keçiriləcək. İclasda “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvü – Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin də işinə Avropa Məhkəməsinin qərarı əsasında baxılması gözlənilir. Bu barədə Zaur Qurbanlı məlumat verib.
Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən qurum – Avropa Şurası Nazirlər Komitəsi hələ 2020-ci il martın 5-də aralıq qətnamə qəbul edərək, 8 nəfər ictimai-siyasi fəalın işinə yenidən baxılması üçün Azərbaycana çağırış etmişdi. Bunun üçün aprelin 30-na qədər müddət də müəyyənləşdirilmişdi.
Sözügedən 8 nəfər ReAL sədri İlqar Məmmədov, partiyanın İdarə Heyətinin üzvü Rəsul Cəfərov, hüquq müdafiəçisi İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədov və dörd nəfər keçmiş “Nida”çı idi. Avropa Məhkəməsi bu səkkiz nəfərin hamısının işində Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə məhdudiyyətlərdən sui-istifadənin yolverilməzliyi) maddələrinin pozuntusunu tanıyıb. Başqa sözlə, Avropa Məhkəməsi adları çəkilən şəxslərin siyasi motivlərlə həbs olunduğunu, onların işinə Azərbaycan məhkəmələrində qanuna uyğun, ədalətli baxılmadığını təsdiqləyib.
“Komitə Azərbaycanın bu qrupdan olan ərizəçilərin hüquqlarını bərpa etməməsindən dərin təəssüf hissi keçirir. Hakimiyyəti 8 ərizəçinin hamısının barəsindəki ittiham hökmünü təxirəsalınmaz şəkildə ləğv etməyə, onların mülki və siyasi hüquqlarının tam bərpasını təmin etməyə çağırırıq.
Avropa Məhkəməsi onları cəzalandırmaq və susmağa məcbur etmək üçün cinayət hüququndan istifadəni qanunsuz sayıb. Məhkəmə belə nəticəyə gəlib ki, onların haqqında verilən qərarlar hökumətin cinayət hüququndan qanunsuz istifadə edərək, tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını və hüquq müdafiəçilərini cəzalandırmasını əks etdirib”, – Nazirlər Komitəsinin martın 5-də qəbul etdiyi sənəddə bildirilirdi.
8 nəfərlik qrupun işilə bağlı görülən tədbirlər haqda Nazirlər Komitəsinə hesabat üçün Azərbaycan hökumətinə 2020-ci il aprelin 30-na qədər vaxt verilmişdi. Lakin hökumət o vaxta qədər 8 nəfərdən yalnız ikisi ilə bağlı çağırışa müsbət cavab verdi. Ali Məhkəmənin Plenumu 2020-ci ilin aprelində İlqar Məmmədov və Rəsul Cəfərovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verdi.
Qanunsuz həbsdə saxlandığına görə ReAL sədrinə 234 min, Rəsul Cəfərova isə 57 min 400 manat kompensasiya verildi. İlyarımdan çox keçsə də, qalan 6 nəfərin işindən heç bir xəbər yox idi.
Zaur Qurbanlı deyir ki, Plenumun noyabrın 19-da keçiriləcək iclasından gözləntisi var: “Gözləntimiz odur ki, Ali Məhkəmə Azərbaycanın aşağı instansiya məhkəmələri tərəfindən pozulmuş, Avropa Məhkəməsi tərəfindən pozuntusu təsdiqlənmiş hüquqlarımızı bərpa etsin, haqqımızda bəraət qərarı çıxarsın”.
Zaur Qurbanlı eyni zamanda, bundan öncə İlqar Məmmədov və Rəsul Cəfərovun işində olduğu kimi, onlara münasibətdə də ədalətli kompensasiya təyin olunmasını istəyir.
“Ümid edirik ki, ədalət 8 il sonra belə olsa, bərqərar olacaq və haqqımızda bəraət qərarı çıxarılacaq”, – Zaur Qurbanlının sözləridir.
Avropa Şurası Nazirlər Komitəsinin aralıq qətnaməsində adı olanlardan Anar Məmmədli isə Meydan TV-yə bildirib ki, noyabrın 19-da keçiriləcək Plenumun iclasında onun məsələsinə baxılıb-baxılmayacağı haqda məlumatı yoxdur: “Mənə nə məhkəməyə çağırış gəlib, nə də məlumat verilib”.
NİDA Vətəndaş Hərəkatının keçmiş üzvləri 2013-cü ilin martında kütləvi iğtişaşların təşkili, qanunsuz silah saxlama kimi ittihamlarla həbs olunmuş, onlara 6 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası kəsilmişdi. Onların bəziləri 2, bəziləri isə 4 il sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Bir nəfər – İlkin Rüstəmzadə 2019-cu ilin martına qədər həbsdə saxlanmışdı.
“Nida”çılar kütləvi iğtişaşların təşkili məqsədilə “Molotov kokteyli” hazırlanması, evlərindən tapılması və s. haqda ittihamların yalan olduğunu, 2013-cü ildə təşkil olunan “Əsgər ölümlərinə son!” aksiyasına görə cəzalandırıldıqlarını bəyan edirdi.
Avropa Məhkəməsi adları çəkilən 8 nəfərdən sonra araşdırmaçı jurnalist Xədicə İsmayılova, Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazmış Qiyas İbrahimov və mərhum Bayram Məmmədov, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus və digərlərinin işində də Konvensiyanın 18-ci maddəsinin pozuntusunu tanıyıb.
Ümumiyyətlə, Avropa Məhkəməsi tarixində Konvensiyanın 18-ci maddəsinin ən çox tanındığı ölkə Azərbaycandır.